2022-11-09

Zəfər Günündə ulu öndər Heydər Əliyevin Sankt-Peterburqdakı barelyefi ziyarət edilib

8 noyabr 2022-ci il tarixində Sankt-Peterburqda Vətən müharibəsində Zəfərimizin ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov iştirakçıları Zəfər Günü münasibətilə təbrik edib. O, Qarabağ münaqişəsinin tarixindən ətraflı danışaraq qeyd edib ki, Azərbaycan rəhbərliyinin münaqişəni sülh yolu ilə həlli üçün bütün səylərinə baxmayaraq, Ermənistan tərəfi problemin həllini hər yolla uzadırdı. Belə bir şəraitdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb və nəticədə torpaqlarımız azad edilib. Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci ilin sentyabr – noyabr aylarında 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfər Azərbaycan tarixinin müstəsna əhəmiyyətli hadisəsidir. Döyüş meydanında Ermənistan Silahlı Qüvvələrinin darmadağın edilməsi, 30 ilə yaxın işğal altında saxlanılan Azərbaycan torpaqlarının əsarətdən qurtarılması, dövlətimizin ərazi bütövlüyünün bərpa olunması ilə nəticələnmiş qələbə tariximizə qızıl hərflərlə yazılmışdır. Azərbaycan xalqı, Azərbaycan Ordusu ölkənin suverenliyi və ərazi bütövlüyü naminə “dəmir yumruq” kimi birləşib.

Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğu tərəfindən təşkil olunan tədbirdə iştirak edən Baş konsulluğun əməkdaşları, şəhər ictimaiyyətinin və diaspor nümayəndələri Qoroxovaya küçəsi, ev 6-da Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirə lövhəsinin ətrafına toplaşaraq gül dəstələri qoyublar, xatirə şəkili çəkdiriblər. Sankt-Peterburqdakı Azərbaycan diasporunun nümayəndələri torpaqlarımızın işğaldan azad edilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycanın rəşadətli Ordusuna minnətdarlıqlarını bildiriblər.

Tədbirdən sonra iştirakçılar Baş konsulluğun inzibati binasında yaradılmış Zəfər guşəsi ilə tanış olublar, xatirə şəkilləri çəkdiriblər.

Arxiv üzrə axtarış