Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Aleksandr Belskinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdir
31 oktyabr – 03 noyabr 2022-ci il tarixlərində Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Aleksandr Belskinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdir.
Azərbaycanda səfərdə olan Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Aleksandr Belskinin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib. Əvvəlcə nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb. Şəhidlər xiyabanına gələn nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları önünə gül dəstələri qoyub, "Əbədi məşəl" abidəsini ziyarət edib. Sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
31 oktyabr tarixində Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Aleksandr Belskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə qarşılıqlı səfərlərin əhəmiyyətindən danışılıb, cari ildə Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğu xatırlanlb, iki ölkə arasında əməkdaşlığın inkişafında dövlət başçılarının şəxsi münasibətlərinin rolu vurğulanıb.
Söhbət zamanı qarşılıqlı münasibətlərdə siyasi, iqtisadi, humanitar, parlamentlərarası əməkdaşlığın, iki ölkənin regionları arasında münasibətlərin əhəmiyyəti vurğulanıb. Görüşdə Milli Məclisin həm Federasiya Şurası, həm də Dövlət Duması ilə qarşılıqlı münasibətləri, beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq, parlamentlərarası dostluq qruplarının fəaliyyəti barədə fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov və digər rəsmi şəxslər iştirak ediblər.
Səfər çərçivəsində Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Aleksandr Belskinin başçılıq etdiyi nümayəndə heyəti ilə Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov arasında görüş keçirilmişdir. Görüşdə şəhərlər arasında müxtəlif sahələrdə əməkdaşlıq və digər məsələlər müzakirə edilmişdir.
Nümayəndə heyəti eyni zamanda Heydər Əliyev Mərkəzini və Rus Mədəniyyəti Mərkəzini ziyarət etmişdir.