2025-01-20

20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Baş Konsulluqda keçirilmiş anım tədbirinə dair

20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar şəhidlərin xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunda 20 yanvar 2025-ci il tarixində baş tutmuş anım tədbiri çərçivəsində foto sərgi və “20 Yanvar – Qan Yaddaşımız və Qəhrəmanlıq Tariximiz” mövzusunda dəyirmi masa keçirilmişdir.

Baş Konsulluqda Azərbaycan Respublikasının dövlət bayrağı yarıya qədər endirilmiş və şəhidlərin əziz xatirəsi Bakı vaxtı ilə saat 12:00-da 1 dəqiqəlik sükutla yad edilmişdir.

Anım tədbirində Türkiyə Respublikasının baş konsulu Özgün Talu, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov, Azərbaycan diasporunun nümayəndələri və baş konsulluğun əməkdaşları iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Baş konsulluğun başçısı vəzifəsini icra edən Anar Yusifzadə 1990-cı ilin 20 Yanvar günü Azərbaycan tarixinin həm faciəli, kədərli səhifəsinin, həm də azadlığa gedən yolda canlarını qurban verən Vətən övladlarının misilsiz fədakarlıqları ilə qəhrəmanlıq səhifəsinin yazıldığını bildirmişdir.

Qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsinin Ümummilli Lider Heydər Əliyevin sayəsində həllini tapdığını, faciənin ertəsi günü - yanvarın 21-də Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu, baş vermiş faciənin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu bəyan etdiyini, Azərbaycan xalqına qarşı edilən tarixi cinayət adlandırdığını qeyd etmişdir.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il Vətən Müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi ilə bütün şəhidlərimizin ruhunun şad olduğunu anım tədbiri iştirakçılarının diqqətinə çatdırmışdır.

Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov çıxışı zamanı 20 Yanvar faciəsinin Azərbaycan xalqına və insanlıq əleyhinə törədilmiş terror aktı olduğunu, məhz Ulu Öndər Heydər Əliyevin sayəsində hadisələrə ilk hüquqi qiymətin verildiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin ailələrinə və əlillərə daim dövlət qayğısının göstərildiyini, şəhidlərin əziz xatirəsinin hər zaman dünya azərbaycanlıları tərəfindən ehtiramla yad edildiyini qeyd etmişdir.

Daha sonra çıxış edən Türkiyə Respublikasının Sankt-Peterburq şəhərindəki baş konsulu Özgün Talu Azərbaycan dövlətinə və xalqına başsağlığı bildirərək müstəqillik yolunda canlarını qurban verən şəhidlərin xatirəsinin Türkiyə Respublikası tərəfindən hər zaman uca tutulduğunu və Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə şəhidlərin ruhunun artıq rahatlıq tapdığını bildirmişdir.

Sonda 20 Yanvar faciəsindən bəhs edən “Qanlı Şənbə Gecəsi” sənədli filmi nümayiş etdirilmişdir.

Arxiv üzrə axtarış