2024-12-26

Matəm günü ilə əlaqədar Baş konsulluqda keçirilmiş tədbirlərə dair

“Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 26 dekabr tarixində Azərbaycan Respublikasının ərazisində elan olunmuş matəm ilə əlaqədar Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş konsulluğunda Azərbaycan Respublikasının dövlət bayrağı yarıya qədər endirilmiş və başsağlığı kitabı açılmışdır.

 

Sankt-Peterburq şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev, baş konsul vəzifəsini icra edən Anar Yusifzadə və Baş konsulluğun heyəti həlak olanların əziz xatirəsini Bakı vaxtı ilə saat 12:00-da 1 dəqiqəlik sükutla yad etmiş və şəkilləri önünə gül dəstələri düzülmüşdür.

 

Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Sankt-Peterburq üzrə nümayəndəsinin müavini Andrey Relkin, Türkiyə Respublikasının baş konsulu Özgün Talu, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov, Sankt-Peterburq hökumətinin üzvləri, diplomatik korpusun rəhbərləri, Azərbaycan diasporunun nümayəndələri, vətəndaşlarımız və soydaşlarımız Baş konsulluğa gələrək faciə qurbanlarının əziz xatirəsini ehtiramla yad etmiş və matəm kitabına başsağlığı sözlərini yazmışdır.

Arxiv üzrə axtarış