“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə elan olunmuş matəm günü tədbirinə dair
“Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 26 dekabr tarixində Azərbaycan Respublikasının ərazisində elan olunmuş matəm ilə əlaqədar Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərində Baş konsulluğunda Azərbaycan Respublikasının dövlət bayrağı yarıya qədər endirilmiş və 26-27 dekabr tarixlərində başsağlığı kitabı açılmışdır.
Sankt-Peterburq şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev, baş konsul vəzifəsini icra edən Anar Yusifzadə və baş konsulluğun heyəti həlak olanların əziz xatirəsini Bakı vaxtı ilə saat 12:00-da 1 dəqiqəlik sükutla yad etmiş və şəkilləri önünə gül dəstələri düzülmüşdür.
Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Sankt-Peterburq üzrə Nümayəndəliyinin müşaviri Andrey Relkin, Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleya Şurasının Baş katibinin müavini – Azərbaycan Respublikası Milli Məclisinin MDB PA-da səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov, “Azərbaycan Hava Yolları” QSC-nin Sankt-Peterburqdakı ofisinin əməkdaşları, Türkiyə Respublikasının, Qazaxıstan Respublikasının, Qırğız Respublikasının, Özbəkistan Respublikasının, İsrail Dövlətinin, Yaponiyanın, Koreya Respublikasının baş konsulları, Tacikistan Respublikasının baş konsulu vəzifəsini icra edən, Belarus Respublikasının Baş konsulluğunun müşaviri, Hindistan Respublikasının Baş konsulluğunun konsulu, Pakistan İslam Respublikasının fəxri konsulu, Dağıstan Respublikasının Sankt-Peterburqdakı Nümayəndəliyinin rəhbəri, Türkmənistan, Moldova Respublikası və Əfqanıstan İslam Respublikasının icma rəhbərləri, Azərbaycan diasporunun nümayəndələri, vətəndaşlarımız və soydaşlarımız baş konsulluğa gələrək faciə qurbanlarının əziz xatirəsini ehtiramla yad etmiş və matəm kitabına başsağlığı sözlərini yazmışdır.