Sankt-Peterburqda Nərgiz Bağırzadənin ssenarisi əsasında çəkilmiş filmin premyerası baş tutub
01 fevral tarixində Sankt-Peterburqda “Lenfilm” kinostudiyasında həmyerlimiz Nərgiz Bağırzadənin ssenarisi ilə çəkilmiş “Детка” (Bala) bədii filminin premyerası baş tutub. Bu ekran əsəri kinorejissor, ssenarist və prodüser Nərgiz Bağırzadənin ssenarisi əsasında rejissor İrina Bas tərəfindən lentə alınıb.
Həmvətənlimiz Nərgiz Bağırzadənin dəvəti ilə bədii filmin premyerasında fəxri qonaq qismində Baş konsul Sultan Qasımov və Baş konsulluğun əməkdaşları iştirak ediblər. Filmin çəkiliş qrupu və tamaşaçılar qarşısında çıxış edən Baş konsul Sultan Qasımov layihənin kollektivini və soydaşımız Nərgiz Bağırzadəni bədii filmin ekranlara çıxması münasibətilə təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb və gül dəstəsi təqdim edib. Nərgiz Bağırzadə Baş konsula göstərdiyi diqqətə və dəstəyə görə təşəkkürünü bildirib.
Drama janrında çəkilmiş film ana və qızın mürəkkəb münasibətləri, insanın cəmiyyətdə öz yerini tapması və həyat problemlərindən bəhs edir. Baş rolları məşhur Rusiyalı aktrisa Viktoriya İsakova və Mariya Matsel ifa ediblər.
Qeyd etmək istərdik ki, Nərgiz Bağırzadə Bakıda anadan olub. O, S.A.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunu və Gennadi Ostrovskinin ssenarist-rejissor emalatxanasını bitirib.