2023-04-15

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfərə gəlib

Aprelin 12-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura və 55-ci plenar iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfərə gəlib.

Nümayəndə heyətinin tərkibinə deputatlar Nizami Səfərov, Mixail Zabelin, Rasim Musabəyov, Arzu Nağıyev, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.

Sankt-Peterburq şəhərinin Pulkovo hava limanında nümayəndə heyətini Sankt-Peterburq Qanunvericilik Məclisinin sədr müavini Nikolay Bondarenko, MDB PA Şurasının baş katibi Dmitri Kobitski, Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulu Sultan Qasımov, Milli Məclisin MDB PA-dakı daimi nümayəndəsi Aydın Cəfərov və digər rəsmi şəxslər qarşılayıblar.

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri çərçivəsində aprelin 13-də bu ölkənin Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

MDB Parlamentlərarası Assambleyasının 55-ci plenar iclası çərçivəsində baş tutan görüşdə qeyd olunub ki, bu gün parlamentlərarası əməkdaşlıq MDB-yə üzv olan ölkələr arasında əlaqələrin daha da genişləndirilməsi üçün effektiv mexanizmə çevrilib. Parlament Assambleyası bu prosesdə vacib rol oynayır.

Görüşdə vurğulanıb ki, ötən il Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü tamam olub. Azərbaycan və Rusiyanın dövlət başçıları tərəfindən müəyyən olunan və münasibətlərimizin dərinləşdirilməsinə xidmət edən gündəliyə əsasən, ölkələrimiz arasında münasibətlər mehriban qonşuluq və qarşılıqlı anlaşma əsasında inkişaf edir və qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanır.

Ölkələrimiz arasında münasibətlərin inkişafında dövlət başçılarının mühüm rolu xüsusi vurğulanaraq, qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin fevralında Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində imzalanan "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə əlaqələrimizdə yeni mərhələnin əsasını qoyub.

Görüşdə qeyd olunub ki, ölkələrimiz arasında iqtisadiyyat sahəsində, o cümlədən qarşılıqlı investisiya qoyuluşunda qeydə alınan göstəricilər uğurludur. Humanitar sahədə əlaqələr də əməkdaşlıqda mühüm bir istiqaməti təşkil edir.

Bildirilib ki, bu il Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü tamam olur. Valentina Matviyenko deyib ki, Heydər Əliyevin əziz xatirəsi Rusiyada da hörmətlə anılır. Bu məqsədlə Rusiya Federasiyasında bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Görüşdə tərəflər iki ölkə arasında əlaqələrin inkişafında qanunverici orqanların özünəməxsus rolunu da qeyd ediblər. Bildirilib ki, bu sahədə həm Milli Məclisdə, həm də Federal Məclisdə fəaliyyət göstərən dostluq qruplarının, həmçinin Milli Məclis və Federal Məclis arasında daimi fəaliyyət göstərən ikitərəfli parlamentlərarası komissiyanın işi təqdirəlayiqdir. Milli Məclisin sədri Sahibə Qafarovanın cari ilin fevral ayında Rusiya Federasiyasına rəsmi səfəri və səfər zamanı imzalanan "Azərbaycan Respublikası Milli Məclisi ilə Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması arasında əməkdaşlıq haqqında" Anlaşma Memorandumunun ikitərəfli münasibətlərimizin parlament ölçüsünün inkişafına töhfə verdiyi diqqətə çatdırılıb.

Spiker Sahibə Qafarova həmçinin, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işləri, "Böyük Qayıdış" proqramı, keçmiş məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıtması prosesinin başlaması barədə də məlumat verib. Qeyd olunub ki, artıq işğaldan azad olunmuş ərazilərimizdə üçüncü beynəlxalq hava limanı Laçında tikilir.

Azərbaycan parlamentinin spikeri bildirib ki, Ermənistan Üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozaraq, hələ  də öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmayıb. Laçın yolundan hərbi məqsədlər və qeyri-qanuni istismar etdiyi təbii sərvətlərimizin daşınması üçün istifadə edir. Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın yolunda dinc aksiyası Ermənistanın bu qeyri-qanuni əməllərinə etiraz olaraq keçirilir. Lakin Ermənistan, guya Laçın yolunun bağlanmasına dair yalan iddialarla beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Ermənistan Avropa İttifaqının missiyasının bu ölkədə olmasından istifadə edərək, vəziyyəti gərginləşdirən addımlar atır və hərbi təxribatlara yol verir.

Görüşdə Milli Məclisin sədri, Ermənistanın 11 aprel tarixində törətdiyi hərbi təxribat barədə məlumat verərək, deyib ki, bu kimi təxribatların beynəlxalq ictimaiyyət tərəfindən sülh sazişi üzrə danışıqlara ciddi çağırışlar fonunda baş verməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını göstərir. Spikerin sözlərinə görə, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq, Azərbaycana qarşı apardığı təxribatlar nəinki Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozur, eyni zamanda regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir. Ona görə də Ermənistanın bu addımları ciddi şəkildə qınanılmalıdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Aprelin 13-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Assambleyasının Şura iclası keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova iclasda iştirak edib.

İclasda bir sıra təşkilati məsələlərə baxılıb və müvafiq qərarlar qəbul olunub.

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar  səfəri çərçivəsində aprelin 14-də MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 55-ci plenar iclasında çıxış edib. Spiker Sahibə Qafarova çıxışında Ermənistanın hərbi – siyasi təxribatları barədə geniş məlumat verib.

Ermənistanın Avropa İttifaqının missiyasının bu ölkədə olmasından sui-istifadə etməsi və vəziyyətin qəsdən gərginləşməsinə yönəlmiş siyasət yürütməsi aydın müşahidə olunur. Ermənistan Silahlı Qüvvələri və qanunsuz erməni silahlı birləşmələri Azərbaycan-Ermənistan sərhədi boyunca və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində atəşkəs rejimini pozmaqda davam edir ki, bu da insan tələfatına səbəb olur. Spiker üç gün əvvəl Ermənistanın sərhəddə növbəti hərbi təxribat törətdiyini və nəticədə üç azərbaycanlı hərbçinin həlak olduğunu diqqətə çatdırıb.

Sahibə Qafarova həmçinin diqqətə çatdırıb ki, bir neçə gün əvvəl Ermənistan sərhəddə itkin düşmüş iki Azərbaycan hərbçisini saxlayıb. Dərhal sosial şəbəkələrdə onlara münasibətdə fiziki işgəncəni və qeyri-insani rəftarı göstərən videogörüntülər yayılıb. Müvafiq beynəlxalq təşkilatlar sözügedən zorakılığı araşdırmalı və ona lazımi qiymət verməlidirlər.

Çıxışında Milli Məclisin sədri onu da qeyd edib ki, Ermənistan tərəfindən basdırılan və sayı bir milyondan çox olan minalar hələ də bərpa işlərində ən böyük problemlərdən biridir. Vətən müharibəsindən sonrakı iki il ərzində 300-ə yaxın Azərbaycan vətəndaşı minaya düşərək həlak olub və ya ağır yaralanıb. Dəfələrlə tələb olunmasına baxmayaraq, Ermənistan indiyədək minalanmış ərazilərin dəqiq xəritələrini ölkəmizə təqdim etməyib.

Spiker bildirib ki, Parlamentlərarası Assambleyanın Səmərqənd şəhərində keçirilən 54-cü plenar iclasında bizim tərəfimizdən ümid ifadə olunub ki, Ermənistan münasibətlərin normallaşdırılması prosesini ləngitməyəcək, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması və 2020-ci ilin noyabrında imzalanmış Üçtərəfli Bəyannamənin bütün bəndlərinin icrası üçün real addımlar atacaq. Üstəlik, 2022-ci ilin oktyabrında Praqa və Soçidə qəbul edilmiş birgə bəyanatlarda Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıyıblar.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, məhz Azərbaycan Ermənistana beynəlxalq hüququn 5 ümumi qəbul edilmiş prinsipləri əsasında sülh təklif edib.

Spiker təəssüflə qeyd edib ki, proses istənildiyi kimi getmir. Ermənistan hakimiyyətinin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, eləcə də daxili işlərinə müdaxiləyə yönəlmiş ritorikasının güclənməsi ciddi narahatlıq doğurur. Qeyd olunub ki, Ermənistan götürdüyü öhdəliklərin əksinə olaraq hələ də öz Silahlı Qüvvələrini Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən tam çıxarmayıb. Ermənistan silahlı qüvvələrinin 10 minə yaxın hərbi qulluqçusu hələ də Azərbaycan ərazisindədir. Həmçinin Ermənistan Laçın yolundan minaların, hərbi texnikanın və silahların daşınması, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində şəxsi heyətin rotasiyası, habelə Azərbaycanın qanunsuz istismar edilmiş faydalı qazıntılarının Ermənistana daşınması üçün istifadə edir.

Parlament sədri diqqətə çatdırıb ki, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin 12 dekabr 2022-ci il tarixindən Laçın-Xankəndi yolunda keçirdikləri dinc aksiya məhz buna qarşı yönəlib. Laçın yolu yalnız humanitar məqsədlər üçün istifadə olunmalıdır.

Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin 6 mindən çox nəqliyyat vasitəsinin, tibbi yardıma ehtiyacı olan şəxslərin, humanitar yüklərin Laçın yolundan maneəsiz keçməsi sübut edir ki, Ermənistanın guya bu yolun bağlanması, qondarma "humanitar fəlakət" barədə iddiaları tamamilə əsassızdır və yalandır.

Spiker vurğulayıb ki, Laçın yolunun Ermənistan-Azərbaycan sərhədində sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması barədə Azərbaycanın təklifi bu yolun istifadəsində şəffaflığı təmin edəcək, lakin erməni tərəfi bunda maraqlı deyil və təklifi qəbul etmir. Həmçinin, Üçtərəfli Bəyanata uyğun olaraq Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəlikləri hələ də yerinə yetirmir.

Sahibə Qafarova bildirib ki, Ermənistan tərəfi 2022-ci ilin dekabrında Moskvada xarici işlər nazirlərinin iştirakı ilə planlaşdırılan son görüşü boykot edərək danışıqlar prosesindən birtərəfli qaydada çıxıb və beynəlxalq səylərə zidd olaraq sülh müqaviləsi üzrə birbaşa danışıqların aparılmasına mane olmağa davam edir.

Spiker bildirib ki, Ermənistanın nəyə ümid etdiyi və vaxtı niyə uzatdığı hələ də aydın deyil. Bir şey aydındır ki, sülh sazişinin imzalanması regionumuzda sülhə, sabitliyə və firavanlığa nail olmağın yeganə yoludur. Onun alternativi yoxdur.

Milli Məclisin sədri çıxışında Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri haqqında da danışıb, Azərbaycanın 9 şəhərinin və yüzlərlə kəndinin işğal dövründə yer üzündən silindiyini diqqətə çatdıraraq, görülən işlərin həcminin böyük olduğunu vurğulayıb. O, məlumat verib ki, bu ərazilərin bütün infrastrukturu - yollar, elektrik stansiyaları, su kəmərləri yenidən tikilir. Laçın rayonunda artıq işğaldan azad olunmuş ərazilərdəki üçüncü beynəlxalq hava limanı inşa olunur. Görülən işlərin miqyasının aydın təsəvvür edilməsi baxımından qeyd olunub ki, 2021-2022-ci illərdə Azərbaycan hökuməti bərpa işlərinə təxminən 4 milyard ABŞ dolları xərcləyib, bu il isə bu məqsədlər üçün ən azı 1,7 milyard ABŞ dolları ayrılması planlaşdırılır. Həmçinin, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün qəbul edilən "Böyük Qayıdış" Proqramı da uğurla icra edilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu, milli hökumətlər tərəfindən postmünaqişə dövründə icra olunan nadir və daha öncə görünməmiş bir inkişaf və yenidənqurma modelidir.

Spiker fürsətdən istifadə edərək işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistanın məktəb, Qazaxıstanın isə yaradıcılıq mərkəzi tikməsinə görə özbək və qazax həmkarlarına minnətdarlığını bildirib. Vurğulayıb ki, bu, xalqlarımız arasında qardaşlıq, dostluq və həmrəyliyin bariz nümunəsidir.

Artıq Azərbaycanın Qarabağ iqtisadi rayonunun erməni sakinləri ilə dialoq qurmaq üçün addımlar atılır. Martın əvvəlində Xocalıda onlarla bu məsələlərə cavabdeh olan şəxs arasında görüş keçirilib. Həmin şəxs həm də Milli Məclisin deputatıdır. Bu dialoq davam edəcək. Azərbaycan Qarabağda yaşayan erməni vətəndaşlarını cəmiyyətə yenidən inteqrasiya etməkdə qərarlıdır. Bu, sırf Azərbaycanın daxili işidir. Onların hüquqları və təhlükəsizliyi Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericilik aktlarına uyğun olaraq təmin ediləcək.

Milli Məclisin sədri çıxışında həmçinin MDB Parlamentlərarası Assambleyasının fəaliyyətinə də toxunaraq, bildirib ki, MDB Parlamentlərarası Assambleyası birlik ölkələri arasında əməkdaşlığın effektiv mexanizmi kimi ötən dövr ərzində böyük inkişaf yolu keçərək bu gün qarşılıqlı əlaqələrin müxtəlif sahələrinə öz töhfəsini verən mühüm parlamentlərarası instituta çevrilib. Sahibə Qafarova Azərbaycan Respublikası Milli Məclisinin MDB Parlamentlərarası Assambleyası çərçivəsində fəaliyyətə həmişə önəm verdiyini, yeni ideya və təkliflər irəli sürərək təşkilatın fəaliyyətinin və parlamentlərarası əməkdaşlığın möhkəmlənməsində fəal iştirak etdiyini bildirib.

Milli Məclisin sədri Sahibə Qafarova aprelin 14-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 55-ci plenar iclasının yekunlarına həsr olunmuş brifinqdə Ermənistan parlamenti sədrinin ölkəmiz haqqında yalan və əsassız iddialarına cavab verib.  

Spiker bildirib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 30 illik işğalı zamanı meşələrimizi və qoruqlarımızı məhv edən, təbii sərvətlərimizi qanunsuz istismar edən, torpaq və çayları çirkləndirən bir ölkənin nümayəndəsi kimi Ermənistan parlamenti sədrinin Azərbaycanın suveren ərazilərində hər hansı "ekoloji narahatlıqlar" barədə danışmağa mənəvi haqqı yoxdur.

Milli Məclisin sədri qeyd edib ki, Ermənistan tərəfi nədənsə Beynəlxalq Məhkəmənin əsassız saydığı və Ermənistanın Azərbaycan hökuməti tərəfindən Laçın yolunda etirazların təşkili və dəstəklənməsinə dair, eləcə də Ermənistandan təbii qaz tədarükünün və digər ictimai xidmətlərin göstərilməsinin dayandırılması ilə bağlı iddialarını tamamilə rədd etdiyi barədə susur. Məhkəmənin qərarı, həmçinin Laçın yolundan qeyri-qanuni hərbi və iqtisadi məqsədlər üçün istifadənin yolverilməzliyi ilə bağlı Azərbaycanın mövqeyi ilə də uyğundur.

Sahibə Qafarova brifinqdə deyib ki, Azərbaycanın erməni vətəndaşlarına qarşı hansısa “terror” iddialarının absurdluğu ondan ibarətdir ki, bu iddialar 30 illik işğal dövründə etnik təmizləmə və kütləvi qətllər törətmiş, 1 milyona yaxın azərbaycanlını öz doğma yurdlarından zorla qovaraq, Azərbaycana məxsus bütün tarixi və dini abidələri vəhşicəsinə məhv edən bir ölkənin nümayəndəsi tərəfindən irəli sürülür. 

Sahibə Qafarova həmçinin vurğulayıb ki, Azərbaycanın Ermənistanın suveren ərazisini işğal etməsi ilə bağlı iddialar tamamilə əsassızdır. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini 30 il işğal altında saxlamış və Qazax rayonunun 7 kəndini və Naxçıvan Muxtar Respublikasının Kərki kəndini hələ də işğal altında saxlayan ölkə olaraq Ermənistan danışıqlar masasına qayıtmalı və sülh müqaviləsi, eləcə də Azərbaycan- Ermənistan sərhədinin delimitasiyası üzərində işi davam etdirməlidir.

 

Arxiv üzrə axtarış