İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR

1992-ci il aprelin 4-də Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik münasibətlər yaradılması haqqında protokol imzalanmışdır. Ötən dövrdə Rusiya və Azərbaycan xalqları arasında bərabərhüquqlu, qarşılıqlı faydalı və konstruktiv münasibətlərin ənənəvi dostluq və mehriban qonşuluq ruhunda hərtərəfli möhkəmlənməsinə yönəlmiş ikitərəfli əməkdaşlıq yüksək səviyyəyə çatdırılmışdır.

Azərbaycan-Rusiya tərəfdaşlığının strateji xarakteri ikitərəfli baza sənədlərində - Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 3 iyul 1997-ci il tarixli müqavilədə, Bakı (2001-ci və 2008-ci illər) və Moskva (2008-ci il) bəyannamələrində təsbit edilmişdir.

11 noyabr 2004-cü ildə Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında ticarət-iqtisadiyyat, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlığa dair Saziş iqtisadi əlaqələrin gələcək inkişafına müsbət təsir etmişdir.                      

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Dostluq və strateji tərəfdaşlıq haqqında 3 iyul 2008-ci il tarixli Bəyannamə, xüsusən Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn hamı tərəfindən tanınmış norma və prinsipləri əsasında, ilk növbədə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri barədə müddəanın, habelə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT-in qərarlarına riayət edilməsinin təmin olunması əsasında tezliklə tənzimlənməsinin vacibliyi haqqında müddəalarının əhəmiyyətini təsdiqləyir.              

2010-cu il sentyabrın 3-də Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Dövlət Sərhədi haqqında Müqavilə imzalanması ikitərəfli münasibətlərin daha da genişlənməsi və möhkəmlənməsi yolunda mühüm hadisə olmuşdur.

  1. Müqavilə-hüquq bazası:

Məlum olduğu kimi, Azərbaycanın Rusiya ilə iqtisadiyyat və ticarət sahələrindəki əlaqələri Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyasının subyektləri arasında imzalanan saziş və protokollar əsasında həyata keçirilir. Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında regional əməkdaşlıq aşağıda göstərilən hüquqi baza əsasında həyata keçirilir.

Azərbaycan Respublikası Hökuməti ilə RF Sankt-Peterburq Hökuməti arasında ticarət-iqtisadiyyat sahəsində əməkdaşlığa dair 22 avqust 1998-ci il tarixli niyyət Protokolu;

Azərbaycan Respublikası Hökuməti ilə RF Sankt-Peterburq şəhər administrasiyası arasında ticarət-iqtisadiyyat, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlığa dair 22 avqust 1998-ci il tarixli Saziş;

Azərbaycan Respublikası Hökuməti ilə RF Sankt-Peterburq Hökumətinin nümayəndə heyətləri arasındakı danışıqlara dair 11 noyabr 2004-cü il tarixli Protokol;

Azərbaycan Respublikası Hökuməti ilə RF Sankt-Peterburq Hökuməti arasında ticarət-iqtisadiyyat, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlığa dair 11 noyabr 2004-cü il tarixli Saziş. Sənəd 24 yanvar 2005-ci il tarixində qüvvəyə minmişdir.

05 aprel 2017-ci il tarixində Azərbaycan Respublikası və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında İqtisadi və Humanitar Əməkdaşlıq Komissiyasının ilk iclasının protokolu imzalanıb. Sənəddə tərəflərin təsərrüfat subyektləri arasında birbaşa əlaqələrin genişləndirilməsi, Azərbaycan sahibkarlarının Sankt-Peterburq ərazisində keçirilən yarmarkalarda iştirakı, qarşılıqlı maraq kəsb edən sahələrdə birgə müəssisələrin yaradılması və s. sahələrdə əməkdaşlıq və birgə tədbirlər nəzərdə tutulur.

  • Yüksək səviyyəli rəsmilərin Bakı və Sankt-Peterburq şəhərinə baş tutmuş səfərləri:

 

8-9 iyun 2002-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Sankt-Peterburqda rəsmi səfərdə olub. Səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyev Piskaryov anıt kompleksini ziyarət edib. Həmçinin onun iştirakı ilə Kamenoostrovskiy prospektində Azərbaycanın dahi şairi Nizaminin heykəlinin təntənəli açılışı baş tutub. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşüb;

 

2004-cü ilin noyabr ayında Sankt-Peterburqun qubernatoru Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdə olub. Səfər çərçivəsində “Sankt-Peterburq – Azərbaycan Respublikası” başlığı altında biznes forum təşkil edilib, Peterburq kino günləri keçirilib və əməkdaşlığa dair bir sıra sənəd imzalanıb;

 

13-14 iyun 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sankt-Peterburqda səfərdə olub, səfər çərçivəsində dövlət başçısı IX Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda iştirak edib;

 

9-10 iyun 2007-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sankt-Peterburqda səfərdə olub, səfər çərçivəsində cənab Prezident MDB üzv dövlət başçılarının sammitində iştirak edib;

 

5-7 iyun 2008-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sankt-Peterburqda səfərdə olub və XII Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumu çərçivəsində keçirilən MDB üzv dövlətin başçılarının sammitində iştirak edib;

 

4-5 iyun 2009-cu ildə tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sankt-Peterburqda səfərdə olub, səfər çərçivəsində dövlət başçısı XIII Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda iştirak edib və Rusiya Federasiyasının Prezidenti Dmitriy Medvedevlə görüşüb;

 

17 iyun 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sankt-Peterburqda rəsmi səfərdə olub və Sankt-Peterburqun Konstantinovsky sarayında Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşüb;

 

13 avqust 2013-cü ildə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Bakıya rəsmi Səfəri baş tutub, Səfər çərçivəsində Rusiyanın dövlət başçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü baş tutub;          

 

30 sentyabr – 02 oktyabr 2015-ci il tarixlərində Sankt-Peterburqun qubernatoru cənab Georgiy Poltavçenkonun Bakıya rəsmi səfəri baş tutmuşdu. Səfər çərçivəsində G.Poltavçenko Sankt-Peterburq hökumətindən və iş adamlarından ibarət nümayəndə heyəti ilə birlikdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilib. Bakıya rəsmi səfəri çərçivəsində Sankt-Peterburqun qubernatoru Georgiy Poltavçenko Baş nazirin müavini Eyyub Yaqubovla görüşüb.

 

                                              

20 iyun 2016-cı ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Sankt-Peterburqda işgüzar səfərdə olub. Sankt-Peterburqun Konstantinov sarayında Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistan Prezidenti Serj Sarkisyanın iştirakı ilə üçtərəfli formatda görüş keçirilib. Görüş əsnasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda danışıqlar prosesinin davam etdirilməsi müzakirə olunub, prezidentlərin görüşünün yekunlarına dair birgə bəyanat qəbul edilib

 

08 avqust 2016-cı ildə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli Zirvə görüşündə iştirak etmək üçün Azərbaycan Respublikasına gəlib. Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında görüş baş tutub.

  1. Hökumətlərarası əməkdaşlıq:

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı əməkdaşlıq stabil olaraq inkişaf etməkdədir. Dolğun siyasi dialoq və ən başlıcası iki ölkənin ali rəhbərlərinin mütəmadi şəxsi əlaqələri bu əməkdaşlığa yüksək dinamika gətirir. Fəal parlamentlərarası əlaqələr çox müsbət rol oynayır. Ölkəmizin Rusiya Federasiyası ərazisində üç diplomatik nümayəndəliyi fəaliyyət göstərir. Bunlar Moskva şəhərindəki Səfirlik, Sankt-Peterburq və Yekaterinburq şəhərlərindəki Baş konsulluqlardan ibarətdir.

Azərbaycan Respublikasinin Sankt-Peterburqdakı Baş konsulluğunun fəaliyyət sahəsinə Rusiya Federasiyasının Şimal-Qərb federal dairəsinin Kareliya Respublikası, Komi Respublikası, Nenetsk muxtar dairəsi, Arxangelsk, Voloqodsk, Kalininqrad, Murmansk, Novqorod, Pskov, Leninqrad vilayəti və regionun federal əhəmiyyətli administrativ mərkəzi Sankt-Peterburq şəhəri daxildir.

9-12 iyun 2013-cü il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadənin başçılıq etdiyi heyət Sankt-Peterburqda səfərdə olub və Boris Yeltsin adına Rusiya Prezident Kitabxanasının rəhbərliyi ilə görüşüb. Görüş çərçivəsində AMEA ilə Prezident Kitabxanası arasında əməkdaşlıq məsələləri müzakirə edilib; 

23-24 iyun 2014-cü il tarixində Sankt-Peterburqun nümayəndə heyəti “Regionlararası əməkdaşlıq: inkişafın yeni imkanları” başlığı altında Qəbələdə keçirilmiş V Rusiya-Azərbaycan Forumunda iştirak ediblər;

 

17 iyun 2015-ci ilin tarixində Sankt-Peterburqda MDB İqtisadi şurasının 66-cı iclası keçirilmişdi. İclasda ölkəmizi Nazirlər Kabinetinin MDB ölkələri ilə iqtisadi əlaqələr şöbəsinin baş məsləhətçisi Ayaz Rəfiyev təmsil etmişdir. 

03 may 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Qasımov Sultan Məhəmməd oğlu Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki Azərbaycan Respublikasının Baş konsulu vəzifəsinə təyin edilib.

Təyinatından sonra Baş konsul Sultan Qasımov Sankt-Peterburq Hökumətinin nümayəndələri ilə görüşlər keçirib. Baş konsul Sankt-Peterburqun qubernatoru Georgiy Poltavçenko, Xarici Əlaqələr Komitəsinin sədri Yevgeniy Qriqoryevlə, RF Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı nümayəndəsi Vladimir Zapevalovla, MDB Parlamentlərarası Assambleyasının Baş katibi Sergey Alekseyevlə, Sankt-Peterburqun  Qanunverici Qurumunun sədri Vyaçeslan Makarovla görüşlər keçirib. Baş konsul Sultan Qasımov həmçinin Sankt-Peterburq Hökumətinin Sahibkarlığın inkişafı və istehlak bazarının inkişafı Komitəsi, Turizmin inkişafı Komitəsi, Nəşriyyat və kütləvi informasiya vasitələri ilə əlaqələr Komitəsinin rəhbərləri ilə görüşüb. Görüşlər zamanı Baş konsul Sultan Qasımov Sankt-Peterburq hökumətinin üzvləri ilə Azərbaycanla Sankt-Peterburq və Şimal-Qərb federal dairəsinin digər subyektləri ilə regional əməkdaşlıq məsələlərini müzakirə edib.

 

20 iyun 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sankt-Peterburqa işgüzar səfəri zamanı Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov nümayəndə heyəti tərkibində dövlət başçısını müşayiət etmişdir.

5-7 sentyabr 2016-cı il tarixində Sankt-Peterburqda MDB ölkələri Daxili İşlər Nazirləri Şurasının iclası keçirilmişdir. Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Daxili İşlər Naziri Ramil Usubov təmsil edib. Görüş zamanı mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlığa dair dövlətlərarası proqramların tətbiqi məsələləri müzakirə edilmişdir.

29 sentyabr 2016-cı il tarixində Sankt-Peterburqda MDB ölkələri Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclası keçirilib. İclasda Azərbaycanı müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov təmsil edib.

28-30 sentyabr 2016-cı il tarixlərində Sankt-Peterburqda “Həyat təhlükəsizliyi naminə təhlükəsiz yollar” adlı beynəlxalq konqres keçirilib. Tədbirdə ölkəmizi Daxili İşlər Nazirinin müavini, polis general-leytenantı Oruc Zalov  nazir müavini, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov təmsil ediblər.

01 noyabr 2016-ci il tarixində Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Rusiya Federasiyasının İqtisadi inkişaf Nazirliyinin təşkilatçılığı ilə VII Azərbaycan-Rusiya Regionlararası Forum keçirilib. Forumda Sankt-Peterburq Hökumətinin Xarici Əlaqələr Komitəsinin MDB ölkələri və Rusiya regionları üzrə informasiya idarəsinin rəisi və Sahibkarlığın inkişafı və istehlak bazarının inkişafı Komitəsinin rəhbərliyi iştirak ediblər. Tədbir çərçivəsində Sankt-Peterburq Hökumətinin nümayəndələri Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirinin müavini, iqtisadi və humanitar əməkdaşlıq üzrə Hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahib Məmmədovla görüşüblər. Görüş zamanı tərəflər iqtisadi və humanitar əməkdaşlıq üzrə Hökumətlərarası komissiyanın birinci iclasının 2017-ci ilin mart ayında Sankt-Peterburqda keçirilməsinə dair razılıq əldə ediblər.

2016-cı ilin 1-3 dekabr tarixlərində keçirilən V Sankt-Peterburq beynəlxalq mədəniyyət forumda Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin birinci müavini V.Əliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iştirak etmişdir.

04-05 aprel 2017-ci il tarixlərində Sankt-Peterburq şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar əməkdaşlıq Komissiyasının ilk iclası keçirilib. İclasda Azərbaycan hökumətinin nümayəndə heyətinə İqtisadiyyat nazirinin müavini, Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən təyin edilmiş həmsədri Sahib Məmmədov başçılıq edib. Səfər nəticəsində Azərbaycan Respublikası və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında İqtisadi və Humanitar Əməkdaşlıq Komissiyasının ilk iclasının protokolu imzalanıb. Sənəddə tərəflərin təsərrüfat subyektləri arasında birbaşa əlaqələrin genişləndirilməsi, Azərbaycan sahibkarlarının Sankt-Peterburq ərazisində keçirilən yarmarkalarda iştirakı, qarşılıqlı maraq kəsb edən sahələrdə birgə müəssisələrin yaradılması və s. sahələrdə əməkdaşlıq və birgə tədbirlər nəzərdə tutulub.

 Parlamentlərarası əlaqələr:

Sankt-Peterburqun tarixi mərkəzi - Tavriçeskiy sarayında Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının qərargahı yerləşir. MDB Parlamentlərarası Assambleyası tərəfindən üzv dövlətlərin iştirakı ilə son illər ərzində keçirilmiş iclaslara və Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin səfərlərinə dair qısa xülasə təqdim olunur:

19-20 may və 21-23 noyabr 2012-ci il tarixlərində Sankt-Peterburqda Tavriçeskiy sarayında MDB üzv dövlətlərinin Parlamentlərarası Assambleyasının plenar iclasları keçirilib. Azərbaycan Respublikasını tədbirlərdə Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib;

 

28-29 noyabr 2013-cü il tarixində Sankt-Peterburqda təşkil olunan MDB üzv dövlətlərinin Parlamentlərarası Assambleyasının növbəti plenar iclasında iştirak etmək məqsədi ilə Azərbaycan Respublikasını Milli Məclisinin sədri Oqtay Əsədov Sankt-Peterburqda səfərdə olub;

19-20 may və 24-25 noyabr 2016-ci il tarixlərində Sankt-Peterburqda Tavriçeskiy sarayında MDB üzv dövlətlərinin Parlamentlərarası Assambleyasının plenar iclasları keçirilib. Azərbaycan Respublikasını tədbirlərdə Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib;

 

23 dekabr 2016-cı il tarixində Sankt-Peterburqun Qanunvericilik Orqanının sədri Vyaçeslav Makarov Mariinskiy sarayında MDB Parlamentlərarası Assambleyasının üzvləri və MDB ölkələrinin Sankt-Peterburqda akkreditə olunmuş konsulluq rəhbərləri ilə görüşüb. Tədbirdə Baş konsul Sultan Qasımov iştirak edib.

27-28 mart 2017-ci il tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Assambleyasının (PA) yaz sessiyasının açılışı olub. Tədbirdə Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi altında Azərbaycan nümayəndə heyəti iştirak edib. İclasda Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko Milli Məclisin sədri Oqtay Əsədova layiq görüldüyü MDB PA-nın 25 illik yubileyi medalı təqdim edib.           

28 mart 2017-ci il tarixində Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Mariinskiy sarayında Sankt-Peterburqun Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarovla görüşüb. Görüşdə Baş konsul Sultan Qasımov iştirak edib.       

 

  1. İqtisadi əməkdaşlıq:

Azərbaycan Respublikası və Sankt-Peterburqda nümayəndə heyətlərinin iştirakı ilə davamlı olaraq iqtisadi, siyasi və humanitar sahələrdə müxtəlif məzmunlu beynəlxalq səviyyəli tədbirlər, konfrans, forum və sərgilər keçirilir. Bu tədbirlər əsnasında Azərbaycanın inkişafda olan iqtisadiyyatı, zəngin mədəniyyəti, turizm potensialı yerli ictimaiyyətə təqdim edilir, istehsalat sahələri və kənd təsərrüfatı məhsullarının Sankt-Peterburq bazarlarına çıxarılması istiqamətində işlər aparılır.

 

2004-cü il 11 noyabr tarixində Bakı şəhərində imzalanmış Azərbaycan Respublikasının Hökuməti və Rusiya Federasiyası Sankt-Peterburqun Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni sahələrdə əməkdaşlıq haqqında Saziş ticarət-iqtisadi münasibətlərin gələcək inkişafına hüquqi zəmin yaratdı və müsbət təsir etdi.

 

“Azərbaycan Hava Yolları” Dövlət Konserni və Sankt-Peterburqda müəyyən edilmiş hava nəqliyyat daşıyıcıları tərəfindən Sankt-Peterburq-Bakı və geriyə marşrutu üzrə uçuşların sayı həftədə 8-dək artırılıb, o cümlədən Sankt-Peterburqdan ölkəmizin digər şəhərlərinə - Gəncə və Lənkərana olan istiqamətlər üzrə reyslər həftə üzrə 2 dəfə həyata keçirilir.                                                                                                             

 

Azərbaycan Respublikası Energetika Nazirliyi ilə Sankt-Peterburqun İnvestisiyalar üzrə Komitəsinin birgə səyləri nəticəsində tərəflər arasında maşınqayırma, cihazqayırma, neft-kimya, qida sənayesində, o cümlədən kənd təsərrüfatı sahəsində böyük və kiçik sənaye istehsalatçıları arasında əlaqələrin qurulması vasitəsi ilə əməkdaşlığın genişləndirilməsi təmin edilib.

 

Sankt-Peterburq Hökumətinin Xarici Əlaqələr Komitəsinin məlumatına istinadən 2015-ci ildə Azərbaycanla Sankt-Peterburq arasında mal dövriyyəsi 2014-cü illə müqayisədə 38% aşağı düşüb və 91,2 milyon ABŞ dolları təşkil edib. Bu göstəricilər əsasında Azərbaycan Sankt-Peterburqun ticarət tərəfdaşları sırasında 47-ci yer, MDB ölkələri arasında 3-cü yer tutub.

 

2015-ci ildə ixracat 40% azalaraq 84,1 milyon ABŞ dolları təşkil edib. Bu göstəricilər əsasında Azərbaycan Sankt-Peterburqun ticarət tərəfdaşları sırasında 27-ci yer, MDB ölkələri arasında isə 2-ci yeri tutub.

 

İxracatın 74% tütün, 5% müxtəlif qida, buğda və undan hazır məhsullar, şüşə və şüşə məmulatları, yol nəqliyyat vasitələri 2% və digər mallar təşkil edib. İdxalat isə 2015-ci il ərzində 7,0 milyon ABŞ dolları təşkil edib. Bu göstəricilər əsasında Azərbaycan Sankt-Peterburqun ticarət tərəfdaşları sırasında 76-ci yer, MDB ölkələri arasında isə 3-cü yeri tutub.

 

2014-cü il ilə müqayisədə idxalat 12% azalıb. İdxal olunan məhsullar arasında 54% meyvə və cəviz, 39% tərəvəz, 4% meyvə-tərəvəzin emalı məhsulları və digər mallar təşkil edib.

           

2016-ci ilin yanvar-avqust ayları ərzində Sankt-Peterburqla Azərbaycan arasında ticarət dövriyyəsinin 2015-ci illə müqayisədə 32% aşağı düşdüyü və 41,1 milyon ABŞ dolları təşkil edib. Tutun, odun və qida məhsullarının ixracatının azalması nəticəsində ixracatın ümumi göstəricisi 35% azalıb və 36,3 milyon ABŞ dolları təşkil edib. Sankt-Peterburq Administrasiyasının Xarici Əlaqələr Komitəsinin məlumatında idxalatın isə tərəvəz, kitab və reproduksiya məhsulları sayəsində 11% artaraq 4,8 milyon ABŞ dolları təşkil etdiyi bildirilib.

 

Sankt-Peterburqun statistikasına əsasən 2016-cı ildə Azərbaycan Respublikası ilə Sankt-Peterburq arasında ticarət dövriyyəsi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 24% azalmış və 69,5 mln. ABŞ dolları təşkil etmişdir. Sankt-Peterburqdan Azərbaycan Respublikasına ixrac 27% azalmış və 61,37 mln. ABŞ doll. təşkil etmişdir. İxrac strukturunun 83% tütün, 5% müxtəlif yeyinti məhsulları, 3% sabun, həmçinin şüşə, elektrik maşınlar, nüvə energetikası məhsulları təşkil edirdi. Azərbaycan Respublikasından Sankt-Peterburqa idxal 14% artmış və 8.1 mln. ABŞ doll. təşkil etmişdir. 62% tərəvəz və meyvəköklülər 23% meyvə və qoz, qara metallar və onlardan məhsullar tədarük edilmişdir.

 

16-18 oktyabr 2014-cü il tarixində Sankt-Peterburq Hökumətinin mədəni işgüzar missiyasının Bakıya səfəri baş tutmuşdur. Nümayəndə heyətinin tərkibinə Sankt-Peterburq hökumətinin müvafiq komitələrinin sədrləri, iş və biznes dairələrinin nümayəndələri daxil idi. Səfər çərçivəsində AZPROMO-nun Azərbaycan və Sankt-Peterburq nümayəndələri iştirakı ilə biznes forum keçirilmişdi.

 

16-18 iyun 2016-cı il tarixlərində Sankt-Peterburqda "Yeni İqtisadi reallıqlar astanasında" devizi altında XX Peterburq Beynəlxalq İqtisadi Forumu keçirilib. Rusiyanın siyasi, ictimai, iqtisadi həyatında əlamətdar hadisə hesab olunan beynəlxalq səviyyəli tədbirdə Azərbaycanı iqtisadiyyat naziri Şahin Mustafayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev təmsil ediblər. Tədbirdə həmçinin Fövqəladə və Səlahiyyətli Səfir Polad Bülbüloğlu və Baş konsul Sultan Qasımov iştirak ediblər. Forum çərçivəsində SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Qazprom” İdarə Heyətinin sədri Aleksey Millerlə və “Qazprombank” İdarə Heyətinin sədri Andrey Akimovla görüşüb. Görüş zamanı SOCAR və “Qazprombank” arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Forum çərçivəsində həmçinin “SOCAR, ''Qazprombank'', Rusiyanın EXİAR ixrac kreditləri və investisiyaların sığortalanması agentliyi və İtaliyanın SACE ixrac kredit agentliyi arasında Azərbaycanda qaz-kimya kompleksinin maliyyələşdirilməsi və tikintisi üzrə Qarşılıqlı Anlaşma Memorandumu” imzalanıb.                     

 

01 noyabr 2016-cı il tarixində Bakıda Heydər Əliyev Mərkəzində VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən Forumda Azərbaycan və Rusiyanın dövlət rəsmiləri, parlament və icra hakimiyyəti orqanlarının nümayəndələri, iqtisadiyyatın sənaye, turizm, kənd təsərrüfatı, tikinti, ticarət, konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə və s. sahələrdə fəaliyyət göstərən sahibkarlar və KİV təmsilçiləri iştirak ediblər. Foruma Rusiyanın 9 subyektindən 250-dən çox, Azərbaycan tərəfdən isə 300-dək olmaqla, ümumilikdə 600-ə yaxın iştirakçı qatılıb. Forumda həmçinin Sankt-Peterburq hökumətinin nümayəndələri, Sahibkarlığın və istehlak bazarının inkişafı Komitəsinin sədri Elgiz Kaçayev və Xarici əlaqələr Komitəsinin MDB ölkələri və Rusiya regionlarıinformasiya idarəsinin rəisi Svetlana Jurkina iştirak ediblər.

 

04-05 aprel 2017-ci il tarixlərində Sankt-Peterburq şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar əməkdaşlıq Komissiyasının ilk iclası keçirilib. İclasda Azərbaycan hökumətinin nümayəndə heyətinə İqtisadiyyat nazirinin müavini, Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən təyin edilmiş həmsədri Sahib Məmmədov başçılıq edib. Səfər nəticəsində Azərbaycan Respublikası və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında İqtisadi və Humanitar Əməkdaşlıq Komissiyasının ilk iclasının protokolu imzalanıb. Sənəddə tərəflərin təsərrüfat subyektləri arasında birbaşa əlaqələrin genişləndirilməsi, Azərbaycan sahibkarlarının Sankt-Peterburq ərazisində keçirilən yarmarkalarda iştirakı, qarşılıqlı maraq kəsb edən sahələrdə birgə müəssisələrin yaradılması və s. sahələrdə əməkdaşlıq və birgə tədbirlər nəzərdə tutulub.

  • Humanitar sahədə əməkdaşlıq:

Azərbaycan hökuməti ilə Sankt-Peterburq hökuməti arasında humanitar sahədə əməkdaşlığın ayrılmaz tərkib hissəsini təşkil edən mədəni əlaqələrin möhkəmləndirilməsi məqsədi ilə mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə qarşılıqlı konsert proqramlarının, sərgilərin təşkili, kitabxana, muzey və teatrlar arasında əməkdaşlığın genişləndirilməsi və mədəniyyət xadimlərinin beynəlxalq səviyyəli festivallarda, müsabiqələrdə iştirakı, zəngin mədəni irsin elmi tədqiqatı planlaşdırılır. 

Azərbaycanla Rusiya arasında humanitar sahədəki əməkdaşlıq xalqlar arası dostluq münasibətlərinə və tarixi-mədəni əlaqələrə əsaslanır.  Ölkələrarası mədəniyyət, incəsənət, elm və təhsil, gənclər siyasəti kimi sahələrdəki əlaqələr möhkəmlənir.

2011-ci ildən başlayaraq Azərbaycan Respublikası Prezidentinin və Rusiya Federasiyası Prezidentinin himayəsi ilə keçirilən Bakı Beynəlxalq Humanitar Forumun mahiyyəti xüsusi və yüksək diqqətə layiqdir. Forum çərçivəsində dövlətlərarası humanitar əməkdaşlıq, qloballaşmaqda olan müasir dünyanın reallıqları müzakirə edilir. Forum XXI əsrin çağırışlarının humanitar aspektlərini adekvat qiymətləndirməyə, müvafiq problemlərin həlli yollarını axtarmağa imkan verir.

Azərbaycanla Rusiya arasında humanitar sahədə əməkdaşlığın inkişafında Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Fondun Rusiyadakı nümayəndəliyi bütün Rusiya üzrə, o cümlədən Sankt-Peterburqda mədəni və xeyriyyə layihələrini həyata keçirdir.

30 oktyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Sankt-Peterburq şəhərinə səfəri çərçivəsində burada uşaq evlərini və internat məktəblərini ziyarət edib. Leyla Əliyeva azyaşlılara sosial dəstək göstərən təşkilatların işi ilə tanış olub və həmin müəssisələrə Heydər Əliyev Fondu tərəfindən nəşrlər, oyuncaqlar, kompyuterlər və digər texniki avadanlıq hədiyyə edilib.

30 oktyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun və Sankt-Peterburqun Rus Muzeyinin dəstəyi ilə muzeyin mərmər zalında Azərbaycanın xalq rəssamı Rasim Babayevin sərgisi təşkil edilmişdir. Sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və ölkəmizin Rusiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu iştirak etmişdir.

2014-cü ilin 3 may tarixində Sankt-Peterburq Filarmoniyasında Azərbaycanın xalq artisti Teymur Göyçayevin rəhbərliyi ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 91 illiyinə və Heydər Əliyev Fondunun 10 illik yubileyinə həsr olunmuş Sankt-Peterburq Universitetinin kamera orkestrinin təntənəli konserti keçirilmişdir.

2015-ci ilin 11-12 noyabr tarixlərində Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının Sankt-Peterburqa qastrolu baş tutub.

26-29 sentyabr 2016-cı il tarixlərində Sankt-Peterburqda, Dövlət Ermitajında şərq numizmatikası mövzusunda “İCON II” İkinci Beynəlxalq konfrans keçirilib. Konfransda Milli Tarixi Muzeyinin numizmatika və epiqrafika elmi fondunun şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Rəcəblidən və AMEA-nın Hüquq və insan haqları institutunun böyük elmi işçisi, Qafqaz Tarixi Mərkəzinin direktoru, dosent Rizvan Hüseynovdan ibarət nümayəndə heyəti iştirak edib. Tədbirdə Professor Əli Rəcəbli “XVIII-XIX əsrlərdə Azərbaycan xanlıqlarında zərbxana işi və pul dövriyyəsi” adlı məruzə ilə çıxış edib. Azərbaycan nümayəndə heyətinin təkidi ilə erməni professor A.Akopyanın məruzəsinin ilkin adı tədbir proqramından çıxarılıb, məruzənin mətninə dəyişikliklər edilərək “Şərqi Ermənistan” sözləri və onunla bağlı ifadələr mətndən ixtisar edilib.      

Arxiv üzrə axtarış