2023-03-06

Azərbaycanlı pianoçu Riad Məmmədovun Sankt-Peterburq Filarmoniyasında “Klassika, Caz və Muğam” adlı solo konsert proqramı baş tutub.

Azərbaycanlı musiqiçi, tanınmış pianoçu, bəstəkar Riad Məmmədov Dmitri Şostakoviç adına Sankt-Peterburq Filarmoniyasında “Klassika, Caz və Muğam” adlı solo konsert proqramı ilə çıxış edib.

Konsertdə Pyotr Çaykovskinin, Frederik Şopenin, İohan Sebastyan Baxın klassik əsərləri, həmçinin R.Məmmədovun özünün fortepiano pyesləri ifa olunub.

Sonra Riad Məmmədov və rusiyalı musiqiçilər Sergey Korçaqin, eləcə də Mixail Fotçenkov caz kompozisiyaları ilə yanaşı, Vaqif Mustafazadənin "Əzizəni gözləyirəm" pyesinin müəllif transkripsiyasını ifa ediblər. Bununla da əfsanəvi bəstəkar, pianoçu, caz-muğam sintezinin banisi olan V.Mustafazadənin xatirəsini ehtiramla yad ediblər.

Konsertin sonunda pianoçuya Baş konsulluq adından gül dəstəsi təqdim olunub.

Qeyd edək ki, Riad Məmmədov Rusiya, Fransa, Belçika, İsveç və Kanadada keçirilən beynəlxalq müsabiqələrin laureatıdır. Pianoçu dünyada nadir peşəkar caz-muğam ifaçılarından biridir. Yaradıcılığında müxtəlif janrları və musiqi istiqamətlərini birləşdirən musiqiçi Moskva Konservatoriyasını və fortepiano sinfi üzrə aspiranturanı, habelə nəzəri aspiranturanı musiqişünas kimi bitirdikdən sonra klassik akademik repertuardan əsərlər ifa edib. Eyni zamanda o, Rusiyada, eləcə də dünyada muğam və caz-muğamını inkişaf etdirir.

Arxiv üzrə axtarış