Sankt-Peterburqda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konfrans keçirilib
20 aprel 2023-cü il tarixində Rusiya Federasiyasının Sankt-Peterburq Dövlət İqtisad Universiteti (SPİDU) və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı və Baş konsulluğun iştirakı ilə Sankt-Peterburq şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan və Rusiya arasında əməkdaşlığın inkişafında Heydər Əliyevin rolu” başlıqlı beynəlxalq konfrans keçirilmişdir.
Konfransda iştirak etmək məqsədi ilə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradov, Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru professor Zahid Məmmədov, dosent Lalə Məmmədova və kafedra müdiri Sevinc Abbasovadan ibarət nümayəndə heyəti Sankt-Peterburq şəhərində səfər etmişdir.
Tədbirdə fəxri qonaq qismində Sankt-Peterburq Dövlət İqtisad Universitetinin rektoru professor İqor Maksimstsevin dəvəti ilə Baş konsul Sultan Qasımov şəxsən iştirak edib, Milli Məclisin deputatı, Rusiya icmasının sədri Mixail Zabelin isə onlayn formatda qatılıb. Tədbirdə həmçinin ölkəmizin MDB Parlamentlərarası Assambleyasındakı nümayəndəsi Aydın Cəfərov, Azərbaycan milli-mədəni muxtariyyətinin nümayəndələri, Sankt-Peterburq Dövlət İqtisad Universitetinin professor heyəti, ictimai xadimlər, ziyalılar, Universitetdə təhsil alan azərbaycanlı və rus tələbələr iştirak ediblər.
Dahi siyasi xadim Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konfransın əsas müzakirə mövzusunu Ümummilli Liderin Azərbaycan və Rusiya arasındakı dostluq münasibətlərinə, çoxşaxəli əməkdaşlı əlaqələrinin inkişafına yetirdiyi diqqət və son 30 il ərzində ölkələrimiz arasında möhkəmlənən strateji tərəfdaşlıq təşkil edib. O cümlədən, Azərbaycanla Rusiya arasında ortaq maraq kəsb edəcək yeni sərmayə sahələri təhlil edilib. Mühazirələr zamanı iki dövlət arasında iqtisadiyyat, enerji təhlükəsizliyi, mədəniyyət və təhsil kimi sahələrdə ölkələrimiz arasındakı möhkəm əməkdaşlıq əlaqələrinə və 2022-ci ildə imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əməkdaşlıq haqqında Deklarasiya”ya xüsusi diqqət yetirilib.
Tədbirdə çıxış edən Baş konsul Sultan Qasımov dahi siyasətçi Heydər Əliyevin 60-cı illərdə hakimiyyəti dövründə Sovet İttifaqında bir sıra strateji və iqtisadi əhəmiyyət kəsb edən genişmiqyaslı layihələrə rəhbərlik etdiyini tədbir iştirakçılarına xatırlatdı. Diplomat H.Əliyevin müdrikliyi, yüksək peşəkarlığı və şəxsi keyfiyyətləri sayəsində böyük nüfuza malik olduğunu və hazırda da Rusiya rəsmiləri tərəfindən daim ehtiramla anıldığın qeyd etdi. S.Qasımov Rusiyanın mədəni paytaxtında hər iki ölkənin aparıcı ali təhsil mərkəzlərinin iştirakı ilə keçirilən və Ulu Öndərə həsr olunmuş konfransa görə tədbir təşkilatçılarına və iştirakçılara dərin təşəkkürünü bildirib.
Konfrans çərçivəsində Baş konsul Sultan Qasımov ölkəmizin Rusiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlunun tədbir təşkilatçılarına ünvanladığı müraciətini oxudu. Müraciətdə Heydər Əliyevin Azərbaycanla Rusiya arasındakı münasibətlərin inkişafına göstərdiyi diqqət və Azərbaycanın tərəqqisi naminə göstərdiyi fəaliyyət xüsusi ilə qeyd olunub.
Konfrans çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov Sankt-Peterburq Dövlət İqtisad Universitetinin rektoru, professor İqor Maksimstsev ilə görüşüb. Görüşdə Universitetlər arasında elmi əlaqələr mövzusunda fikir mübadiləsi aparılıb, “Tədris, elm və innovasiya sahəsində əməkdaşlıq” müqaviləsi imzalanıb. Səfər çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinın rəhbərliyi və Baş konsul Sultan Qasımov Sankt-Peterburq Dövlət İqtisad Universiteti professor heyəti və burada təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.
Konfransın yekununda Azərbaycan Dövlət İqtisad Universitetinin rəhbərliyi Baş konsul Sultan Qasımovun təşəbbüsü ilə Qoroxovaya küçəsi, 6 ünvanında görkəmli siyasi və dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin xatirə barelyefini ziyarət ediblər, qarşısına gül dəstələri düzüb və xatirə fotoşəkilləri çəkdiriblər.
Azərbaycandan gələn nümayəndə heyəti Baş konsul Sultan Qasımovun dəvəti ilə Baş konsulluqda diplomatlarla görüş keçirib. Görüş zamanı Heydər Əliyev ili əlaqədar Baş konsulluq tərəfindən Sankt-Peterburqda keçirilməsi nəzərdə tutulmuş silsilə tədbirlər barədə elm xadimlərinə məlumat verilib.