2017-12-30

Baş konsulu Sultan Qasımov Sankt-Peterburqun “Mariinskiy” teatrının bədii rəhbəri Valeriy Gergiyevlə görüşüb.

30 dekabr 2017-ci il tarixində Peterburqun “Mariinskiy” teatrının bədii rəhbəri Valeriy Gergiyev Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımovu teatrda keçirilən konsertə dəvət etmişdir. Konsertdən sonra “Mariinskiy” teatrının bədii rəhbəri Valeriy Gergiyev Baş konsul Sultan Qasımovla öz iş otağında görüşmüşdür.
                                                                                                                 
Görüş zamanı tərəflər Rusiya ilə Azərbaycan arasındakı mədəni əlaqələr barədə danışıblar, Baş konsulluqla “Mariinskiy” teatrı arasında əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Maestro Valeriy Gergiyev son dəfə 2008-ci ildə Azərbaycana baş tutmuş səfəri barədə xoş xatirələri ilə Baş konsul Sultan Qasımovla bölüşüb. O, dahi azərbaycanlı bəstəkar Arif Məlikova böyük hörmət bəslədiyini bildirib. Cənab V.Gergiyev Azərbaycanın SSRİ və dünyaya bir çox tanınmış mədəniyyət və incəsənət xadimlərini bəxş etdiyini qeyd edib. Mestro V.Gergiyev Sankt-Peterburqun aparıcı mədəniyyət mərkəzlərindən olan “Mariinskiy” teatrı ilə ölkəmiz arasında əlaqələrinin inkişaf etdirilməsi və gələcəkdə Heydər Əliyev Fondu ilə birgə mədəni layihələrin həyata keçirilməsində maraqlı olduqlarını qeyd edib. V.Gergiyev mədəniyyət sahəsində əməkdaşlıq məsələlərinin müzakirə edilməsi üçün Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyeva ilə görüşmək arzusunda olduğunu və böyük məmnuniyyətlə Azərbaycana konsert proqramı ilə səfər etmək niyyətini Baş konsul Sultan Qasımova bildirib.  Baş konsul Sultan Qasımov Heydər Əliyev Fondunun Azərbaycanın tarixi və mədəni irsinin dünyada, o cümlədən Rusiyada təbliğ edən bir çox əhəmiyyətli layihələri həyata keçirdiyini qeyd edib. Diplomat Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın mədəniyyətin və müasir incəsənətin inkişafına xüsusi diqqət yetirdiyini vurğulayıb.                                                                                                     
Azərbaycan-Rusiya mədəni əlaqələrinin yüksək səviyyəsindən danışan Baş konsul Sultan Qasımov, ölkəmizin Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlunun bu əlaqələrin möhkəmlənməsində böyük rolu olduğunu vurğulayıb.       
Görüşün davamında diplomat “Marrinskiy” teatrının istedadlı azərbaycanlı solistlərinin gələcəyi və teatrdakı perspektivləri barədə söz açıb. Baş konsul Sultan Qasımov azərbaycanlı istedadların peşə fəaliyyətlərində uğurlu olacaqlarına inandığını bildirib. Maestro V.Gergiyev “Mariinskiy” teatrının səhnəsində yer alan azərbaycanlı opera ifaçıları və musiqiçilərinin yüksək peşəkarlıq nümayiş etdirdiklərini və parlaq gələcəyə malik olduqlarını qeyd edib.                                                                                       
Qeyd etmək istərdik ki, bir neçə gün öncə Baş konsul Sultan Qasımov “Mariinskiy” teatrının baş direktoru Larisa Gergiyeva ilə də görüşüb. Görüş zamanı Larisa Gergiyeva Baş konsula teatrın əslən azərbaycanlı solisti, opera ifaçısı Regina Rüstəmovanın böyük istedada malik olduğunu bildirib. L.Gergiyeva Baş konsulluq tərəfindən istedadlı həmyerlimizə diqqətin və dəstəyin artırılmasını xahiş edib.   Mariinskiy teatrının rəhbərliyi ilə keçirilmiş görüşlər nəticəsində Baş konsulluqla teatr arasında əməkdaşlığın genişləndirilməsi və Azərbaycana səfərlərin təşkil edilməsi istiqamətində lazımi addımların atılması barədə razılıq əldə edilmişdir.  

Arxiv üzrə axtarış