2023-02-27

Sankt-Peterburqda Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı tədbir keçirilib

“Sankt-Peterburq və Leninqrad vilayəti üzrə azərbaycanlılarının milli-mədəni muxtariyyəti” şəhər ictimai təşkilatının təşkilatçılığı və Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulluğunun iştirakı ilə “Lensovet” adına Mədəniyyət Sarayında Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş xatirə gecəsi keçirilib. Təşkil olunmuş anım mərasimində Azərbaycan diasporunun üzvləri, Sankt-Peterburq hökumətinin rəsmiləri, buradakı orta və ali təhsil müəssisələrində oxuyan azərbaycanlı və rusiyalı tələbələr, Rusiya Azərbaycanlı Gənclər Birliyinin fəalları və Baş konsulluğun diplomatları iştirak ediblər.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və Türkiyədəki dəhşətli zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.

Tədbirdə diaspor sədri Vaqif Məmişov, Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov və Türkiyə Respublikasının Sankt-Peterburqdakı Baş konsulu Özgün Talu çıxış ediblər.

Xocalı soyqırımını Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olduğunu öz çıxışlarında bildirən natiqlər qeyd ediblər ki, məhz azərbaycanlı olduqlarına görə həmin faciəvi gecədə 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 dinc sakin qətlə yetirilib, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Misli görünməmiş amansızlıqla törədilmiş Xocalı soyqırımına görə Ermənistanın siyasi-hərbi rəhbərliyi və Qarabağdakı erməni separatçıları  məsuliyyət daşıyır. Çıxış edənlər dünya birliyini Xocalı soyqırımına hüquqi-siyasi qiymət verməyə və bu dəhşətli faciəni törədənləri cəzalandırmağa çağırıblar.

Sonra Heydər Əliyev Fondunun dəstəyi ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hazırlanmış videoçarx iştirakçıların diqqətinə təqdim olunub. Xatirə gecəsinin davamında fortepianoda gənc bəstəkar Daniil Sinitsinin ifasında dahi bəstəkar Fikrət Əmirovun "Lirik rəqs" və "Lay-lay" əsərləri səsləndirilib. Anım tədbiri klassik musiqinin və şerlərin ifası, Xocalı hadisələri ilə bağlı şahidlərin kədərli hekayələrinin oxunması ilə davam edib.

Anım gecəsinin davamında Sankt-Peterburqun Mariinski Teatrının solisti, Azərbaycan Respublikasının Əməkdar Artisti Regina Rüstəmovanın ifasında "Qəmgin mahnı" kompozisiyası və S.Raxmaninovun əsəri səslənib. Eyni zamanda, pianoçu Aleksandr Uritski qara geyimli, əllərində qərənfillər və şamlar olan 12 uşağın müşayiəti ilə Betxovenin “Ay işığı sonatası”nı ifa edib.

Tədbir Sankt-Peterburq Azərbaycanlıları ruhanilərinin nümayəndəsi tərəfindən Xocalı soyqırımı qurbanlarının və Türkiyədə baş verən zəlzələ zamanı həlak olanların ruhu üçün Qurani-Kərimdən surələrin oxunması və ehsan verilməsi ilə yekunlaşıb.

Tədbir çərçivəsində “Lensovet”in Mədəniyyət Sarayının foyesində Xocalı soyqırımı qurbanlarına həsr olunmuş fotosərgi təşkil edilib. İştirakçılarına Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımı haqqında broşürlər, nişanlar və "Sonsuz dəhliz" filminin diskləri hədiyyə olunub.

Əlavə olaraq Baş konsulluğun ictimaiyyətə açıq sahəsində Xocalı soyqırımında şəhid olanların xatirəsinə həsr olunmuş guşə yaradılmışdır.

Arxiv üzrə axtarış