2023-12-01

Sankt-Peterburqun qubernatoru Azərbaycanın Əməkdar artistini mükafatlandırıb

Azərbaycanın Əməkdar artisti, Sankt-Peterburqun aparıcı “Mariinski” teatrının solisti Elnarə Məmmədova Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov tərəfindən təşəkkürnamə ilə təltif edilib.

Sankt-Peterburq hökumətinin “Smolnıy” sarayında baş tutan təqdimat mərasimində xarici əlaqələr komitəsinin sədri Yevgeni Qriqoryev, hökumət üzvləri, baş konsul Sultan Qasımov və diplomatlar iştirak ediblər. Mərasimdə Elnarə Məmmədovanın Sankt-Peterburqda mədəniyyətin inkişafına verdiyi töhfə xüsusi diqqətə çatdırılıb.

Təşəkkürnaməni təqdim edən Yevgeni Qriqoryev Sankt-Peterburq qubernatoru tərəfindən ilk dəfə olaraq xarici ölkənin Əməkdar artistinə təşəkkürnamənin verildiyini bildirib və vurğulayıb ki, azərbaycanlı opera və balet ustalarının “Mariinski” teatrının truppasında fəxri yer tutması Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrin yüksək səviyyəsindən xəbər verir. Y.Qriqoryev “Mariinski” teatrının solistlərinə “Azərbaycan Respublikasının Əməkdar artisti” adının verilməsi təşəbbüsünə görə baş konsul Sultan Qasımova minnətdarlığını bildirib.

Qeyd edək ki, bir müddət əvvəl baş konsul Sultan Qasımovun təşəbbüsü ilə Sankt-Peterburqda çalışan bir qrup Azərbaycan əsilli incəsənət xadiminin lazımi sənədləri toplanaraq Heydər Əliyev Fonduna təqdim edilmişdi. Azərbaycan mədəniyyətinin təbliği və ölkəmizin imicinin daha da gücləndirilməsi məqsədilə Sankt-Peterburqda yaşayan və aparıcı mədəniyyət mərkəzlərində fəaliyyət göstərən 4 həmvətənimizə, o cümlədən Elnarə Məmmədovaya Prezident İlham Əliyevin Sərəncamı ilə “Əməkdar artist” fəxri adları verilmişdi.

Görüşün davamında çıxış edən baş konsul Sultan Qasımov xaricdə yaşayan soydaşlarımıza diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. Diplomat Elnarə Məmmədovanı təbrik edərək bildirib ki, Sankt-Peterburqun aparıcı teatrlarında fəaliyyət göstərən istedadlı həmvətənlərimizin müəyyən edilməsi istiqamətində iş davam etdirilir. Baş konsul Sultan Qasımov Azərbaycanın Əməkdar artistinə göstərilən diqqətə görə qubernator A.Beqlova təşəkkürünü bildirib.

Arxiv üzrə axtarış