2021-11-12

Dövlət Ermitajında “Görünməyən incəsənət. İmkan sərhədlərini genişləndirərək” adlı inklüziv sərginin açılışı keçirilmişdir.

12 noyabr 2021-ci il tarixində Dövlət Ermitajının Baş qərargah binasında “Görünməyən incəsənət. İmkan sərhədlərini genişləndirərək” («Незримое искусство. Расширяя границы возможного») adlı inklüziv sərginin açılışı keçirilmişdir. Tədbirdə ölkəmizi Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova və Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov təmsil etmişlər

Sərgini açarkən Dövlət Ermitajının direktoru Mixail Piotrovski layihə haqqında məlumat vermiş, əməkdaşlığa görə AMXM-nə təşəkkürünü bildirmiş və sərgidə nümayiş olunan eksponatlardan biri – Pazırıq kurqanındakı yurta örtüyünün atlı və ilahi təsviri olan keçə fraqmentinin taktil nümunəsini Bakı muzeyinə hədiyyə etmişdir. Bütün eksponatların mobilliyini qeyd edən M.Piotrovski onların yaxın gələcəkdə bu muzeyin artıq ənənəsinə çevrilmiş Ermitaj Günlərində dünyanın bir sıra ölkələrində nümayiş etdiriləcəyini bildirmişdir.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova sərginin açılışında çıxış edərkən qeyd etmişdir ki, 2019-cu ildə AMXM təqdim etdiyi görmə qabiliyyəti məhdud insanlar üçün nəzərdə tutulmuş “Sərhədsiz muzey” layihəsi Azərbaycanın muzey işində inklüziv istiqamətdə inkişafın flaqmanına çevrilib.

Sərgi görmə imkanları məhdud insanlar üçün sənət əsərlərinin replikalarının yaradılması sahəsində uzun illər aparılan tədqiqatların nəticələri əsasında ərsəyə gəlib. Belə ki, muzey ziyarətçiləri taktil üsulla dünya mədəni irs nümunələri ilə yeni tərzdə, yaxından tanış olacaqlar.

Sərgidə Dövlət Ermitajında qorunub saxlanılan dünyanın ən qədim xalçası hesab edilən “Pazırıq” xalçasının Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsində toxunan inklüziv fraqmentləri təqdim olunur. Görmə imkanları məhdud şəxslər fraqmentlərə toxunmaqla onu təsəvvürlərində canlandıra biləcək, ornamentlərinin formasını hiss edəcəklər.

Qeyd edək ki, Azərbaycan Milli Xalça Muzeyinin inklüziv layihəsinin dünya şöhrətli muzeydə tətbiqinə 2020-ci ildə Dövlət Ermitajı ilə imzalanan əməkdaşlıq haqqında Anlaşma Memorandumu əsasında başlanılıb. Sərgi 2021-ci il dekabrın 12-dək davam edəcək.

 

Arxiv üzrə axtarış