2023-11-14

Sankt-Peterburqda Şuşanın mədəniyyət kodu təqdim edilib

Noyabrın 11-də Sankt-Peterburqda Əlimərdan bəy Topçubaşov adına Rusiya-Azərbaycan Mədəni-Humanitar Mərkəzinin təşkilatçılığı ilə "Mədəniyyət kodu-Şuşa" adlı lonqrid layihəsi təqdim olunub.

Tədbirdə fəxri qonaq qismində Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov, Türkiyənin konsulu Erkan Dəmirqoparan, Müasir İnkişaf İnstitutunun direktoru Dmitri Solonnikov, Rusiyanın xalq artisti Sergey Novojilov iştirak ediblər. Təşkil olunmuş tədbirdə həmçinin Azərbaycan diasporunun üzvləri, Sankt-Peterburq hökumətinin rəsmiləri, buradakı orta və ali təhsil müəssisələrində oxuyan azərbaycanlı və rusiyalı tələbələr, Rusiya Azərbaycanlı Gənclər Birliyinin fəalları və Baş konsulluğun diplomatları iştirak ediblər.

Tədbirdə giriş sözü ilə çıxış edən Baş konsul Sultan Qasımov bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Memarlıq və şəhərsalma sənətinin 270 illik tarixə malik parlaq incisi olan və Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi dəyər kəsb edən Şuşaya xüsusi ehtiramın təzahürü kimi bu qərar bütün türk dünyasının birlik və həmrəyliyinin yeni rəmzinə çevrilib. "Şuşa İli" çərçivəsində Rusiyanın Şimal Paytaxtında keçirilən müxtəlif tədbirlər haqqında məlumat verən Baş konsul bu tədbirlərin mahiyyəti barədə danışıb. Şuşa şəhərinin ölkəmizin mədəniyyətində, tariximizdə və milli təfəkkürümüzdə tutduğu yerə toxunan Sultan Qasımov təqdimatın Rusiyanın mədəni paytaxtında keçirilməsinin əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirin davamında çıxış edən, layihənin müəllifi, Bakı Slavyan Universitetinin professoru, Əməkdar jurnalist Şəlalə Həsənova qonaqları salamlayaraq Şuşa şəhərinin bütün Türk dünyasında yüksək mədəni-mənəvi əhəmiyyətinin əsaslarından danışıb. O vurğulayıb ki, Şuşanın mədəniyyət kodu Pənah Əli xanın yaratdığı xoşbəxt şəhər konsepsiyasına əsaslanır.

Qonaqların diqqətinə çatdırılıb ki, https://codeshusha.com/ saytında yerləşən lonqridin 21 mövzusu 7 bloka bölünüb. Saytın üz qabığındakı Xarı bülbülün hər ləçəyi açılaraq oxucunu yeni mövzulara yönləndirir və hər mövzuya məxsus musiqi səsləndirilir.

"Mədəniyyət kodu-Şuşa" adlı lonqrid layihəsi Azərbaycan mediasında yüksək standartlara uyğun hazırlanmış ilk yeni layihədir. Fitçer üslubunda yazılmış mətn maraqlı fotolar, videoçarxlar, musiqi kompozisiyaları ilə zənginləşdirilib. Bununla yanaşı, Azərbaycan internet məkanında ilk dəfə “Şuşa məhəllələri”, “Qarabağ ərazisində Alban kilsələri” interaktiv xəritələri, "Şuşalı musiqiçilərin qızıl nəsli" adlı nəfis infoqrafika hazırlanıb.

Belə ki, "Şuşa məhəllələri" xəritəsində şəhərin 17 məhəlləsinin hər biri haqqında məlumat toxunuşla açılır.

"Qarabağ ərazisində Alban kilsələri" xəritəsi işğaldan azad edilmiş ərazilərimizdə yerləşən 108 Alban kilsəsinin yerini dəqiq, coğrafi koordinatlarla və hər kilsənin yaranma tarixi haqqında məlumatı da istifadəçilərə təqdim edilir.

"Şuşalı musiqiçilərin qızıl nəsli" infoqrafikası 10 musiqi şəcərəsini göstərir və hər bir nümayəndə haqqında qısa məlumat verir.

Layihədə, həmçinin digər məsələlərlə yanaşı, böyük bəstəkar Süleyman Ələsgərovun nəvəsi, Əməkdar artist Tahir İmanov və 92 yaşlı jurnalist Məryəm Zöhrabbəyova Şuşa barədə xatirələrini bölüşüblər.

Tədbir “AzTv” televiziya kanalının xəbərlər buraxılışında, o cümlədən “Azərtac” Dövlət İnformasiya Agentliyində, “Sputnik” və “Minval” informasiya portallarda geniş  işıqlandırılıb.

Arxiv üzrə axtarış