2023-05-30

Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi və 28 May Müstəqillik günü münasibəti ilə Sankt-Peterburqda Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasında tədbir keçirilib.

Cari ilin 29 may tarixində Baş konsulluğun təşəbbüsü ilə Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyası (RANEPA), Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Humanitar Əməkdaşlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Liderin 100 illiyinə və 28 May Müstəqillik gününə həsr olunmuş böyük tədbir təşkil olunmuşdur. Tədbirdə Azərbaycan Milli Məclisinin, yerli dövlət orqanlarının və ictimaiyyətin nümayəndələri, Azərbaycan və Rusiya diplomatları, elm xadimləri və soydaşlarımız iştirak ediblər. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Humanitar Əməkdaşlıq Mərkəzinin nümayəndə heyəti tədbirə onlayn formatda qatılmışdır.                         

Tədbirdə Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət himnləri səsləndirilib. Tədbirin birinci hissəsində Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konfrans təşkil olunub.

Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov konfransda çıxış edərək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkəmizin tarixində misilsiz rolundan bəhs edib. Baş konsul Sultan Qasımov çıxışında Azərbaycanın dahi oğlu Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumat verib, Ulu Öndərin SSRİ dövründə rəhbər vəzifələrdə çalışaraq təkcə Azərbaycanın deyil, bütün Sovetlər birliyi iqtisadiyyatının və mədəniyyətinin inkişafında müstəsna rol oynadığını, strateji və iqtisadi cəhətdən vacib layihələrin məhz Heydər Əliyevə həvalə edilərək onun sayəsində uğurla həyata keçirildiyini vurğulayıb. Baş konsul Ulu Öndərin müasir dövrdə Azərbaycan-Rusiya münasibətlərinin formalaşması və inkişafında danılmaz xidmətlərini diqqətə çatdırıb. Heydər Əliyevin Sankt-Peterburqda xatirəsinin hər zaman ehtiramla anıldığını qeyd edən S.Qasımov xatırladıb ki, Ümummilli Liderin adı 1949-1950-ci illərdə təhsil aldığı binadakı xatirə lövhəsində əbədiləşdirilib. Diplomat Ulu Öndərin daim xalqımızın rifahına, dövlətçiliyimizin möhkəmləndirilməsinə yönəlmiş siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Ulu Öndərin davamçısı Prezident İlham Əliyevin Azərbaycan-Rusiya münasibətlərinin inkişafına, dostluq əlaqələrinin möhkəmlənməsinə xüsusi diqqət yetirdiyini qeyd edib.                                 

Baş konsul Sultan Qasımov çıxışının davamında 28 may 2023-cü il tarixində ölkəmizdə Dövlət Müstəqilliyi gününün 105 illiyinin qeyd olunduğuna diqqət yetirib. Diplomat bildirib ki, Heydər Əliyev müasir Azərbaycanın banisidir. Məhz Ulu Öndərin düşünülmüş daxili və xarici siyasəti nəticəsində ölkə uçurumdan xilas olub və müstəqilliyini əbədiləşdirə bilib. Baş konsul bu gün müstəqil Azərbaycan Respublikasının regionun aparıcı dövlətinə çevrildiyini, Heydər Əliyev siyasətinin uğurlu davamçısı, dövlət başçısı, Ali Baş komandanımızın rəhbərliyi altında işğal altında olan torpaqlarımızın azad olunduğuna diqqət yetirib. Diplomat bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində bu gün ölkəmiz ən inkişaf etmiş dövlətlər sırasındadır.            Çıxışının yekununda Sultan Qasımov görkəmli siyasi xadim, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin yubileyinin Rusiyanın aparıcı elm və təhsil mərkəzində keçirilmə təklifinə göstərilən dəstəyə görə Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının rektoru cənab Andrey Xlutkova dərin təşəkkürünü bildirdi. Diplomat bildirdi ki, Azərbaycanda 300-dan çox orta təhsil müəssisəsində rus dilində təhsil aparılır, o cümlədən Rusiyanın aparıcı ali təhsil müəssisələrinin Bakıda açılmış filiallarında çox sayda tələbənin müxtəlif ixtisaslara yiyələnir.      

Tədbirin davamında fəxri qonaq qismində çıxış edən Sankt-Peterburq hökumətinin Xarici Əlaqələr Komitəsinin sədrinin vəzifəsini icra edən Arbi Abubakarov Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlovun adından tədbir iştirakçıları qarşısında Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə təbrik məktubunu oxudu, ölkəmizə və xalqımıza müvəffəqiyyətlər arzu etdi.                                                                              

Konfransda RANEPA-nın Sankt-Peterburq filialının direktoru Andrey Xlutkov, Rusiya Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı nümayəndəsinin müavini İqor Demyanenko, Azərbaycan Respublikası Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycandakı Rus İcmasının sədri Mixail Zabelin, “Müasir Dövlət İnkişafı İnstitutu" qeyri-kommersiya təşkilatının direktoru Dmitri Solonnikov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin sovet dönəmində və Azərbaycanın müstəqilliyi dövründə keçdiyi həyat yolu və siyasi fəaliyyətindən bəhs ediblər, Rusiya-Azərbaycan əlaqələrinin inkişafına və möhkəmlənməsinə verdiyi töhfələrdən danışıblar. Konfrans çərçivəsində məruzəçilər tərəfindən görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən slaydlar və təqdimatlar tədbir iştirakçılarına nümayiş etdirilib.

Tədbirdə onlayn formatda iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov ölkəmizin dövlət idarəçiliyinin yaradılmasında Heydər Əliyevin müstəsna rolu haqqında danışıb. Rektor Ümummilli lider daim təhsil sahəsinə xüsusi diqqət yetirdiyini və ölkə idarəçiliyi üçün yüksək səviyyəli peşəkar kadrların yetişdirilməsini diqqət mərkəzində saxladığını qeyd etdi. Bu gün də təhsil sahəsinə, kadrların ixtisaslaşdırılmasına  Prezident İlham Əliyev tərəfindən xüsusi diqqətin yetirildiyini bildirdi. Çıxışının yekununda U.Ələkbərov RANEPA-nın Sankt-Peterburq filialının direktoru Andrey Xlutkova və Baş konsul Sultan Qasımova təşkilati dəstəyə görə, tədbir iştirakçılarına maraqlı və məzmunlu çıxışlarına görə təşəkkürünü ifadə etdi.  

Həmçinin tədbir çərçivəsində Ümummilli Liderin siyasi fəaliyyəti ilə yanaşı Azərbaycanda  və SSRİ-də mədəniyyətin, incəsənətin inkişafına göstərdiyi xüsusi diqqət mövzusunda 10 may tarixində “Sankt-Peterburq” dövlət televiziya kanalında yayımlanmış “Истинный ценитель культуры» sənədli film konfrans iştirakçılarına nümayiş etdirilmişdir.

Yekunda tədbir iştirakçıları üçün Baş konsulluq adından ziyafət təşkil olunmuşdur. Ziyafətdən sonra qonaqlara ölkəmizin əldə etdiyi nailiyyətlər, dövlət başçısının işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi yenidənqurma və bərpa işləri, uğurlu islahatları, o cümlədən mədəni incilərimiz barədə maraqlı məqalələrlə zəngin “Bakı jurnalı”nın son buraxılışları hədiyyə edildi.

Baş konsulluğun təşkilatçılığı ilə keçirilmiş tədbir “AzərTac” informasiya agentliyi tərəfindən və “İçtimai” televiziya kanalının xəbərlər verilişində işıqlandırılıb. O cümlədən, konfrans barədə məlumat Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin internet səhifəsində yayımlanıb.

Arxiv üzrə axtarış