2024-02-27

Sankt-Peterburqda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir “Sankt-Peterburq və Leninqrad vilayəti Azərbaycan Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatı və Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun birgə təşkilatçılığı ilə keçirilib.

Tədbir Xocalı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış, Xocalı soyqırımının səbəbləri və onu törətmiş şəxslərdən bəhs edən tarixi məlumatlardan ibarət videoçarx nümayiş olunub.

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov Xocalı soyqırımının tarixi barədə danışıb. O vurğulayıb ki, 1992-ci il fevralın 26-da baş vermiş qanlı faciə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində bütün dünyada tanıdılır. Diplomat qeyd edib ki, Xocalının işğaldan azad edilməsindən sonra soyqırımı günahkarlarının bir çoxu cəzalarına çatdırılıb.

İctimai təşkilatın icraçı direktoru Rəşadə Orucova “Sankt-Peterburq və Leninqrad vilayəti Azərbaycan Milli-Mədəni Muxtariyyəti” regional birliyinin sədri Vaqif Məmişovun adından qonaqları salamlayıb. O qeyd edib ki, Rusiya Federasiyasının şimal paytaxtının Azərbaycan diasporu hər il qanlı faciə qurbanlarının xatirəsini yad etmək üçün toplaşır.

Sankt-Peterburqun Millətlərarası münasibətlər və miqrasiya siyasətinin həyata keçirilməsi Komitəsi sədrinin müavini Andrey Druşlyakov Azərbaycan xalqına başsağlığı verib və həlak olanların xatirəsinin yaşadılmasının zəruriliyini qeyd edib.

Azərbaycan Gənclər Birliyinin sədri Elman Manafov gənc nəslin Xocalı soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, sosial şəbəkələr və müasir resurslar vasitəsilə bu faciə haqqında həqiqətlərin dünyaya yayılması işinə cəlb olunmasının zəruriliyini vurğulayıb.

Tədbirin sonunda həlak olanların ruhuna müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub, ehsan verilib.

Arxiv üzrə axtarış