Sankt-Peterburqun Qanunvericilik Məclisinin sədri Aleksandr Belski ilə görüş keçirilmişdir
26 sentyabr 2022-ci il tarixində Sankt-Peterburqun Qanunvericilik Məclisinin sədri Aleksandr Belski ilə Baş konsul Sultan Qasımov arasında görüş keçirilmişdir.
İlk öncə Aleksandr Belskini salamlayaraq, Azərbaycanla Rusiya arasında yüksək səviyyədə siyasi dialoqun, strateji tərəfdaşlıq münasibətlərinin mövcud olmasını məmnunluqla qeyd edən S.Qasımov Azərbaycan ilə Sankt-Peterburq arasında bütün sahələr üzrə münasibətlərin inkişafından danışdı. Söhbət zamanı Baş konsul Azərbaycanla Rusiya arasında bir çox sahələrdə qurulmuş əlaqələr, xüsusilə parlamentlərarası, humanitar, mədəniyyət, iqtisadiyyat və strateji tərəfdaşlığın səmərəli inkişafına toxundu.
S.Qasımov cari ildə Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə diqqət yetirərək, ölkələrimiz arasında əməkdaşlığın və o cümlədən parlamentlərarası əlaqələrin dövlətlərarası münasibətlər sistemində mühüm yer tutduğunu, bu sahədə əlaqələrimizin dərinləşməsinin digər sahələrə də öz müsbət təsirini göstərdiyini bildirdi. Baş konsul münasibətlərin inkişafının məntiqi nəticəsi kimi cari ilin fevral ayının 22-də iki ölkə arasında “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin imzalanmasını qeyd etdi.
Sankt-Peterburqun Qanunvericilik Məclisinin sədri Aleksandr Belski iki ölkə arasında əlaqələrin dərin tarixə malik olduğunu qeyd etdi. Eyni zamanda, qarşılıqlı səfərlərin qanunverici orqanlar arasında münasibətlərin dərinləşdirməsinə xidmət etdiyini vurğuladı.
Görüşün sonunda qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər müzakirə olundu.