2021-04-05

Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramovun İsrailin “Hayom” qəzetində dərc edilmiş müsahibəsi

Xəbər redaktoru - Dean Shmuel Elmas

Xəbərə keçid https://www.israelhayom.com/2021/04/04/azeri-fm-partnership-with-israel-is-strong-multidimensional/ 

Qeyri-rəsmi tərcümə

Bakı ilə Tel-Əvivin mövcud münasibətlərini necə qiymətləndirirsiniz?

Azərbaycanla və İsrail arasında möhkəm ikitərəfli və dostluq münasibətləri mövcuddur. İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri idi və biz bunu yüksək qiymətləndiririk. Əməkdaşlığımız sız və qarşılıqlı faydalıdır və siyasi, iqtisadi, hərbi və digər sahələri əhatə edir.

İsrail Dövlətini Azərbaycanın strateji tərəfdaşı kimi görürsünüzmü?

Azərbaycan-İsrail tərəfdaşlığı güclü, hərtərəfli və çoxölçülüdür. Ölkələrimiz arasındakı münasibətlərin inkişaf səviyyəsindən məmnunuq. Əməkdaşlığımızı inkişaf etdirmək üçün artıq 10-dan çox sənəd imzalanıb, daha 20 müxtəlif layihə isə baxılmaqdadır. Bu sənədlər əlaqələrimizin inkişafı üçün yaxşı bir çərçivədir.

Baş nazir Binyamin Netanyahu və onun İsrail ilə Azərbaycan arasında münasibətlərin möhkəmlənməsindəki rolu barədə nə düşünürsünüz?

Xalqlarımızın liderləri arasındakı şəxsi münasibətlər dövlətlərarası tərəfdaşlığın inkişafında mühüm rol oynayır. Baş nazir cənab Binyamin Netanyahu son dəfə Azərbaycana 2016-cı ilin sonlarında gəlmişdi. Bu səfər çox məhsuldar oldu. Bu münasibətlə mühüm sənədlər imzalanıb. Bunların arasında, digər sənədlərlə yanaşı, birgə iqtisadi komissiyanın yaradılması barədə razılaşma var idi.

Sizcə, İkinci Dağlıq Qarabağ müharibəsindəki nailiyyətlər ölkələrimiz arasındakı əlaqələri gücləndirdi?

2020-ci il Vətən müharibəsi zamanı Azərbaycan İsrail cəmiyyətinin səmimi dəstəyini alırdı. İsrailin, Ermənistan tərəfindən müharibə bölgəsindən çox uzaqda yerləşən Gəncə şəhərinə 33 azərbaycanlı mülki şəxsin həyatına son qoyan vəhşi raket hücumları qurbanlarına göstərdiyi humanitar yardımını yüksək qiymətləndiririk.

Azərbaycan əsilli israillilər Ermənistanın təcavüzünə öz etirazlarını və Azərbaycanla həmrəylik nümayiş etdirmək üçün mitinqlər təşkil etdilər.

Azərbaycan Silahlı Qüvvələri tərəfindən yüksək texnoloji və yüksək dəqiqlikli silahlardan, o cümlədən İsrail istehsalı olan silahlardan, xüsusən də pilotsuz uçuş aparatlarından məharətlə istifadə edilməsi hərbi qələbənin əldə olunmasında mühüm rol oynadı. Əminəm ki, Vətən müharibəsindən sonra ikitərəfli əlaqələrimiz müxtəlif sahələrdə daha da möhkəmlənəcək və dərinləşəcəkdir.

İsrail Dağlıq Qarabağın bərpasında iştirak edəcəkmi? Və belədirsə, hansı sahələrdə?

Ərazi bütövlüyümüzü bərpa etdikdən sonra post müharibə dövrünə qədəm qoymuşuq. İndi əsas prioritetlər azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasıdır. Reabilitasiya prosesində dost ölkələrin və tərəfdaşların iştirakını alqışlayırıq. Əlbəttə ki, İsrail şirkətləri də qoşula bilər. İş yükü çoxdur. Buraya minaların təmizlənməsi, infrastrukturun qurulması və ağıllı şəhər və kəndlərin yaradılması daxildir, lakin bunlarla məhdudlaşmır.

Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələri tərəfindən yandırılmış və dağıdılmış Azərbaycan şəhər və kəndləri, muzeyləri, kitabxanaları, məscidləri və kilsələri haqqında çox eşitmişəm. Ermənistanın etinadsız münasibəti nəticəsində Dağlıq Qarabağdakı infrastruktur vəziyyəti nə qədər pisdir?

Yüzlərlə şəhər və kəndi özündə birləşdirən Azərbaycanın azad edilmiş ərazilərindəki dağıntı həcmini təsvir etmək çətindir. Demək olar ki, bütün mədəniyyət abidələri və dini yerlər, xəstəxanalar, məktəblər və yaşayış binaları talan edildi, sonra yerlə yeksan edildi. Azərbaycan əhalisinin on min nəfərlik olduğu yerlər “xəyal” şəhərciyinə çevrildi. Bir çox halda sadəcə bayraq qaldırmaq üçün bir dənə də olsun bina tapılmadı. Bütün azad edilmiş ərazilər minalar və partlamamış hərbi sursatlarla ciddi şəkildə çirklənmişdir. Ətraf mühitə də böyük ziyan vuruldu. Bütün meşələrin 20 faizi məqsədyönlü şəkildə məhv edildi. On illərdir davam edən işğal zamanı Ermənistan yüz minlərlə azərbaycanlı məcburi köçkünün öz yurdlarına qayıtmasının qarşısını almaq üçün hər şeyi etdi. Ancaq biz bu əraziləri yenidən qurmağa və bərpa etməyə qərarlıyıq. Dinc həyat azad edilmiş ərazilərə tam gücü ilə qaytarılacaqdır.

Ermənistanın, Azərbaycanın İkinci Dağlıq Qarabağ müharibəsində günahsız insanlara ziyan vurması iddialarına münasibətiniz necədir?

Müharibə zamanı və sonrakı dövrdə Azərbaycan həmişə 1949-cu il Cenevrə Konvensiyası da daxil olmaqla beynəlxalq humanitar hüquq normalarına və prinsiplərinə ciddi şəkildə əməl edirdi. Hərbi əməliyyatların ilk günündə Azərbaycan hərbi komandanlığı hərbi qulluqçulara Cenevrə Konvensiyalarına riayət etmə zərurəti ilə bağlı xüsusi təlimat verdi. Ordumuz heç bir zaman vətəndaşı hesab etdiyimiz mülki insanları məqsədyönlü şəkildə hədəfə almayıb. Bundan əlavə olaraq, ordumuz, İsrail istehsalı da daxil olmaqla, müharibə zamanı dəyən zərəri əhəmiyyətli dərəcədə azaltmağa imkan verən yüksək dəqiqlikli silahlarla təchiz olunmuşdur. Bununla yanaşı, düşmən yaşayış yerlərində tez-tez ağır artilleriya və raket sistemlərini yerləşdirirdi. Erməni qüvvələri bu silahlardan əhalinin sıx yerləşdiyi Azərbaycan ərazilərini atəşə tutmaq üçün fəal şəkildə istifadə etdilər. Azərbaycanın Tərtər şəhəri xüsusilə ağır bir dağıntıya məruz qaldı və xarici jurnalistlər tərəfindən hətta "Stalinqrad" adlandırıldı. Erməni komandirlər tez-tez hərbi qərargah kimi məktəb və uşaq bağçalarından istifadə edirdilər. Bütün bu faktlar Ermənistan tərəfindən reportaj verən xarici jurnalistlər tərəfindən qeydə alınıb. Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin raket və artilleriya hücumlarında 101 azərbaycanlı mülki şəhid olmuş, 500-ə yaxın insan yaralanmışdır. Mülki ölüm hallarının hər biri Azərbaycan Ombudsmanının hesabatlarında bütün təfərrüatları və şərtləri ilə sənədləşdirilmişdir. Əlbəttə ki, istər azərbaycanlı, istərsə də erməni olsun, insan itkisinə görə təəssüflənirik, amma vurğulamaq lazımdır ki, Ermənistanın təqdim etdiyi rəsmi məlumatlara görə belə, hərbi əməliyyatlar zamanı erməni mülki qurbanlarının sayı həyatını itirən azərbaycanlı mülki vətəndaşların sayından iki dəfə azdır.

Qafqaz bölgəsindəki bir çox ölkələrdən fərqli olaraq, Azərbaycan yəhudi icması ilə çox güclü əlaqəsi olan bir ölkə kimi tanınır. Bu tarixi uğurun sirri nədir?

Azərbaycan beynəlxalq multikulturalizmin mərkəzlərindən biri kimi tanınır. Əsrlər boyu yəhudilər və azərbaycanlılar burada sülh və dostluq şəraitində yaşayıblar. Bu yaxşı ənənəni bu gün də davam etdirməkdən qürur duyuruq. Yəhudi icması cəmiyyətimizin çox fəal bir hissəsidir. Azərbaycanda yeddi sinaqoq var, onlardan beşi Bakıdadır. Yəhudi məktəblərimiz və mədəniyyət mərkəzlərimiz də var. Xalqlarımız arasındakı sıx münasibətlər və insanlar arasındakı aktiv əlaqələr ikitərəfli əlaqələrimizin vacib hissəsidir. Azərbaycanın yəhudi icması və əsasən Azərbaycandan olan yəhudilərdən ibarət İsraildəki Azərbaycan diasporası əlaqələrimizin inkişafında çox fəal rol oynayırlar.

Azərbaycanın İsraili İranla əlaqələndirmək imkanlarına sahib olduğuna inanırsınız?

Orta Şərq bölgəsindəki inkişafları diqqətlə izləyirik. Biz həmişə sülh və təhlükəsizliyin bərqərar olmasına çağırırıq. Əminik ki, bu, bütün bölgənin inkişafına və çiçəklənməsinə kömək edəcəkdir. Hər zaman regional və qlobal səviyyədə təhlükəsizlik və əməkdaşlığa töhfə verməyə hazırıq.

Arxiv üzrə axtarış