Səyahət xəbərdarlığı

Rusiya Federasiyasına səfərlə bağlı ölkə qanunvericiliyinin tələbləri.

 

  • Əcnəbi vətəndaşların Rusiya Federasiyası ərazisinə girişi və çıxışı “Rusiya Federasiyasından çıxış və Rusiya Federasiyasına giriş qaydaları haqqında” 114-FZ nömrəli 15.08.1996-ci il tarixli Federal qanuna uyğun olaraq həyata keçirilir. Sözügedən qanunun 27-ci maddəsinə əsasən xarici vətəndaşın və ya vətəndaşlığı olmayan şəxsin Rusiya ərazisinə girişinə qadağa qoyulan hallar aşağıdakılardır:
  1. Dövlətin müdafiəsi, dövlət təhlükəsizliyi, ictimai asayiş və əhalinin sağlamlığının qorunması məqsədləri tələb edirsə;
  2. Şəxsə qarşı inzibati qaydada çıxarılma, deportasiya və ya readmissiya proseduru ilə xarici dövlətə verilməsi barədə qərar qəbul edilibsə - bu hallarda 5 il giriş qadağası tətbiq edilə bilər;
  3. Şəxs bir və ya bir neçə dəfə inzibati qaydada çıxarılıb, deportasiya edilib və müvafiq dövlət proseduru ilə xarici dövlətə verilibsə - bu halda girişin qadağası 10 ilə qədər uzadıla bilər;
  4. Şəxsin ölkəyə girişinə məhdudiyyət qoyulubsa, sərhəd nəzarət orqanları onun şəxsiyyətini təsdiq edən sənədində müvafiq qeyd aparırlar və şəxsə yazılı bildiriş verilir.
  • Əcnəbi vətəndaşların ölkə hüdudlarından inzibati qaydada məcburi çıxarılması   195-FZ nömrəli 30.12.2001-ci il tarixli “İnzibati Xətalar Məcəlləsi” Federal qanuna uyğun olaraq həyata keçirilir. Sözügedən qanuna əsasən inzibati qaydada məcburi çıxarılma aşağıdakı hallarda tətbiq oluna bilər:
  1. Xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs miqrasiya qanunvericiliyini (viza və qeydiyyat qaydalarını, qalma müddətini) ciddi şəkildə pozarsa;
  2. İctimai asayişi və dövlət təhlükəsizliyini pozan inzibati xətalar törədərsə;
  3. İnzibati həbs və ya deportasiya ilə əlaqəli məhkəmə qərarı varsa.
  • Məcburi çıxarılma tədbirindən sonra həmin şəxsə 3 ildən 10 ilədək Rusiya  Federasiyasına giriş qadağası qoyula bilər. Giriş qadağasının müddəti törədilmiş pozuntunun xarakterindən asılıdır. Şəxsə qərar barədə yazılı bildiriş verilir. Şəxsin qərardan şikayət etmək hüququ var (məhkəməyə və ya digər müvafiq orqana). Şəxs məhkəmə qərarı icra olunanadək xüsusi mərkəzlərdə (müvəqqəti saxlanma mərkəzlərində) 90 günədək saxlanıla bilər.
  • 30 iyun 2025-ci il tarixindən etibarən Rusiyaya vizasız gələn xarici vətəndaşlar üçün yeni giriş qaydaları üzrə eksperiment aparılır. Belə ki, Rusiya sərhədini keçməzdən əvvəl əcnəbi vətəndaşlar “Gosuslugi RuID” (Dövlət Xidmətləri) mobil tətbiqi vasitəsi ilə elektron ərizə təqdim etmək imkanına malikdirlər. Yeni qayda üzrə eksperiment Rusiya hökumətinin 2024-cü il 7 noyabr tarixli 1510 nömrəli “xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin RF-yə giriş-çıxış qaydaları və şərtlərinin sınaqdan keçirilməsi üzrə eksperimentə dair” qərarına əsaslanır və 30 iyun 2026-cı il tarixinədək davam edəcəkdir. Beləliklə, 30 iyun 2025-ci il tarixindən etibarən əcnəbi vətəndaşlar Rusiyaya daxil olarkən “Gosuslugi RuID” rəqəmsal profilində, sərhədi  keçməzdən 72 saat öncə şəxsi hesab yaratmalı, fotoşəkil və şəxsi məlumatları yükləməli və ölkədə qalma tarixlərini göstərməlidir. Vətəndaşın rəqəmsal profilində onun tam adı, vətəndaşlıq məlumatları, biometrik məlumatlar, iş icazəsi, yaşayış və iş yeri haqqında məlumatlar əks olunur. Bundan əlavə, əcnəbi vətəndaşlar rəqəmsal profildən istifadə etməklə işəgötürənlərlə əmək müqaviləsi bağlamaq, təhsillərini təsdiq etmək, icbari vergi və digər ödənişləri həyata keçirmək, elektron xidmətlərdən istifadə etmək, o cümlədən müvafiq icazələrin müddəti, ölkədə qalma və Rusiyanı tərk etmək zərurəti barədə bildirişləri almaq imkanına malikdirlər.
  • Əcnəbi vətəndaşların Rusiya ərazisində yaşamaq hüququ Rusiya Federasiyasının “Əcnəbi vətəndaşların hüquqi statusu haqqında” 115-FZ nömrəli 25.07.2002-ci il tarixli Federal qanuna uyğun olaraq həyata keçirilir. Xarici vətəndaş Rusiya ərazisinə daxil olduqdan sonra qəbul edən tərəf (işə götürən, yataqxana, ev sahibi, təhsil təşkilatı və s.) və ya şəxs özü müəyyən müddət ərzində (təqdim olunan qaydalara görə) məkan üzrə qeydiyyat üçün müvafiq orqana bildiriş təqdim etməlidir.
  • Qeydiyyat üçün əsas sənədlər: pasport, miqrasiya kartı (giriş zamanı doldurulan), yerləşmə yeri barədə məlumat və qəbul edən tərəfin bildirişi.
  • Xarici vətəndaşın yerləşdiyi yer üzrə qeydiyyata alınması üçün qəbul edən şəxs və ya təşkilat (və ya vətəndaşın özü) elektron və ya yazılı bildiriş təqdim edir. RF orqanlarının qeydiyyatı aparmaq üçün müəyyən prosedurları və müddətləri var. Dövlət xidmətləri portalı (Gosuslugi) və ya yerli daxili işlər orqanları bu prosedurları həyata keçirir.
  • 5 fevral 2025-ci il tarixdən Rusiya ərazisində RF Daxili İşlər Nazirliyi sistemində “Nəzarət Olunan Şəxslərin Reyestri” (Реестр контролируемых лиц) fəaliyyətə verilmişdir. Qeyd olunan reyestrə Rusiya ərazisində qeyri-qanuni olan xarici vətəndaşlar daxil edilir. Reyestrə daxil edilən vətəndaşlara yaşadığı ərazini RF DİN-in icazəsi olmadan tərk etməsi qadağa edilir. Həmin şəxslərə həmçinin ölkə ərazisində daşınmaz əmlakın alınmasını, nəqliyyat vasitələrinin qeydiyyata alınması, nikaha daxil olması, biznes fəaliyyətinin aparılması, bank hesabları və pul köçürmələrinin aparılması və uşaqların məktəb və uşaq baxçalarına yazılması, sürücülük vəsiqəsinin alınması və nəqliyyat vasitələrinin idarə olunması qadağa olunmuşdur. Şəxsin reyestrə daxil olub-olmaması ilə bağlı ətraflı məlumat RF DİN-nin internet saytından (Реестр контролируемых лиц) əldə etmək mümkündür.
  • Rusiya Federasiyasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında" 8 avqust 2024-cü il tarixli, 260-FZ nömrəli Federal Qanunla 1 yanvar - 10 sentyabr 2025-ci il tarixləri ərzində Rusiyada qalma müddəti pozulmuş əcnəbi vətəndaşlar hüquqi statusunu tənzimləmək və tələb olunan icazə sənədlərini almaq məqsədilə Rusiya Federasiyasının daxili işlər orqanları, o cümlədən səlahiyyətli təşkilatlarına (bütün bölgələrdə yerləşən Rusiya DİN-in "PVS" (pasport-viza servisi) Federal Dövlət Unitar Müəssisəsinin filialları və ya "Saxarova" multifunksional miqrasiya mərkəzi Dövlət Büdcə Təşkilatı) müraciət etmək imkanı verilmişdir. "Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında" Federal Qanuna uyğun olaraq, ölkədə qalmaq üçün qanuni əsasları olmayan bütün xarici vətəndaşlar nəzarət edilən şəxslərin reyestrinə daxil edilir, Rusiyadan çıxarılır və ölkə ərazisinə giriş məhdudiyyətləri qoyulur.
  • 1 sentyabr 2025-ci il tarixindən Moskva şəhərinə və Moskva vilayətinə əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə vizasız rejim tətbiq olunan ölkələrdən gələn əcnəbi vətəndaşlara “Amina” adlı xüsusi mobil tətbiqin quraşdırılması tələbi qoyulmuşdur. “Amina” tətbiqi əcnəbi vətəndaşların yerli miqrasiya qaydalarına riayət etmələri, onların hüquq-mühafizə orqanları tərəfindən faktiki yerlərinin müəyyən olunması və digər əhəmiyyətli funksiyaların yerinə yetirilməsi məqsədilə istifadəyə verilmişdir.

“Amina” mobil tətbiqi ilə bağlı aşağıdakı məlumatları diqqətinizə təqdim edirik:

  • Vizasız rejim tədbiq olunan ölkələrdən RF-ə gələn xarici vətəndaşlar “Amina” xüsusi mobil tətbiqini quraşdırmalı, orada qaldıqları yeri göstərməli və geolokasiyanın izlənməsinə razılıq verməlidirlər. Bu prosedur xarici vətəndaşların Çoxfunksiyalı Miqrasiya Mərkəzlərinə (МФЦ) müraciət etməsini və daşınmaz əmlak sahibi olan əcnəbilərin əlavə qeydiyyata alınması ehtiyacını aradan qaldırır;
  • Mobil tətbiqdə avtorizasiya üçün əcnəbi vətəndaşın qüvvədə olan kartı tələb olunur. Onun rəsmiləşdirilməsi üçün xarici vətəndaş Çoxfunksiyalı Miqrasiya Mərkəzlərinə müraciət etməlidir. Kart itirildikdə "Amina" tətbiqində avtorizasiyanı pasport məlumatları ilə keçmək mümkündür;
  • "Amina" xüsusi mobil tətbiqi Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinə geolokasiya məlumatlarını ötürəcəkdir. Əgər bir neçə gün ərzində məlumatların ötürülmədiyi qeydə alınarsa, xarici vətəndaşa olduğu yerin ünvanını təsdiqləmək və ya onun dəyişdirilməsi barədə adı çəkilən quruma məlumat vermək zərurəti haqqında bildiriş göndəriləcəkdir. Bunun üçün daxili işlər orqanlarına və ya Çoxfunksiyalı Miqrasiya Mərkəzlərinə getmək tələb olunmur;
  • “Amina” xüsusi mobil tətbiqindən istifadə zamanı əcnəbi vətəndaşlar 3 gün ərzində abunəçi cihazı üçün geolokasiya məlumatının paylaşımını etmədikləri təqdirdə bu hal onların nəzarət edilən şəxslərin reyestrinə daxil edilməsi ilə nəticələnəcək və ölkədə qalmaq üçün qanuni əsaslar olmadığı hesab edilərək bank kartlarının və mobil sim kartlarının bloklanmasına, habelə deportasiyaya səbəb olacaqdır;
  • Əcnəbi vətəndaşlar paytaxt rayonu daxilində hərəkət edərkən bu barədə üç gün müddətində ərizə vasitəsilə Daxili İşlər Nazirliyinə məlumat verməlidirlər. Başqa rayonlara köçdükdə isə qeydiyyat əvvəlki qaydalarla aparılacaqdır;
  • “Amina” xüsusi mobil tətbiqinin istifadəsi ilə bağlı prosedur qaydalar miqrasiya qeydiyyatı sahəsində korrupsiya ilə mübarizə üçün nəzərdə tutulmuşdur.
  • Eksperiment 2029-cu il sentyabrın 1-dək davam edəcək və 2026-cı il sentyabrın 1-dən Rusiyaya istənilən məqsədlə 90 gündən çox müddətə vizasız gələn xarici vətəndaşlara da şamil edilməsi nəzərdə tutulur;
  • Moskva və Moskva vilayətində miqrasiya qeydiyyatının yeni eksperimental proseduru 121 saylı Federal Qanunla (Dövlət Duması tərəfindən 2025-ci ilin mayında qəbul edilmişdir) təsdiq edilmişdir. Bu, Moskvaya və ya Moskva vilayətinə patentlə və ya onsuz işləmək üçün gələn vizasız rejim tətbiq olunan ölkələrin vətəndaşlarına şamil edilir. Bu kateqoriya əcnəbilər “Amina” xüsusi mobil tətbiqini quraşdırmalı, şəxsi məlumatların, o cümlədən “mobil qurğulardan və geolokasiyadan alınan məlumatlar”ın emalına razılıq verməli, sonra isə “faktiki yer” haqqında məlumatı Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinə (eksperimentin koordinatoru təyin edilmişdir) göndərməlidirlər;
  • Daxili İşlər Nazirliyinin 563 nömrəli əmrində (29 avqustda dərc edilmişdir) göstərilir ki, əcnəbi vətəndaş tərəfindən ünvan (binaların, tikililərin, kommunal mənzillərdə otaqların nömrələrinin və ya torpaq sahələrinin kadastr nömrələrinin göstərilməklə), ünvan məlumatı olmayan yerdə olduqda isə koordinat nöqtələrinin təqdim edilməsi zəruridir. Moskva və Moskva vilayəti daxilində hərəkət edən əcnəbilər bu barədə ərizə vasitəsilə üç gün ərzində Daxili İşlər Nazirliyinə məlumat verməlidirlər (xəstəxanalarda və ya otellərdə olmaq istisna olmaqla - bu məlumatı polisə özləri təqdim etməlidirlər). Başqa rayonlara köçdükdə isə miqrasiya qeydiyyatı əvvəlki qaydalar üzrə aparılacaq;
  • Moskvanın Çoxfunksiyalı Miqrasiya Mərkəzinin məlumatında “Amina” tətbiqi Android sistemli smartfonlar üçün “Rustore” proqramlar mağazasında mövcud olduğu (hələlik “iPhone” üçün versiya yoxdur) qeyd olunmuşdur. Elan edilmişdir ki, istifadəçi əcnəbinin kartından QR kodu daxil etməli, şəkil çəkdirməli və xəritədə yaşayış ünvanını seçməlidir. Həmçinin, qeyd olunur ki, vizasız rejim tətbiq olunan ölkələrin vətəndaşlarının qeydiyyatı üçün əvvəlki prosedur (Çoxfunksiyalı Miqrasiya Mərkəzlərinə müraciət və ya qəbul edən tərəfin "Qosuslugi" portalı vasitəsilə məlumat təqdim etməsi ilə) sentyabrın 1-dən Moskva və Moskva vilayətində ləğv edilir və daşınmaz əmlak sahibi olan əcnəbilər vətəndaşlarında bu haqda rəsmi orqanlara məlumat təqdim etmələrinə ehtiyac yoxdur. Əvvəllər işləmək üçün vizasız rejim tətbiq olunan ölkələrdən gələn əcnəbilər “Amina” xüsusi mobil tətbiqini cari miqrasiya qeydiyyatının bitməsindən sonra 30 gün ərzində quraşdırmalıdırlar;

 

_________________ *** __________________

 

Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin diqqətinə.

 

  • Baş Konsulluq Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədindən buraxılış məntəqələrindən qanunvericiliklə müəyyən edilmiş qaydada keçmədən Azərbaycan Respublikasının ərazisinə daxil olmağın Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması olduğu və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati və başqa məsuliyyətə səbəb olduğu barədə xəbərdarlıq edir.
  • Baş Konsulluq əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş müvafiq tələblərə riayət etmədən Ermənistan Respublikası ərazisindən Azərbaycan Respublikasının ərazisinə daxil olmaqdan çəkinməyə çağırır.
  • Azərbaycan Respublikasının ərazisinə onun qanunvericiliyini pozaraq daxil olmuş və ya daxil olmağa cəhd etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində onların ölkəyə gəlişinin qadağan olunması və ya məhdudlaşdırılması da  daxil olmaqla, inzibati, cinayət təqibi və başqa hüquqi tədbirlər görülür.

Son yenilənmə tarixi: 20.11.2025

 



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti