2023-05-11

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə Sankt-Peterburqdakı barelyefi ziyarət edilib

 

10 may tarixində görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun təşkilatçılığı ilə diaspor nümayəndələri, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəalları, diplomatlar Ulu Öndərin Qoroxovaya küçəsindəki barelyefi qarşısında əziz xatirəsini yad ediblər. Tədbir iştirakçıları Ümummilli Liderin barelyefi qarşısına gül dəstələri düzüb, xatirə fotoları çəkdirib, dahi şəxsiyyətlə bağlı xoş xatirələrini bölüşüblər. Baş konsulluq adından barelyef önünə gül çələngi qoyulub.                                                  

Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov çıxış edərək, Ulu Öndərin həyat və fəaliyyətindən söhbət açıb, dahi şəxsiyyətin müasir Azərbaycan dövlətinin yaranması, ölkəmizin dünya arenasında nüfuzunun möhkəmlənməsi, iqtisadi və siyasi cəhətdən güclü dövlət kimi formalaşmasında Heydər Əliyevin əvəzsiz rolunu vurğulayıb.                     

Baş konsul qeyd edib ki, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı dövrlərdə nəhəng bir ölkənin ən mürəkkəb sahələrinə kuratorluq Heydər Əliyevə tapşırılmışdı. Həmin dövrlərdə SSRİ-nin böyük infrastruktur layihələrinin icrası məhz Heydər Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilmişdir. Diplomat bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz beynəlxalq aləmdə mövqelərini möhkəmlədib və müstəqilliyimiz əbədiləşib. Heydər Əliyev xaricdə Azərbaycan diasporunun birləşməsinə, eləcə də Azərbaycan-Rusiya strateji münasibətlərinin inkişafına xüsusi önəm verib. Bu gün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin yolunu layiqincə davam etdirir. Dövlətimizin başçısının rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarımızın dirçəldilməsi üçün böyük işlər görülür, xalqımızın rifahı naminə irimiqyaslı layihələr həyata keçirilir.                                                                                                              

Çıxışının davamında Sultan Qasımov tədbir iştirakçılarına 10 may tarixində aparıcı “Sankt-Peterburq” televiziya kanalında Baş konsulluğun təşkilatçılığı ilə saat 18.30-da Heydər Əliyev haqqında “Истинный ценитель культуры» adlı sənədli filmin nümayiş olunacağını bildirdi.                                                                                            

Diplomat həmçinin Heydər Əliyev ili çərçivəsində Baş konsulluq tərəfindən Ulu Öndərin xatirəsinə həsr olunacaq tədbirlər barədə iştirakçılara məlumat verdi. O bildirdi ki, sənədli filmdən əlavə Sankt-Peterburqun aparıcı informasiya vasitələrində dahi siyasi xadim haqqında məqalə dərc olunacaq 12 may tarixində isə Baş konsulluğun təşkilatçılığı ilə Astoriya otelinin böyük zalında Ümummilli liderə həsr olunacaq təntənəli tədbir keçiriləcək.

Qeyd etmək istərdik ki, sənədli filmin yayımlanması Baş konsul Sultan Qasımovun Sankt-Peterburq kanalının müdiri, Rusiyanın tanınmış müxbiri Aleksandr Malkeviçlə apardığı danışıqlar nəticəsində baş tutmuşdur. Baş konsulluğun təşkilatçılığı ilə keçirilmiş tədbir AzərTac informasiya agentliyi tərəfindən işıqlandırılıb. 

 

Arxiv üzrə axtarış