Sankt-Peterburqun Mariinski Teatrında Azərbaycanın dahi bəstəkarı Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş “Min bir gecə” baleti təqdim edilmişdir
“Min bir gecə” baleti Rusiya Federasiyasının əməkdar incəsənət xadimi, tanınmış xoreoqraf, həmyerlimiz Eldar Əliyevin quruluşunda səhnələşdirilmişdir. Baş tutmuş tədbirdə Mariinski Teatrının simfonik orkestri və xorunu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev idarə etmişdir. Musiqi dolğunluğu, rəngarəng harmonik dil və orkestrləşdirmə, səmimi lirika səhnələri ilə zəngin “Min bir gecə” baleti yerli sənətsevərlər tərəfindən güclü alqışlarla qarşılanıb. Tədbir anşlaqla keçmişdir.
Əsərin ifasından sonra tədbirdə fəxri qonaq qismində iştirak edən Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov xoreoqraf Eldar Əliyevi, dirijor Əyyub Quliyevi və teatrın solistlərini səhnə arxasında uğurlu çıxışları münasibətilə təbrik edib. Diplomat Fikrət Əmirovun dahi əsərinin yeni quruluşda Rusiyanın aparıcı teatrının səhnəsində ifa edilməsini mədəni əlaqələrin inkişafında mühüm hadisə adlandırıb.
Mədəniyyət xadimləri qarşısında çıxış edən Baş konsul Sultan Qasımov Mariinskiy Teatrının rəhbərliyinə və artistlərinə, həmçinin orkestrə Azərbaycanın dünya şöhrətli bəstəkarı Fikrət Əmirovun ölməz “Min bir gecə” əsərini uğurla səhnələşdirdiklərinə görə dərin minnətdarlığını bildirib. Tamaşanın yekununda balet truppasının üzvlərinə Baş konsulluq adından gül dəstələri hədiyyə edilib.
Tədbirin yekununda Baş konsul Sultan Qasımov Mariinskiy teatrının rəhbərliyi və balet truppası ilə xatirə şəkili çəkdirib.