Tavriçeskiy sarayında “MDB-nin 30-cu ildönümü: Təcrübə və innovasiyalar” adlı plenar iclası keçirilmişdir
11 noyabr 2021-ci il tarixində Tavriçeskiy sarayında “Birlik” TRAVEL HUB Beynəlxalq Turizm Forumunun himayəsi altında “MDB-nin 30-cu ildönümü: Təcrübə və innovasiyalar” plenar iclası və “Mədəniyyət turist axınının əsas motivatoru kimi” adlı müzakirə sessiyası keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov və vitse-konsul Rüfət Dadaşov iştirak etmişlər.
Tədbirləri Rusiya Federasiyası Mədəniyyət nazirinin müavini Alla Manilova açıq elan edərək, Rusiyada mədəniyyət və turizm arasında mühüm genetik əlaqənin olduğunu, hər bir ölkənin zəngin mədəni irsi ilə seçildiyini və bütün MDB ölkələrini birləşdirdiyini vurğulamışdır.
MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitski tədbir iştirakçılarını salamlayaraq bildirmişdir: “Turizm və mədəniyyət MDB dövlətləri arasında iki əsas əməkdaşlıq sahəsidir, xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə və iqtisadi sahələrinin dinamik inkişafına töhfə verir”. Dmitri Kobitski bildirmişdir ki, mədəniyyət sahəsində model qanunvericiliyin hazırlanması Assambleyanın qanunvericilik fəaliyyətinin mühüm tərkib hissəsidir. Təşkilat, xüsusilə, MDB-yə üzv dövlətlər üçün Mədəniyyət haqqında model məcəllə, “Mədəniyyət haqqında”, “Mədəni irs obyektləri haqqında”, “Sosial-mədəni fəaliyyət haqqında”, “Qeyri-maddi mədəni irsin mühafizəsi haqqında”, “Mədəni irs obyektləri haqqında” model qanunlar və bu sahəyə aid bir çox digər sənədlər qəbul etmişdir.
Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov tədbir iştirakçılarına məktub ünvanlamışdır. Sankt-Peterburqun Xarici əlaqələr Komitəsinin sədri Yevgeni Qriqoryevin oxuduğu məktubda deyilir: “Turizm bir çox MDB dövlətlərinin iqtisadiyyatı üçün mühüm komponentdir, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır”.
Əyani və online formatda keçirilmiş iclasda Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Belarus Respublikası Mədəniyyət nazirinin birinci müavini Valeri Qromada, Qazaxıstan Respublikası Mədəniyyət və idman nazirinin müavini Nurkis Daueşov, Moldova Respublikasının Mədəniyyət naziri Sergiu Prodan, Tacikistan Respublikası Mədəniyyət nazirinin müavini Manuçehr Şərifzoda, o cümlədən mədəniyyət xadimləri, kitabxanaların rəhbərləri və MDB ölkələrinin ən böyük muzeylərinin nümayəndələri çıxış etmişlər.
Tədbirin sonunda Rusiya Federasiyası Mədəniyyət nazirinin müavini Alla Manilova və MDB PA Şurasının Baş katibi Dmitri Kobitski Ümumrusiya dekorativ, tətbiqi və xalq sənəti muzeyinin (Moskva) sərgisini açmışlar. D. Kobitski 2022-ci ilin MDB-də “Xalq yaradıcılığı və mədəni irs ili” elan edildiyini qeyd edərək, bu sərginin silsilə tədbirlərin başlanğıcı olduğunu bildirmişdir.