Sankt-Peterburqda Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə musiqi gecəsi keçirilib
18 noyabr tarixində Sankt-Peterburq şəhərində yerləşən “Tavriya” sarayının Günbəzli zalında müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş qala-konsert keçirilib.
Tədbir Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun və “Tavriya” sarayı administrasiyasının birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun, Diasporla İş üzrə Dövlət Komitəsinin, Mədəniyyət Nazirliyinin, Türkiyənin Sankt-Peterburqdakı Baş konsulluğunun, Azərbaycan diasporunun, yerli dövlət orqanlarının və ictimaiyyətin təmsilçiləri iştirak ediblər.
Konsert zamanı Azərbaycanın xalq artisti, dirijor Yalçın Adıgözəlovun idarə etdiyi Leninqrad vilayətinin Dövlət Simfonik Orkestrinin ifasında Azərbaycan, rus və xarici bəstəkarların klassik əsərlərindən ibarət konsert proqramı təqdim olunub. Əsərləri Azərbaycanın əməkdar artistləri Elnarə Məmmədova, Regina Rüstəmova, Mariinski Teatrının solistləri Məhərrəm Hüseynov və Həmid Abdulov ifa ediblər.
Konsert böyük maraqla və alqışlarla qarşılanıb.