2021-11-10

Zəfər Günündə ulu öndər Heydər Əliyevin Sankt-Peterburqdakı barelyefi ziyarət edilib

08 noyabr tarixində Sankt-Peterburqda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Mərasimdə çıxış edən Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov iştirakçıları Zəfər Günü münasibətilə təbrik edib. O, Qarabağ münaqişəsinin tarixindən ətraflı danışaraq qeyd edib ki, Azərbaycan rəhbərliyinin problemin sülh yolu ilə həlli üçün bütün səylərinə baxmayaraq, erməni tərəfi vəziyyəti diplomatik cəhətdən tam çıxılmaz vəziyyətə saldı. Belə bir şəraitdə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı, nəticədə torpaqlarımız azad edildi. Azərbaycan xalqı, Azərbaycan Ordusu ölkənin suverenliyi və ərazi bütövlüyü naminə “dəmir yumruq” kimi birləşdi.

Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğu tərəfindən təşkil olunan tədbirdə iştirak edən konsulluğun əməkdaşları, şəhər ictimaiyyətinin və diaspor nümayəndələri Qoroxovaya küçəsi, ev 6-da görkəmli siyasi və dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin şərəfinə ucaldılmış xatirə lövhəsinin önünə toplaşaraq barelyef önünə gül dəstələri qoyublar.

Sankt-Peterburqdakı Azərbaycan diasporunun nümayəndələri torpaqlarımızın işğaldan azad edilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycanın rəşadətli Ordusuna minnətdarlıqlarını bildiriblər.

Arxiv üzrə axtarış