Cari ilin 29 noyabr 2016-cı il tarixində Baş konsul Sultan Qasımov Baş konsulluqda Sankt-Peterburq hökumətinin Mətbuat və kütləvi informasiya vasitələri ilə əlaqələndirmə komitəsinin sədri Sergey Serezleyevlə görüşdü.
Görüşdə Rusiyanın “Sankt-Peterburq” dövlət televiziya kanalının baş direktoru Boris Petrov, Sankt-Peterburq hökumətinin Xarici əlaqələr komitəsinin nümayəndəsi Viktor Tominskiy və Baş konsulluğun diplomatları iştirak ediblər. Söhbət zamanı Sankt-Peterburq hökumətinin Mətbuat və kütləvi informasiya vasitələri ilə əlaqələndirmə komitəsinin sədri Sergey Serezleyev Bakıya baş tutmuş səfəri barədə xoş təəssüratları ilə bölüşdü. S.Serezleyev Azərbaycanla Rusiya arasında tarixi zəminə dayanan dostluq münasibətlərin bu gündə yüksək səviyyədə olduğunu qeyd etdi. O, rəhbərlik etdiyi komitənin Baş konsulluqla əməkdaşlıq etməyə hazır olduğunu bildirdi. Baş konsul Sultan Qasımov komitə sədrinə və nümayəndələrə dəvətini qəbul etdiklərinə görə təşəkkürünü bildirərək Azərbaycanla Rusiya arasındakı münasibətlərin tarixi əlaqələr və mehriban qonşuluq siyasəti üzərində qurulduğunu və dostluq münasibətlərinin dövlət başçıları səviyyəsində davam etdirildiyini diqqətə çatdırdı. Ölkəmizin Rusiyanın bir çox bölgələri, o cümlədən Sankt-Peterburqla əlaqələrin genişlənməsində maraqlı olduğunu deyən Baş konsul, yerli ictimaiyyətin Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, turizm potensialı, inkişaf edən iqtisadiyyatı, ticarət və biznes sahələrindəki imkanları barədə məlumatlandırımasının vacibliyini vurğuladı.
Cənab S.Serezleyev qeyd olunan sahələrdə əməkdaşlığın Komitənin birbaşa funksiyalarına daxil olduğunu qeyd deyərək Sankt-Peterburqun aparıcı televiziya kanallarında, qəzet və nəşrlərində, internet portallarında Azərbaycan haqqında veriliş, film və digər materialları yayımlamağa hazır olduqlarını qeyd etdi. S.Serezleyev həmçinin, Azərbaycanın rəsmi nümayəndə heyətlərinin Sankt-Peterburqa səfərlərini, onlarla müsahibələrin təşkil edilməsinin mümkün olduğunu bildirdi və Sankt-Peterburq kanallarının kabellə yanaşı peyk vasitəsilə də geniş yayım sahəsini əhatə etdiyini diqqətə çatdırdı. Baş konsul Sultan Qasımov Sankt-Peterburq hökumətinin müvafiq komitələrinin dəstəyi ilə Rusiya KİV-də Azərbaycanla bağlı maraqlı layihələrin həyata keçirilməsi istiqamətində lazımi tədbirlərin görüləcəyini bildirdi.
Görüşün yekununda Sankt-Peterburq hökumətinin Mətbuat və kütləvi informasiya vasitələri ilə əlaqələndirmə komitəsinin sədri Sergey Serezleyev Baş konsul Sultan Qasımova səmimi qarşılamaya görə minnətdarlıq bildirdi. Baş konsulluq adından qonaqlara Azərbaycan istehsalı olan şirniyyat, şərab və “Bakı” jurnalının son nömrələrindən ibarət hədiyyə dəstləri təqdim olundu.
Keçirilmiş görüş nəticəsində Sankt-Peterburq hökumətinin müvafiq Komitələri vasitəsi ilə ölkəmizin yerli kütləvi informasiya vasitələrində təbliğ edilməsi barədə razılıq əldə edildi.