2019-02-19

Sankt-Peterburqun “Mramornıy” sarayında Rusiya Federasiyası diplomatik xidmət əməkdaşlarının peşə bayramı münasibəti ilə təntənəli tədbir keçirilib.

Cari ilin 11 fevral tarixində Sankt-Peterburqun “Mramornıy” sarayında Rusiya Federasiyası diplomatik xidmət əməkdaşlarının peşə bayramı münasibəti ilə təntənəli tədbir keçirilib. Sankt-Peterburq Hökumətinin və Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı nümayəndəliyinin, Sankt-Peterburq diplomatik klubunun təşkilatçılığı ilə keçirilmiş tədbirə Baş konsul Sultan Qasımov dəvət edilib.

Tədbirdə diplomatları peşə bayramı münasibəti ilə Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov, RF XİN-in Sankt-Peterburqdakı nümayəndəliyinin rəhbəri Vladimir Zapevalov və Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko təbrik ediblər.

Rusiya Federasiyası diplomatik xidmət əməkdaşlarının peşə bayramı münasibəti ilə təşkil edilmiş təntənəli tədbirdə Sankt-Peterburqda akkreditə olunmuş Baş konsulluqların rəhbərləri, RF DİN-in Sankt-Peterburq və Leninqrad vilayəti üzrə miqrasiya məsələləri idarəsinin rəisi Vladimir Minçenko, Sankt-Peterburq hökumətinin digər nümayəndələri, kütləvi informasiya vasitələri və xarici ölkələrlə əlaqələrin inkişafında fəal iştirak edən biznes dairələrinin nümayəndələri iştirak ediblər.   Tədbir iştirakçıları qarşısında çıxış edən Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov müasir dünyada diplomatiyanın əhəmiyyəti və diplomatların vacib rolu barədə danışıb. Cənab A.Beqlov bildirib ki, diplomatlar dövlətin xarici siyasətini ləyaqətlə təmsil edən və vətəninə sədaqətlə xidmət edən, başqa dövlətlərlə və xalqlarla əlaqələri möhkəmlədən peşəkarlar və məsuliyyətli şəxslərdir. Sankt-Peterburq Administrasiyasının rəhbəri diplomatik xidmət əməkdaşlarına şərəfli peşə fəaliyyətlərində uğurlar arzulayıb.                 

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı nümayəndəliyinin rəhbəri Vladimir Zapevalov bildirib ki, diplomatik xidmət əməkdaşları bir çox hallarda çətin və qeyri stabil siyasi vəziyyətdə olan ölkələrdə xidmət etmək məcburiyyətindədirlər. Çətinliklərə baxmayaraq diplomatlar öz ölkələrinin maraqlarını uğurla müdafiə edir. Cənab V.Zapevalov  qeyd edib ki, Rusiya diplomatiyası qarşıya qoyulan tapşırıqları tam həcmdə yerinə yetirir, vətənpərvərlik, mənəvi dəyərlər, yüksək peşəkarlıq diplomatların şəxsi keyfiyyətlərinin ayrılmaz hissəsidir. Çıxışının yekununda RF XİN-in Sankt-Peterburqdakı nümayəndəliyinin rəhbəri Vladimir Zapevalov həmkarlarını peşə bayramı münasibəti ilə təbrik edib.               

Tədbir çərçivəsində Sankt-Peterburq Qanunvericilik Məclisinin beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Nərgiz Əhədova Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarovun diplomatlara ünvanlanmış təbrik məktubunu oxuyub.

Tədbirdə iştirak edən Baş konsul Sultan Qasımov Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov, RF XİN-in Sankt-Peterburqdakı nümayəndəliyinin rəhbəri Vladimir Zapevalov, Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko, RF DİN-in Sankt-Peterburq və Leninqrad vilayəti üzrə miqrasiya məsələləri idarəsinin rəisi Vladimir Minçenko və Sankt-Peterburq Qanunvericilik Məclisinin beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Nərgiz Əhədova ilə görüşüb, söhbət edib.                           

Söhbət zamanı Baş konsul Sultan Qasımov Rusiya Federasiyasının diplomatik xidmət əməkdaşlarını azərbaycanlı həmkarları adından təbrik edib. Baş konsul qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulduğu 27 il ərzində ölkələrarası qarşılıqlı ehtirama və mehriban qonşuluq prinsiplərinə əsaslanan ənənəvi dostluq münasibətləri möhkəmlənib və bir çox əhəmiyyətli sahələri üzrə əlaqələrin inkişaf etdirilməsində ciddi nailiyyətlər əldə edilib. Azərbaycanla Rusiya arasında möhkəm zəmin üzərində qurulmuş strateji tərəfdaşlıq və qarşılıqlı dəstək ölkələrimizə dünyada siyasi və iqtisadi böhran dövründə bütün çətinliklərə baxmayaraq, vacib iqtisadi mövqeləri və siyasi sabitliyi qoruyub saxlamağa imkan verib.                       

Tərəf müqabilləri Rusiya Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu, Rusiyanın, o cümlədən regionlar səviyyəsində də Azərbaycanla əməkdaşlığa önəm verdiyini vurğulayıblar. Sankt-Peterburqdakı Baş konsulluğumuzun səmərəli fəaliyyətinin xüsusi ilə son illərdə Sankt-Peterburq və Leninqrad vilayəti hökumətləri ilə əməkdaşlığın inkişafına müsbət təsir göstərdiyini, yeni əlaqələrin qurulduğunu və hökumət rəsmilərinin qarşılıqlı səfərlərinin təşkil edildiyini qeyd ediblər.                                          

Rusiya Federasiyası diplomatik xidmət əməkdaşlarının peşə bayramı münasibəti ilə keçirilmiş təntənəli tədbirdə qonaqlara konsert proqramı təqdim olunub və ziyafət verilib.                                                                                                    

Arxiv üzrə axtarış