Konsulluq xidmətləri
Azərbaycan Respublikası vətəndaşlığından çıxma qaydaları

Vətəndaşların nəzərinə!

Konsulluq xidmətləri ilə bağlı Baş Konsulluq tərəfindən müraciətlərin qəbulu Konsulluq əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyasına əsasən konsulluq dairəsi üzrə müəyyən olunmuş ərazilər üzrə həyata keçirilir (Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunun konsulluq dairəsinin siyahısı).

Azərbaycan Respublikası vətəndaşlığından çıxma ilə bağlı müraciətlərin Baş Konsulluq tərəfindən qəbulu qeyri-iş günləri istisna olmaqla həftənin bütün iş günləri (Bazar ertəsi – Cümə, saat 09.00-dan 12.30-dək) aparılır.

Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi üçün tələb olunan sənədlər:

  1. Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi üçün Azərbaycan Respublikası Prezidentinin adına ərizə-anket (Azərbaycan dilində və elektron qaydada doldurulması tələb olunur - 5 nüsxə);
  2. 5 ədəd rəngli fotoşəkil (3,5 x 4,5 sm ölçüdə - fotoşəkillər ərizə-anketin üz səhifəsindəki fotoşəkil yerinə yapışdırılmalıdır);
  3. Ərizəçinin şəxsiyyətini təsdiq edən və digər mövcud sənədlərin surəti (ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi bilet, nikah haqqında şəhadətnamə və s. – 5 nüsxə);
  4. Tərcümeyi-hal (elektron qaydada - 5 nüsxə);
  5. Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi üçün səbəbini göstərməklə Azərbaycan Respublikası Prezidentinin adına ərizə (sərbəst formada, elektron qaydada - 5 nüsxə);
  6. Baş Konsulluğa ərizə (elektron qaydada - 1 nüsxə);
  7. Ərizəçinin Rusiya Federasiyasında yaşadığını təsdiq edən sənəd (Rusiya Federasiyasının pasportu, yaşayış icazəsi və.s – 5 nüsxə);
  8. Ərizəçinin valideyinlərinin, o cümlədən digər ailə üzvlərinin sənədlərinin surəti (5 nüsxə);
  9. Dövlət rüsumunun Baş Konsulluğun bank hesabına ödənilməsini təsdiq edən qəbz.

Bank rekvizitləri: Ф.ОПЕРУ Банка ВТБ (ПАО) г. Санкт-Петербург, ИНН: 9909058879, Расчетный счет: 40807810739800000004, Корреспондентский счет: 30101810200000000704, БИК: 044030704, КПП: 784061001

Qeyd: “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 16.2.2-ci maddəsinə əsasən vətəndaşlığa xitam verilməsi üçün vəsatətin rəsmiləşdirilməsinə görə 60 ABŞ dolları məbləğində dövlət rüsumu ödənilir. Baş Konsulluqda nağd ödəniş qəbul edilmir.

Qeyd: Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi müraciətlərinə baxılması 18 ayadək davam edə bilər.

Qeyd: Nəzərə alınmalıdır ki, müraciətçinin xarici dillərdə olan sənədləri Azərbaycan dilinə notarial qaydada təsdiq olunmuş tərcüməsi ilə birgə təqdim edilməlidir.

Qeyd: Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi üçün sənədlər tam və düzgün tərtib edilmədiyi təqdirdə icraata qəbul olunmadan düzəliş edilməsi üçün ərizəçiyə geri qaytarılacaqdır.

Əgər ərizəçi 14 yaşı tamam olmayan azyaşlı uşağı (uşaqları) ilə birgə vəsatəti təqdim edirsə:

1. həmin uşaq (uşaqlar) haqqında məlumatlar valideyn tərəfindən doldurulan ərizə - anketə yazılmalıdır (ərizə-anketin 14-cü bəndi);

2. uşağın (uşaqların) fotoşəkilləri valideynin ərizə - anketində valideynin şəklinin yanına yapışdırılmalıdır;

3. uşağa (uşaqlara) aid sənədlərin surəti və Azərbaycan dilinə tərcümələri əlavə edilməlidir (pasport, şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə və s.);

4. uşağın Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsinə etiraz edilmədiyinə dair digər valideynin razılıq ərizəsi (ərizə notariat qaydasında təsdiq edilməli və tərcümə olunmalıdır. Əgər sənədlər ərizəçilər tərəfindən Baş Konsulluğa şəxsən təqdim edilirsə, razılıq ərizəsinin notariat qaydasında təsdiq edilməsinə ehtiyac yoxdur) və ya valideynlərdən birinin ölüm haqqında şəhadətnaməsi, boşanma haqqında məhkəmə qərarı və s.

 

Əgər ərizəçi 14 – 18 yaşında olan uşaqları ilə birgə vəsatəti təqdim edirsə:

 

1. həmin uşaq (uşaqlar) haqqında məlumatlar valideyn tərəfindən doldurulan Ərizə - anketə yazılmalıdır (ərizə-anketin 14-cü bəndi);

2. Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi üçün Azərbaycan Respublikası Prezidentinin adına ərizə-anket (5 nüsxə);

3. 5 ədəd rəngli fotoşəkil (3,5 x 4,5 sm ölçüdə - fotoşəkillər ərizə-anketin üz səhifəsindəki fotoşəkil yerinə yapışdırılmalıdır);

4. uşağa (uşaqlara) aid sənədlərin surəti və Azərbaycan dilinə tərcümələri əlavə edilməlidir (pasport, şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə və s.);

5. Tərcümeyi-hal;

6. uşağın (uşaqların) valideynlə birgə Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsinə etiraz etmədiyinə dair razılıq ərizəsi (ərizə notariat qaydasında təsdiq edilməli və tərcümə olunmalıdır. Əgər sənədlər ərizəçilər tərəfindən Baş Konsulluğa şəxsən təqdim edilirsə, razılıq ərizəsinin notariat qaydasında təsdiq edilməsinə ehtiyac yoxdur);

7. hər iki valideynin uşağın (uşaqların) Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsinə etiraz etməməsinə dair razılıq ərizəsi (ərizə notariat qaydasında təsdiq edilməli və tərcümə olunmalıdır. Əgər sənədlər ərizəçilər tərəfindən Baş Konsulluğa şəxsən təqdim edilirsə, razılıq ərizəsinin notariat qaydasında təsdiq edilməsinə ehtiyac yoxdur) və ya valideynlərdən birinin ölüm haqqında şəhadətnaməsi, boşanma haqqında məhkəmə qərarı və s.

DİQQƏT: Rusiya Federasiyası vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşının “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna əsasən bu barədə məlumatın verilməsi üçün bir ay müddətində ərizə-anket dolduraraq Azərbaycan Respublikasının ümumvətəndaş pasportunun və Rusiya Federasiyasının pasportunun surəti ilə birlikdə Baş Konsulluğa təqdim etməsi tövsiyə olunur.   

Qeyd: Sənədlərin Baş Konsulluğa göndərilməsində və geri təhvil alınmasında СДЭК poçt xidmətindən (vətəndaşın sifarişi və ödənişi əsasında) də istifadə oluna bilər. Bu halda üzərində müraciət etmiş şəxsin ünvanı yazılmış və poçt markası yapışdırılmış zərfin təqdim edilməsi zəruridir. Baş Konsulluq sənədlərin poçt vasitəsi ilə göndərilməsi zamanı poçt idarələri tərəfindən itirilməsi və ya korlanmasına görə hər hansı məsuliyyət daşımır.

Qeyd: Sənədləri təqdim edərkən əlaqə məlumatlarınızı (telefon nömrəsi, ünvan, elektron poçt ünvanı və s.) qeyd etməyi unutmayın.

Son yenilənmə tarixi: 22.01.2025



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti