Sankt-Peterburqda Rusiya Etnoqrafiya Muzeyində “Tale ipini xalçaya toxuyaraq... Azərbaycan dekorativ-tətbiqi sənəti Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasında” adlı sərgi keçirilib
Cari ilin 18 fevral tarixində Sankt-Peterburq şəhərində Rusiya Etnoqrafiya Muzeyinin və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı Sankt-Peterburq Hökumətinin və Baş konsulluğun iştirakı ilə “Tale ipini xalçaya toxuyaraq... Azərbaycan dekorativ-tətbiqi sənəti Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasında” adlı sərginin açılış mərasimi baş tutmuşdur.
Rusiya Etnoqrafiya Muzeyi və Azərbaycan Milli Xalça Muzeyinin əməkdaşlığı nəticəsində həyata keçirilmiş sərginin açılışında Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, Etnoqrafiya muzeyinin direktoru Yuliya Kupina, Sankt-Peterburq hökumətinin Millətlərarası münasibətlər və miqrasiya siyasəti Komitəsinin sədri Oleq Kapitanov, Xarici Əlaqələr Komitəsinin sədr müavini Nizami Məmişov, RF Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı nümayəndəliyinin rəhbəri Vladimir Zapevalov, Baş konsul Sultan Qasımov və diplomatlar, Azərbaycanın Rusiyadakı Səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Nigar Axundova, Azərbaycanın Əməkdar artistləri Regina Rüstəmova, Elnara Məmmədova və Həsən Bağırov, ziyalılar, mədəniyyət və incəsənət xadimləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, diaspor və AMOR gənclər təşkilatının fəalları iştirak ediblər. Sərginin açılışında çıxış edən Rusiya Etnoqrafiya muzeyinin direktoru Yuliya Kupina tədbir iştirakçılarını salamlayaraq muzeydə saxlanılan Azərbaycan xalçalarının tarixi barədə danışdı. O bildirib ki, müxtəlif dövrlərdə əldə edilmiş Azərbaycan xalçaları muzeyin tətbiqi incəsənət nümunələrini təşkil edən zəngin fondunda xüsusi yer tutur və kolleksiya muzey üçün çox dəyərlidir. Çıxışının davamında xanım Y.Kupina Azərbaycan Milli Xalça Muzeyi ilə səmərəli və sıx əməkdaşlıqları barədə danışdı və bu sərginin ərsəyə gəlməsində xidməti olmuş bütün xadimlərə dərin təşəkkürünü bildirdi.
Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova Azərbaycan xalqının zəngin mədəni irsinin bariz nümunəsi olan və dünyanın aparıcı muzeylərində saxlanılan qədim Azərbaycan xalçaları barədə danışdı. O bildirdi ki, xalçaçılıq Azərbaycan mədəniyyətinin tərkib hissəsidir. Ş.Məlikova rəhbərlik etdiyi Milli xalça muzeyinin dünyanın aparıcı muzeyləri ilə həyata keçirdiyi elmi tədqiqat fəaliyyəti barədə məlumat verdi. Azərbaycanda ölkə rəhbərliyi səviyyəsində mədəniyyətə, incəsənətə, xüsusilə qədim xalçaçılıq sənətinin qorunmasına və inkişafına yetirilən yüksək diqqət barədə danışdı. Şirin Məlikova sərgi layihəsinin Azərbaycan Respublikasında xalçaçılıq sənətinin qorunması və inkişafına yönəlmiş Dövlət proqramı çərçivəsində həyata keçirildiyini vurğuladı. Çıxışının yekununda Milli xalça muzeyinin direktoru Azərbaycan xalçalarının təbliği sahəsində fəaliyyət göstərmiş həmkarlarına dərin təşəkkürünü bildirdi.
Sankt-Peterburq hökumətinin Millətlərarası münasibətlər və miqrasiya siyasəti Komitəsinin sədri Oleq Kapitanov Rusiyanın çoxmillətli və çoxkonfesional ölkə olduğunu, burada yaşayan xalqların mədəniyyətinə və incəsənətinə önəm verildiyini qeyd etdi. O bildirdi ki, Rusiyanın mədəni paytaxtı Sankt-Peterburqda keçirilən və Azərbaycan xalqının mədəni irsinin zəngin milli koloritini özündə əks etdirən sərgi şəhər üçün əlamətdar hadisədir. Cənab O.Kapitanov Azərbaycan xalqı üçün qədim xalçaçılıq sənətinin qürur mənbəyi olduğuna diqqət yetirərək, sərgi təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi.
Tədbirin davamında çıxış edən Baş konsul Sultan Qasımov Rusiya Etnoqrafiya Muzeyinin və Azərbaycan Milli Xalça Muzeyinin rəhbərliyinə, tədbirin təşkilində əməyi keçmiş bütün heyətə dərin təşəkkürünü bildirdi. Diplomat Azərbaycanla Rusiyanı tarixi əlaqələrin birləşdirdiyini, dost xalqlarımızın əsrlər boyu birlikdə yaşadığını qeyd etdi. Qurulmuş sıx dostluq əlaqələrinin nəticəsində mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın daima inkişaf etdiyinə diqqət yetirdi. Baş konsul qeyd etdi ki, Azərbaycan xalqının qədim tarixi və mədəniyyətini özündə təcəssüm edən xalçaların Rusiyanın və dünyanın aparıcı muzeylərində qorunması Azərbaycan mədəniyyətinə verilən yüksək dəyərdən bəhs edir. Baş konsul Sultan Qasımov Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin inkişaf etdiyini, iqtisadi və strateji tərəfdaşlığın gücləndiyini bildirdi. Diplomat ikitərəfli münasibətlərin və dostluq əlaqələrinin qorunmasına dövlət başçıları səviyyəsində xüsusi diqqətin yetirildiyini vurğuladı.
Azərbaycanın Rusiyadakı Səfirliyinin nümayəndəsi Nigar Axundova xalça sərgisinin mədəni irsinin mahiyyətini əks etdirdiyini və Azərbaycanla Rusiya arasında humanitar əməkdaşlığın, mədəniyyətlərarası dialoqun qurulmasına töhfə verdiyini, muzey eksponatlarının tədqiqatına və qorunmasına xidmət etdiyini vurğuladı.
Sərginin davamında Xarici Əlaqələr Komitəsinin sədr müavini Nizami Məmişov, RF Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı nümayəndəliyinin rəhbəri Vladimir Zapevalov və diaspor sədri Vaqif Məmişev çıxış ediblər.
Çıxış edənlər Rusiya Etnoqrafiya Muzeyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə və möhtəşəm layihəsi olan sərginin xalqlarımız üçün kəsb etdiyi əhəmiyyətdən və dostluq əlaqələrinin möhkəmlənməsinə göstərdiyi əvəzsiz xidmətdən danışdılar.
Ekspozisiyaya Rusiya muzeyində saxlanılan xalçalar və tətbiqi sənət nümunələri daxil edilib. Sərginin açılış mərasimində iki muzeyin əməkdaşlığının nəticəsi olaraq hazırlanmış “Taleyin saplarını xalçaya toxuyarkən” adlı kataloqun təqdimatı da keçirilib. Sərginin ziyarətçiləri Azərbaycan sənətkarlarının əl işi olan 40-dan çox nadir xalça və xalça məmulatı, tətbiqi sənət nümunələri ilə tanış olublar. Ekspozisiyaya daxil edilən xalçaların əksəriyyəti XIX əsrin sonları - XX əsrin əvvəllərində toxunub. Ən qədim xalça isə XVIII əsrə aid “Suraxanı” xalçasıdır. Xalçalarla yanaşı sərgidə milli geyimlər, bəzək əşyaları və mis qablar nümayiş etdirilib.
Tədbirin davamında həmvətənlərimiz, Azərbaycan Respublikasının Əməkdar artistləri Sankt-Peterburqun “Mariinskiy” teatrının solisti Regina Rüstəmova, David Qoloşyokin adına jazz filarmoniyasının solisti Həsən Bağırov və Moskvanın Gelikon operasının solisti Elnarə Məmmədovanın ifasında tanınmış bəstəkarların repertuarından operalar və jazz-muğam əsərləri səsləndi. Konsert proqramı iştirakçılar tərəfindən gur alqışlarla qarşılandı. Mədəni hissənin sonunda qonaqlara Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi adından milli mətbəx və şirniyyatlarla zəngin furşet ziyafəti verildi.
Tədbirin yekununda Azərbaycan Milli Xalça Muzeyi və Rusiya Etnoqrafiya Muzeyinin həyata keçirdiyi birgə layihənin bəhrəsi olan və Rusiyada nəşr edilmiş “Taleyin saplarını xalçaya toxuyarkən” adlı kataloq qonaqlara hədiyyə edildi.
Tədbir “Sankt-Peterburq” televiziya kanalının və “AzTv” televiziya kanalının xəbərlər buraxılışında, o cümlədən “Azərtac” informasiya agentliyi və yerli portallarda geniş işıqlandırılıb.