news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 26 fevral 2025

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar keçirilmiş anım tədbirinə dair

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsini yad etmək məqsədilə 26 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunda anım tədbiri keçirilmişdir.

Baş konsulluqda Azərbaycan Respublikasının dövlət bayrağı yarıya qədər endirilmiş və şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunmuşdur.

Anım tədbirində Türkiyə Respublikasının baş konsulu Özgün Talu, Azərbaycan diasporunun nümayəndələri, Sankt-Peterburq şəhərində təhsil alan azərbaycanlı kursantlar və tələbələr, baş konsulluğun əməkdaşları iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Baş konsulluğun başçısı vəzifəsini icra edən Anar Yusifzadə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq hüququn bütün norma və prinsiplərinin kobudcasına pozularaq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıqla törədilmiş Xocalı soyqırımının Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi olduğunu bildirmişdir.

Xocalı faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsinin Ümummilli Lider Heydər Əliyevin sayəsində həllini tapdığını və məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisinin 24.02.1994-cü il tarixli qərarı ilə 26 fevral tarixinin Xocalı Soyqırımı Günü elan edildiyi qeyd olunmuşdur.

Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının beynəlxalq səviyyədə tanıdılması və faciə qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 fevral 2025-ci il tarixli müvafiq Sərəncamı ilə Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması barədə qərarın qəbul edildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Türkiyə Respublikasının Sankt-Peterburq şəhərindəki baş konsulu Özgün Talu və Azərbaycan diasporunun nümayəndəsi Gündüz Əhmədov çıxışları zamanı Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmiş, faciənin Azərbaycan xalqına və insanlıq əleyhinə törədilmiş terror aktı olduğunu, faciənin baş verməsində Ermənistanın o zamankı siyasi-hərbi rəhbərliyinin birbaşa məsuliyyət daşıdığını, faciə qurbanlarının əziz xatirəsinin hər zaman uca tutulduğunu, 2020-ci il Vətən Müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi, eləcə də Xocalının işğaldan azad olunması ilə şəhidlərimizin ruhunun şad olduğunu qeyd etmişdir.

Tədbir çərçivəsində Xocalı soyqırımına həsr olunmuş foto və kitab sərgiləri keçirilmiş, “Xocalı nişanəsi” filmi nümayiş olunmuş və faciə qurbanlarının adına ehsan verilmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti