2022-05-10

Sankt-Peterburqda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99 illiyi qeyd edilib

10 may tarixində Sankt-Peterburqda Azərbaycan diasporunun nümayəndələri, AMOR gənclər təşkilatının fəalları və Baş konsulluğun diplomatları Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin andan olmasının 99 illiyini qeyd ediblər. Baş konsulluğun təşkilatçılığı ilə dahi dövlət xadimi Ulu Öndər Heydər Əliyevin Qoroxovaya küçəsindəki barelyefi qarşısına toplaşan həmvətənlərimiz Ulu Öndərin əziz xatirəsini yad ediblər. 

Tədbir iştirakçıları Ümumilli Liderin barelyefi qarşısına gül dəstələri düzüblər, xatirə fotoşəkilləri çəkdiriblər, onunla bağlı xoş xatirələri ilə bölüşüblər.

Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov Ümummilli Lider Heydə Əliyevin həyat və fəaliyyətinə nəzər salaraq, dahi öndərin ömür yolunu sevdiyi xalqına həsr etdiyini vurğulayıb. Diplomat bildirib ki, Heydər Əliyev daima Azərbaycan dövlətini və xalqını düşünüb, ölkəmizin tərəqqisi naminə taleyüklü qərarlar verib. Baş konsul Sultan Qasımov xüsusi ilə qeyd edib ki, məhz Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmiz çiçəklənib və inkişaf edib. Ümummilli Lider müstəqil Azərbaycanın banisidir, məhz onun siyasi müdrikliyi nəticəsində müasir dövlətçiliyin möhkəm əsaslarının qoyulub. SSRİ dövründə strateji və iqtisadi cəhətdən vacib olan layihələr məhz Heydər Əliyevə həvalə edilib və onun sayəsində uğurla həyata keçirilib. Diplomat xüsusi vurğulayıb ki, 1982-1992-ci illərdə Ulu Öndər Heydər Əliyev Azərbaycandan uzaqlaşdırıldığı dövrdə vətənimiz artıq uçurumda idi. 1993-cü ildə Azərbaycan xalqının təkidi və xahişi ilə Heydər Əliyev hakimiyyətə qayıtdı və ölkəmiz sözün həqiqi mənasında hər sahədə inkişafa başladı. Baş konsul bildirib ki, müstəqil Azərbaycana rəhbərlik edən Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz beynəlxalq aləmdə mövqelərini möhkəmlədib və müstəqilliyimiz əbədiləşib. Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyev xaricdə yaşayan həmvətənlərimizə və Azərbaycan-Rusiya münasibətlərinin inkişafına xüsusi diqqət yetirib. Bu gün Ümummilli Liderin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin tərəqqisi, xalqımızın rifahı naminə həyata keçirdiyi layihələrin böyük razılıq doğurduğu vurğulandı. 

Sultan Qasımov qeyd etmişdir ki, 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş, ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir.

Diplomat qeyd edib ki, Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyevə sevgisi və hörməti əbədidir. Bu əlamətdar gündə həm Azərbaycanda həm də xaricdə yaşayan həmvətənlərimiz Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad edirlər.

Rəsmi hissədən sonra Baş konsulluğun inzibati binasında tədbir davam etdirilmişdir.

Arxiv üzrə axtarış