Qayıdış şəhadətnaməsinin verilməsi qaydaları
Vətəndaşların nəzərinə!
Konsulluq xidmətləri ilə bağlı Baş Konsulluq tərəfindən müraciətlərin qəbulu Konsulluq əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyasına əsasən konsulluq dairəsi üzrə müəyyən olunmuş ərazilər üzrə həyata keçirilir (Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunun konsulluq dairəsinin siyahısı).
Qayıdış şəhadətnaməsinin verilməsi üçün sənədlərin Baş Konsulluq tərəfindən qəbulu qeyri-iş günləri istisna olmaqla həftənin bütün iş günləri (Bazar ertəsi – Cümə, saat 09.00-dan 12.30-dək) aparılır.
Pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşları aşağıda sadalanan sənədləri təqdim etdikdə Baş Konsulluğun konsulluq bölməsi tərəfindən müvafiq qayıdış şəhadətnaməsi verilə bilər:
- Pasport yararsız hala düşdükdə və ya onun etibarlılıq müddəti bitdikdə pasportun əsli;
- Pasport itirildikdə və ya oğurlandıqda müvafiq polis orqanı tərəfindən verilmiş arayış (bu halda qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur);
- 2 ədəd rəngli fotoşəkil (3x4 sm ölçüdə);
- Ərizə-anket;
- Dövlət rüsumunun Baş Konsulluğun bank hesabına ödənilməsini təsdiq edən qəbz;
Bank rekvizitləri: Ф.ОПЕРУ Банка ВТБ (ПАО) г. Санкт-Петербург, ИНН: 9909058879, Расчетный счет: 40807810739800000004, Корреспондентский счет: 30101810200000000704, БИК: 044030704, КПП: 784061001
Qeyd: “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 16.1.2-ci maddəsinə əsasən qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün 10 ABŞ dolları məbləğində dövlət rüsumu ödənilir. Baş Konsulluqda nəğd ödəniş qəbul edilmir.
Qeyd: “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 17.7-ci maddəsinə əsasən xarici ölkədə ümumvətəndaş pasportunu itirmiş və ya pasportu oğurlanmış Azərbaycan Respublikası vətəndaşı bu barədə xarici ölkənin müvafiq polis orqanı tərəfindən verilmiş təsdiqedici sənəd təqdim etdikdə ona qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur.
Qeyd: “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 17.7-ci maddəsinə əsasən diplomatik və ya xidməti pasporta malik olan, xarici ölkələrdə təhsil alan (müvafiq təsdiqedici sənəd təqdim edildikdə), dövlət xətti ilə pedaqoji fəaliyyət göstərən, xarici ölkələrin cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan, xarici ölkələrdən deportasiya, readmissiya, ekstradisiya edilən, insan alveri qurbanı olan, Azərbaycan Respublikası vətəndaşlarına ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur.
- Üzərində fotoşəkil olan, şəxsiyyəti və Azərbaycan Respublikasının vətəndaşlığını müəyyənləşdirən etibarlılıq müddəti bitməmiş sənədlərdən birinin surəti (Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikası tərəfindən verilmiş hərbi bilet, Azərbaycan Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsi, şəxsiyyətini və ya vətəndaşlığını müəyyənləşdirən digər rəsmi sənəd).
18 yaşına çatmayan Azərbaycan Respublikası vətəndaşları üçün qayıdış şəhadətnaməsinin verilməsinə görə aşağıdakı sənədlər tələb olunur:
- Pasport yararsız hala düşdükdə və ya onun etibarlılıq müddəti bitdikdə pasportun əsli;
- Pasport itirildikdə və ya oğurlandıqda müvafiq polis orqanı tərəfindən verilmiş arayış;
- 2 ədəd rəngli fotoşəkil (3x4 sm ölçüdə);
- Ərizə-anket;
- Doğum haqqında şəhadətnamənin əsli;
- Valideynlərin nikah haqqında şəhadətnaməsinin əsli və surəti. Baş Konsulluğa şəxsən müraciət olunduqda razılıq ərizəsi tələb olunmur;
- Əgər uşaq yeni doğulubsa və şəxsiyyətini təsdiq edən hər-hansı bir sənədi yoxdursa uşağın doğulduğu xəstəxana tərəfindən verilən və həmin şəhərin Səhiyyə idarəsi tərəfindən təsdiq olunmuş arayışın əsli.
Qeyd: “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 17.7-ci maddəsinə əsasən 18 yaşına çatmayan Azərbaycan Respublikası vətəndaşlarına qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur.
Qeyd: Hazır sənədlərin təhvil alınmasında СДЭК poçt xidmətindən (vətəndaşın sifarişi əsasında) də istifadə oluna bilər. Baş Konsulluq sənədlərin poçt vasitəsi ilə göndərilməsi zamanı poçt idarələri tərəfindən itirilməsi və ya korlanmasına görə hər hansı məsuliyyət daşımır.
Son yenilənmə tarixi: 16.01.2025