Azərbaycan Respublikası Milli Məclisinin sədri xanım Sahibə Qafarova Sankt-Peterburq şəhərinə səfər etmişdir.
Azərbaycan Respublikası Milli Məclisinin sədri xanım Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Üçüncü Avrasiya Qadın Forumunda iştirak etmək üçün 12-14 oktyabr tarixlərində Sankt-Peterburq şəhərinə səfər etmişdir.
Sankt-Peterburqun “Pulkovo” hava limanında nümayəndə heyətini ölkəmizin Sankt-Peterburq şəhərindəki Baş konsulu Sultan Qasımov, Sankt-Peterburq şəhərinin Xarici Əlaqələr Komitəsinin sədri Yevgeni Qriqoryev və digər rəsmi şəxslər qarşılamışlar.
Oktyabrın 13-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Üçüncü Avrasiya Qadın Forumunun plenar iclasında çıxış etmişdir. Spiker Sahibə Qafarova qeyd etmişdir ki, bu gün dünyanın bir çox ölkələrində qadınlar gələcəyə daha böyük inamla baxırlar. Çıxışında ölkəmizdə həyata keçirilən qadın siyasətinin tarixi və uğurları barədə məlumat verən spiker qeyd etmişdir ki, tarix boyu Azərbaycanda qadınlar hər zaman xüsusi diqqət və qayğı ilə əhatə olunublar. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması azərbaycanlı qadınların cəmiyyətin fəal üzvünə çevrilməsi üçün geniş imkanlar açdı. O, həmin dövrdə müsəlman Şərqində ilk dəfə olaraq, Azərbaycanda qadınlar kişilərlə bərabər seçmək və seçilmək hüququnu əldə etdiklərini xüsusi xatırlatmışdır.
Müasir dövrdə ölkəmizdə qadınlarla bağlı həyata keçirilən dövlət siyasətinin qayəsinin onların siyasi, sosial, iqtisadi və mədəni hüquqlarını həyata keçirmək, gender bərabərliyini təmin etmək və dövlət idarəçiliyində iştirakını genişləndirmək olduğunu bildirən S.Qafarova vurğulamışdır ki, bu siyasətin əsasını Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyası müəyyən edir.
Ötən ilin noyabrında Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatın keçmiş Qarabağ münaqişəsinə son nöqtənin qoyduğunu qeyd edən Milli Məclisin sədri qeyd etmişdir ki, 44 günlük Vətən Müharibəsində Azərbaycanın əldə etdiyi qələbədən sonra Cənubi Qafqaz regionunda qadınlarımızın cəmiyyətin bütün sahələrinə daha fəal cəlb edilməsi üçün perspektivlər yaradan yeni reallıqlar ortaya çıxıb.
Spiker Sahibə Qafarova vurğulamışdır ki, hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlər qadınlarla bağlı dövlət siyasətinin bütün sahələrində əhəmiyyətli irəliləyişə səbəb olub. Ölkəmizdə aparılan sistemli islahatlar, regionların sosial-iqtisadi inkişafına yönəlmiş geniş dövlət proqramları qadınların həyatına müsbət təsir göstərir. O, vurğulayıb ki, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva qadın hüquqlarının qorunması, qadınların dövlət və ictimai həyatda rolunun artırılması istiqamətində daha böyük uğurlar əldə olunmasına xüsusi töhfələr verir.
Səfər çərçivəsində oktyabrın 13-də Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüş keçirmişdir. O, Azərbaycanla Rusiya arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə edərək, əlaqələrimizin hazırki səviyyəyə çatmasında qanunverici orqanlar arasında münasibətlərin rolunu da qeyd etmişdir.
Söhbət zamanı Milli Məclisin sədri Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin müxtəlif sahələrdə inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin inkişafında iki ölkənin dövlət başçılarının rolunu xüsusi vurğulamış, Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin mütəmadi rəsmi səfərlərinin ikitərəfli əlaqələrin inkişafında mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırmışdır.
Görüşdə Azərbaycanın 44 günlük Vətən müharibəsi və torpaqlarını işğaldan azad etməsi barədə məlumat verən Milli Məclisin sədri qeyd etmişdir ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun şücaəti sayəsində ərazilərimizin Ermənistan tərəfindən 30 illik işğalına son qoyulub.
Oktyabrın 14-də Forumun açılış mərasimində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin iştirak etmişdir.
Milli Məclisinin sədri Sahibə Qafarova səfər çərçivəsində BMT-nin Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Aliya El-Yassir ilə görüşü baş tutmuşdur. Görüşdə Azərbaycanda gender bərabərliyi, qadın hüquqlarının qorunması sahəsində görülən işlər, qadınların cəmiyyətdə rolu, eyni zamanda, tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılmışdır.
14 oktyabrda Milli Məclisin sədri Sahibə Qafarovanın Sankt-Peterburqa səfəri başa çatmışdır. Nümayəndə heyətini Sankt-Peterburqun “Pulkovo” hava limanında ölkəmizin Sankt-Peterburq şəhərindəki Baş konsulu Sultan Qasımov, Sankt-Peterburq şəhərinin Xarici Əlaqələr Komitəsinin sədr müavini Andrey Xlutkov və digər rəsmi şəxslər yola salmışlar.