2024-12-20

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərovun rəhbərlik etdiyi nümayəndə heyətinin Sankt-Peterburq şəhərinə işgüzar səfərinə dair

14-18 dekabr 2024-cü il tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərovun  rəhbərlik etdiyi nümayəndə heyətinin Sankt-Peterburq şəhərinə işgüzar səfəri həyata keçirildi.

Səfər çərçivəsində 1949-1950-ci illərdə Heydər Əliyevin təhsil aldığı SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin ali məktəbinin yerləşdiyi Sankt-Peterburq şəhərinin Qoroxova küçəsindəki Ulu öndərin barelyefi nümayəndə heyəti tərəfindən ziyarət edildi və önünə gül dəstələri düzüldü.

16 dekabr 2024-cü il tarixində Konsulluq idarəsinin rəisi Emil Səfərov ilə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Sankt-Peterburq üzrə Nümayəndəliyinin rəhbəri Vladimir Zapevalov arasında görüş keçirildi.

Görüş zamanı Azərbaycan və Rusiya, ölkə rəhbərləri arasında yüksək səviyyəli dostluq və müttəfiqlik münasibətləri vurğulandı, Azərbaycan Respublikası və Sankt-Peterburq şəhəri arasında iqtisadi-humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclası çərçivəsində imzalanmış "2024-2028-ci illərdə Azərbaycan Hökuməti və Sankt-Peterburq Hökuməti (Rusiya Federasiyası) arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlığa dair Tədbirlər Planı" çərçivəsində iqtisadi, ticarət, mədəniyyət, turizm sahələrində gələcək əməkdaşlığın gücləndirilməsi istiqamətində birgə layihələrin həyata keçirilməsinin vacibliyi qeyd edildi.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti 17 dekabr 2024-cü il tarixində Sankt-Peterburq hökumətinin, Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının Baş konsulluğunun və Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin birgə təşkilatçılığı ilə Sankt-Peterburq Dövlət Akademik Kapellasında baş tutmuş “Azərbaycan muğamı” konsert tədbirində iştirak etdi.

Arxiv üzrə axtarış