Azərbaycan Respublikasının vətəndaşlığına bərpa

Vətəndaşların nəzərinə!

Konsulluq xidmətləri ilə bağlı Baş Konsulluq tərəfindən müraciətlərin qəbulu Konsulluq əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyasına əsasən konsulluq dairəsi üzrə müəyyən olunmuş ərazilər üzrə həyata keçirilir (Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunun konsulluq dairəsinin siyahısı).

Azərbaycan Respublikasının vətəndaşlığına bərpa ilə bağlı müraciətlərin Baş Konsulluq tərəfindən qəbulu qeyri-iş günləri istisna olmaqla həftənin bütün iş günləri (Bazar ertəsi – Cümə, saat 09.00-dan 12.30-dək) aparılır.

Əvvəllər Azərbaycan Respublikası vətəndaşı olmuş və ya Azərbaycan Respublikası vətəndaşlığına xitam verilmiş şəxsin vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilə bilər.

 

Azərbaycan Respublikasının vətəndaşlığına bərpa haqqında vəsatətin rədd edildiyi hallar

Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş dövlət quruluşunu zorakılıqla dəyişdirməyə, Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmağa çağırışlar edərsə, dövlət təhlükəsizliyinə, ictimai asayişin qorunmasına, əhalinin sağlamlığına və ya mənəviyyatına zərər vuran fəaliyyət göstərərsə, irqi, dini və milli müstəsnalığı təbliğ edərsə, terrorçuluq fəaliyyəti ilə əlaqəsi olarsa, vətəndaşlığa bərpa haqqında vəsatəti rədd edilir.

Vətəndaşlıq məsələləri ilə əlaqədar vəsatəti rədd edilmiş şəxs vəsatətin rədd edilməsinə səbəb olan halları aradan qaldırdıqdan sonra təkrar müraciət edə bilər.

 

Azərbaycan Respublikasının vətəndaşlığına bərpa üçün tələb olunan sənədlər:

  1. Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizə-anket;
  2. 4 ədəd 3x4 sm ölçüdə rəngli fotoşəkil;
  3. şəxsiyyəti təsdiq edən sənədin surəti;
  4. Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi barədə sənəd;
  5. Azərbaycan Respublikası vətəndaşlığına bərpa üçün səbəbini göstərməklə Azərbaycan Respublikası Prezidentinin adına ərizə (sərbəst formada);
  6. ailə tərkibi haqqında arayış;
  7. QİÇS müayinəsindən keçməsi və sağlamlıq haqqında arayış (vətəndaşlığa bərpa olunmaq üçün müraciət edən şəxs Azərbaycan Respublikasının ərazisini tərk etməyibsə, bu sənəd tələb olunmur);
  8. Dövlət rüsumunun Baş Konsulluğun bank hesabına ödənilməsini təsdiq edən qəbz.

Bank rekvizitləri: Ф.ОПЕРУ Банка ВТБ (ПАО) г. Санкт-Петербург, ИНН: 9909058879, Расчетный счет: 40807810739800000004, Корреспондентский счет: 30101810200000000704, БИК: 044030704, КПП: 784061001

Qeyd: “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 16.2.1-ci maddəsinə əsasən vətəndaşlığın bərpa edilməsi üçün vəsatətin rəsmiləşdirilməsinə görə 60 ABŞ dolları məbləğində dövlət rüsumu ödənilir. Baş Konsulluqda nəğd ödəniş qəbul edilmir.

Qeyd: Azərbaycan Respublikası vətəndaşlığına bərpa üçün tələb olunan bütün sənədlər 5 nüsxədə və hər nüsxə ayrı-ayrılıqda fayla qoyularaq təqdim olunmalıdır.

Qeyd: Sənədlərin Baş Konsulluğa göndərilməsində və geri təhvil alınmasında СДЭК poçt xidmətindən (vətəndaşın sifarişi və ödənişi əsasında) də istifadə oluna bilər. Bu halda üzərində müraciət etmiş şəxsin ünvanı və əlaqə vasitələri yazılmış, poçt markası yapışdırılmış zərfin təqdim edilməsi zəruridir. Baş Konsulluq sənədlərin poçt vasitəsi ilə göndərilməsi zamanı poçt idarələri tərəfindən itirilməsi və ya korlanmasına görə hər hansı məsuliyyət daşımır.

Diqqət! Sənədlərin saxtalaşdırılması əldə olunan Azərbaycan Respublikası vətəndaşlığının itirilməsinə səbəb olur.

 

Azərbaycan Respublikası vətəndaşlığına bərpa haqqında vəsatətə baxılma müddəti və nəticələri

Vətəndaşlıq məsələləri ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş yuxarıda sadalanan sənədlər fiziki şəxslər tərəfindən aidiyyəti dövlət orqanına təqdim edildikdən sonra ərizə-anket icraata qəbul edilmiş sayılır və baxılma müddəti həmin vaxtdan başlayır. Vətəndaşlıqla bağlı qaldırılmış vəsatətlərə aidiyyəti dövlət orqanlarının hər biri tərəfindən 1-6 ay müddətində baxılır. Azərbaycan Respublikası vətəndaşlığına bərpa edilməsi ilə bağlı verilmiş müraciətlərə baxılmasının nəticələri barədə vəsatət qaldıran şəxslərə Dövlət Miqrasiya Xidməti və ya Xarici İşlər Nazirliyi tərəfindən yazılı məlumat verilir.

Eyni zamanda, Daxili İşlər Nazirliyi və Xarici İşlər Nazirliyi vətəndaşlığı təsdiq edən sənədləri verən orqanları (vəzifəli şəxsləri) müvafiq tədbirlər görülməsi üçün xəbərdar edir.

Son yenilənmə tarixi: 22.01.2025

 

Arxiv üzrə axtarış