MDB Parlamentlərarası Assambleyasının nümayəndələri Azərbaycanda keçiriləcək Prezident seçkilərinin monitorinqini keçirəcək
Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2024-cü il tarixində keçirilməsi nəzərdə tutulmuş növbədənkənar seçkiləri ilə əlaqədar 17 yanvar 2024-cü il tarixində MDB Parlamentlərarası Assambleyasının müşahidəçiləri, təşkilatın sədr müavini, Demokratiyanın İnkişafının Monitorinqi Mərkəzinin rəhbəri İvan Muşketin başçılığı altındakı nümayəndə heyəti Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulluğunu ziyarət ediblər.
Baş konsul Sultan Qasımovla keçirilmiş görüş zamanı 7 fevral tarixində Baş konsulluğun ərazisində fəaliyyət göstərəcək seçki məntəqəsinin yaradılması, komissiyanın tərkibi və seçicilər siyahısının hazırlanması prosesi müzakirə edilib.
Baş konsul Sultan Qasımov 1030 nəfər seçicinin artıq Baş konsulluqda qeydiyyatda olduğunu və Prezident seçkilərində yüksək sayda seçicinin fəal iştirak edəcəyinin gözlənildiyini qeyd edib.
MDB Parlamentlərarası Assambleyasının müşahidəçilərinin Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkilərinin monitorinqində Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın dəvəti ilə iştirak edəcəyi qeyd olunub.
Azərbaycan Respublikası Prezidentinin növbədənkənar seçkilərinin keçirilməsi 2024-cü ilin 7 fevral tarixində nəzərdə tutulub. Azərbaycan Respublikası Konstitusiyasına müvafiq olaraq, ölkə Prezidenti 7 il müddətinə seçilir. Azərbaycan Respublikasının Mərkəzi seçki Komissiyasında dövlət başçısı vəzifəsinə namizədliyini irəli sürmüş 7 nəfər qeydə alınıb.
Keçirilmiş görüş nəticəsində 07 fevral 2024-cü il tarixində növbədənkənar Prezident seçkiləri ilə əlaqədar Baş konsulluqda fəaliyyət göstərəcək seçki məntəqəndəki səsvermənin MDB Parlamentlərarası Assambleyasının müşahidəçiləri tərəfindən monitorinq edilməsi barədə razılıq əldə olunub.
Baş konsulluqda keçirilmiş görüşün yekununda Baş konsul Sultan Qasımov MDB Parlamentlərarası Assambleyasının nümayəndələri ilə xatirə fotoşəkilləri çəkdirib.