news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 11 dekabr 2024

Sankt-Peterburq hökumətinin Xarici əlaqələr komitəsinin sədri Yevgeni Qriqoriyev ilə keçirilmiş görüşə dair

9 dekabr 2024-cü il tarixində Sankt-Peterburqun hökumət evində (“Smolnıy”) Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının Baş konsulluğunun başçısı vəzifəsini icra edən Anar Yusifzadə ilə Sankt-Peterburq hökumətinin Xarici əlaqələr komitəsinin sədri Yevgeni Qriqoriyev arasında nəzakət görüşü keçirilmişdir.

 

İlk olaraq təyinat münasibətilə A.Yusifzadəni təbrik edən komitə sədri Y.Qriqoriyev söhbət zamanı Ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşmüş, hər iki ölkə rəhbərlərinin yüksək səviyyəli dostluq münasibətlərindən bəhs edərək Azərbaycan Respublikasının Rusiya Federasiyası üçün önəmli tərəfdaş olduğunu qeyd etmiş və Sankt-Peterburq ilə Azərbaycan Respublikası arasındakı bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verildiyini diqqətə çatdırmışdır.


Səmimi qəbula görə həmsöhbətə minnətdarlığını bildirən Baş konsulluğun başçısı v.i.e. A.Yusifzadə ölkələrimiz və xalqlarımız arasında dostluq və mehriban qonşuluq ənənələrinin, siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın, hörmət və etimad prinsiplərinə əsaslanan müttəfiqlik qarşılıqlı fəaliyyət münasibətlərinin mövcud olduğunu qeyd etmişdir.


Baş konsulluğun mədəni, iqtisadi, humanitar və digər aidiyyəti sahələr üzrə Sankt-Peterburq hökuməti ilə əməkdaşlığın inkişaf etdirilməsinə hazır olduğunu diqqətə çatdıran A.Yusifzadə gələcəkdə birgə layihələrin həyata keçirilməsinin ikitərəfli münasibətlərin dinamikasına töhfə verəcəyini bildirmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti