Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi və tarixi şəxsiyyət Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar anım gününə dair
12 dekabr 2024-cü il tarixində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının Baş konsulluğunun təşkilatçılığı ilə Sankt-Peterburq şəhərində Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi və tarixi şəxsiyyət Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar anım günü tədbiri keçirilmişdir.
İlk olaraq 1949-1950-ci illərdə Heydər Əliyevin təhsil aldığı SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin ali məktəbinin yerləşdiyi Sankt-Peterburq şəhərinin Qoroxova küçəsindəki Ulu öndərin barelyefi ziyarət edilmiş və gül dəstələri düzülmüşdür. Mərasimdə Baş konsulluğun heyəti, Sankt-Peterburq hökumətinin və şəhər administrasiyasının nümayəndələri, Azərbaycan diasporunun üzvləri iştirak etmişdir.
Daha sonra Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının “Parlament” mərkəzində Baş konsulluğun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım günü tədbiri keçirilmişdir.
Tədbirdə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Sankt-Peterburq üzrə Nümayəndəliyinin rəhbəri Vladimir Zapevalov, Sankt-Peterburq hökumətinin Xarici əlaqələr komitəsinin sədr müavini Yevgeni Kassyura, Sankt-Peterburqun Qanunvericilik Məclisinin deputatları və Leninqrad vilayəti hökumətinin rəsmiləri, Türkiyə Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Belarus Respublikasının Sankt-Peterburq şəhərindəki baş konsulları, MDB PA Şurasının Baş katibinin müavini – Azərbaycan Respublikası Milli Məclisinin MDB PA-da səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, Rusiya Federasiyası, Qazaxıstan Respublikası, Tacikistan Respublikasının MDB PA Şurasında səlahiyyətli nümayəndələri, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov, Azərbaycan diasporunun nümayəndələri, azərbaycanlı doktorantlar və tələbələr iştirak etmişdir.
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi tədbir iştirakçıları tərəfindən 1 dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət himnləri səsləndirilmişdir.
Tədbiri giriş sözü ilə açan Baş konsulluğun başçısı vəzifəsini icra edən Anar Yusifzadə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, əvəzolunmaz və unikal dəst-xətti ilə seçilən böyük fenomen olduğunu, belə bir dahi şəxsiyyətin azərbaycanlı olmasının Azərbaycanın xalqının milli üstünlüyü və bəşəri uğuru olduğunu bildirmişdir.
Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxartdığını, onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət olduğunu, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycanın Heydər Əliyevin həyat amalının təntənəsi olduğunu, Ulu öndərin şah əsəri olan güclü Azərbaycan dövlətinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz suverenliyini və ərazi bütövlüyünü qorumağa və bərpa etməyə qadir olduğunu 44 günlük Vətən Müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdiyini Baş konsulluğun başçısı vəzifəsini icra edən Anar Yusifzadə çıxışı zamanı qeyd etmişdir.
Daha sonra çıxış edən Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Sankt-Peterburq üzrə Nümayəndəliyinin rəhbəri Vladimir Zapevalov Heydər Əliyevin həyat və fəaliyyəti ərzində Azərbaycan-Rusiya arasında dostluq, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərinin inkişafında həyata keçirdiyi misilsiz işlərdən bəhs edərək iki ölkə arasındakı mövcud strateji tərəfdaşlıq əlaqələrinin təməlinin hələ zamanında ümummilli lider Heydər Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən qoyulduğunu bildirmişdir.
Sankt-Peterburq hökumətinin Xarici əlaqələr komitəsinin sədr müavini Yevgeni Kassyura çıxış edərək Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlovun anım tədbirinin iştirakçılarına müraciətini oxudu. Müraciətdə görkəmli dövlət xadimi Heydər Əliyevin doğma ölkəsinin inkişafının təməlini qoyduğu, onun Azərbaycanı Avrasiya regionunun əsas iqtisadi və mədəni mərkəzinə çevirdiyi, Heydər Əliyevin Azərbaycan və Rusiya xalqlarının çoxəsrlik dostluq münasibətlərinin möhkəmləndirilməsində və iki ölkə arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq əlaqələrinin inkişafında əvəzsiz xidmətləri, onun Sankt-Peterburq şəhərinə göstərdiyi xüsusi isti münasibəti qeyd olunmuşdur.
Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov çıxışı zamanı Ulu öndər Heydər Əliyev ilə bağlı xatirələrini bölüşmüş, xaricdə yaşayan azərbaycanlıların vahid diaspora təşkilatı ətrafında birləşməsi ideyasının məhz Ümummilli Liderə məxsus olduğunu, onun Azərbaycanın müstəqilliyi və tərəqqisindəki xidmətlərindən, Rusiya-Azərbaycan münasibətlərinin inkişafına verdiyi töhfələrdən bəhs etmişdir.
Daha sonra çıxış edən Türkiyə Respublikasının Sankt-Peterburq şəhərindəki baş konsulu Özgün Talu təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan və Türkiyə arasında dostluq-qardaşlıq münasibətlərinin bu gün ölkə rəhbərləri tərəfindən uğurla davam etdirildiyini vurğulamış, Ümummilli Liderə ehtiramını ifadə etmişdir.
MDB PA Şurasının Baş katibinin müavini – Azərbaycan Respublikası Milli Məclisinin MDB PA-da səlahiyyətli nümayəndəsi Aydın Cəfərov ümummilli lider Heydər Əliyev ilə bağlı xatirələrini bölüşərək onun müstəqil Azərbaycan diplomatiyasının banisi olduğunu, Azərbaycanın tərəqqisi, Rusiya-Azərbaycan münasibətlərinin inkişafı yolunda tarixi xidmətlərindən danışmışdır.
Həmçinin anım tədbiri çərçivəsində Sankt-Peterburqun Qanunvericilik Məclisinin sədri Aleksandr Belski və Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkonun ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı müraciət məktubları Baş konsulluğun başçısı vəzifəsini icra edən Anar Yusifzadəyə təqdim olunmuşdur.
Sonda TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Rusiya Federasiyasının əməkdar jurnalisti Mixail Qusmanın müəllifi olduğu ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Liderin ürəyi” (“Сердце Лидера”) sənədli filmi nümayiş etdirilmişdir.