Sankt-Peterburq şəhərində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş sərgi, Baş konsulluqda xatirə stendi açılıb
Sankt-Peterburq şəhərində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş sərgi, Baş konsulluqda xatirə stendi açılıb.
Sankt-Peterburq Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin (AMMM) təşkilatçılığı və ölkəmizin Baş konsulluğunun iştirakı ilə “Lensovet” Mərkəzində təşkil olunmuş sərgidə Azərbaycan diasporunun üzvləri, Sankt-Peterburq hökumətinin rəsmiləri, tələbə və şagirdlər, Rusiya Azərbaycanlı Gənclər Birliyinin fəalları və Baş konsulluğun diplomatları iştirak ediblər.
Sərginin açılışında 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla, ehtiramla anılıb.
Baş konsul Sultan Qasımov çıxışında 1990-cı il yanvarın 20-nə keçən gecəni Azərbaycanın müasir tarixinə ən böyük faciələrdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi kimi daxil olduğunu qeyd edib. Diplomat 20 Yanvar hadisələrinin miqyası, xarakteri və mahiyyəti etibarilə görünməmiş cinayət kimi qiymətləndirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Ümummilli Lider Heydər Əliyevin faciədən bir gün sonra ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sərt bəyanatla çıxış etdiyini və hadisələrə siyasi qiymət verdiyini vurğulayan Sultan Qasımov məhz Heydər Əliyevin bu dəhşətli faciə barədə həqiqətləri bütün dünyaya yaydığını xüsusi qeyd edib.
Baş konsul, həmçinin vurğulayıb ki, mübariz xalqımızın əldə etdiyi müstəqillik dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti nəticəsində möhkəmlədib, bu gün artıq işğal altında olan torpaqlarımız azad olunub. Diplomat diqqətə çatdırıb ki, Heydər Əliyev siyasətinin uğurlu davamçısı olan Prezident İlham Əliyev ölkəmizin suverenliyini və qüdrətini beynəlxalq aləmdə bərqərar edib.
Tədbirin davamında çıxış edən Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov Qanlı Yanvar faciəsinin daim Azərbaycanda və xaricdə yaşayan həmvətənlərimizin qəlbində sağalmaz yara olaraq qalacağını bildirib. O, gələcək nəsillərin bu ağır tarixi yaddaşı unutmayacağını qeyd edib.
Tədbirin davamında qonaqlar 20 Yanvar faciəsini əks etdirən fotosərgi ilə tanış olublar və xatirə kitabına ürək sözlərini yazıblar.
Sonda ehsan süfrəsi açılıb.