2022-09-08

Sankt-Peterburqda "Memarlıq incəsənət kimi" sərgisi açılıb

7 sentyabr 2022-ci il tarixində Sankt-Peterburq Dövlət Tarix Muzeyində Üçüncü Beynəlxalq "Memarlıq incəsənət kimi" sərgisinin açılışı keçirilmişdir. Ekspozisiyanın əsas qəhrəmanları – "Qızıl Trezini-2021" müsabiqəsinin qalibləri olmuşdur. "Qızıl Trezini" memarlar, dizaynerlər, bərpaçılar, teatr rəssamları və memarlıq ixtisaslarının tələbələri üçün illik mükafatdır. 2018-ci ildə Sankt-Peterburqun ilk memarı, İsveçrə əsilli memar Domeniko Trezininin (1670-1734) şərəfinə təsis edilmiş və “Dünya Peterburqlular klubu”nun himayəsi altında keçirilir.

Tədbirdə Sankt-Peterburq Dövlət Tarix Muzeyinin baş direktoru Vladimir Kirilov, Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov, İsrail Dövlətinin Sankt-Peterburqdakı baş konsulu Uri Reznik, Rusiya Milli Kitabxanasının baş direktoru Vladimir Qronski, "Tsarskoye Selo" Dövlət Muzeyinin direktoru Olqa Taratınova, Sankt-Peterburq Memarlar İttifaqının prezidenti Vladimir Qriqoryev və digər şəxslər çıxış etmişlər. S.Qasımov çıxışında sərgi iştirakçılarını salamlayaraq təbrik etmişdir. Baş konsul qeyd etmişdir ki, Sankt-Peterburq dünyanın ən gözəl şəhərlərindən biridir və onun bənzərsiz muzeyləri, teatrları və tarixi binaları şəhərin memarlığından və onun mahiyyətindən danışır.

Petropavlovsk qalasının Mühəndis evində keçirilən sərgidə 2021-ci ildə keçirilmiş "Qızıl Trezini" IV Beynəlxalq memarlıq-dizayn müsabiqəsinin qaliblərinin əsərlərini görmək mümkün olmuşdur. Laureatlar arasında 14 ölkədən – Braziliya, Böyük Britaniya, İsrail, Hindistan, İtaliya, İslandiya, İspaniya, Çin, Meksika, Niderland, Portuqaliya, Rusiya, Salvador və Sinqapurdan olan layihələr yer alır. Bundan əlavə, sərgidə 2021-2022-ci illərdə "Qızıl Trezini" Təşkilat Komitəsi tərəfindən keçirilən mədəni və maarifləndirici tədbirlərin fotoxronikası da təqdim olunmuşdur.

Arxiv üzrə axtarış