2024-05-27

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun təşkilatçılığı ilə Müstəqillik Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

Tədbirdə fəxri qonaq qismində Milli Məclisin deputatı Rauf Əliyev, Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov, xarici əlaqələr komitəsinin sədri Yevgeni Qriqoryev, Qanunvericilik Məclisinin deputatı Andrey Aleskerov, MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibinin müavini, Milli Məclisin Rusiyadakı səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, Rusiya Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı nümayəndəliyinin rəhbəri, Müasir Dövlət İnkişafı İnstitutunun direktoru-politoloq Dmitri Solonnikov, Bolqarıstan, Yunanıstan, Qazaxıstan, Özbəkistan, Çin, Tacikistan, İsrail, Türkiyə, Macarıstan, Yaponiya, İsveçrə, İspaniya, AImaniya və Belarusun baş konsulluqlarının rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri, mədəniyyət xadimləri, Azərbaycan diasporunun fəalları iştirak ediblər.

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov tədbirdə çıxış edərək bildirib ki, 28 May - Müstəqillik Günü şanlı tariximizə qızıl hərflərlə həkk olunub. Bu tarix Azərbaycanın hər bir vətəndaşının qürur mənbəyidir. Baş konsul ölkəmizin müstəqilliyinin bərpasında və möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətlərini diqqətə çatdırıb. Diplomat bildirib ki, Ulu Öndər Heydər Əliyevin müdrik siyasətini davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin səyləri nəticəsində qazanılan uğurlar daha da möhkəmlənib, onun rəhbərliyi altında şanlı Ordumuz 30 ilə yaxın Ermənistanın işğalı altında olmuş torpaqları azad edib, ölkəmizin ərazi bütövlüyü təmin olunub. O əlavə edib ki, bu gün həmin ərazilərdə geniş bərpa-quruculuq işləri aparılır, eyni zamanda, Azərbaycan Cənubi Qafqaz regionunda dayanıqlı sülhə nail olmaq istiqamətində səylərini davam etdirir.

S.Qasımov Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlovun təntənəli gecədə şəxsən iştirakını onun Azərbaycan xalqına və Prezident İlham Əliyevə dərin hörmətinin nümunəsi kimi qiymətləndirib.

Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsində prezidentlər Vladimir Putinin və İlham Əliyevin rolunu xüsusi vurğulayan A.Beqlov Bakıya səfərini, Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşünü səmimiyyətlə xatırlayıb. Qubernator Rusiyanın Şimal paytaxtında yaşayan azərbaycanlıların şəhərin inkişafına verdikləri töhfələrdən danışıb.

Təntənəli gecədə Milli Məclisin deputatı Rauf Əliyev, Sankt-Peterburq Qanunvericilik Məclisinin deputatı Andrey Aleskerov çıxış ediblər.

Tədbirdə Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko və Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Aleksandr Belskinin təbrik məktubları oxunub.

Arxiv üzrə axtarış