Rusiya Milli Kitabxanasında “Nizaminin sözünü hiss et” adlı sərgi keçirilmişdir.
20 oktyabr tarixində Sankt-Peterburqdakı Baş konsulluğunun təşkilatçılığı ilə Rusiya Milli Kitabxanasında “Nizaminin sözünü hiss et” adlı sərginin açılış mərasimi keçirilmişdir. Tədbirdə Baş konsul Sultan Qasımov, diplomatik missiyaların rəhbərləri, diplomatlar, şəhərin elm və mədəniyyət ictimaiyyətinin nümayəndələri, ziyalılar və diaspor nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən kitabxananın baş direktoru Vladimir Qronski dahi Azərbaycan şairinin parlaq irsinin əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxladığını qeyd etmişdir. O, Nizami Gəncəvinin 880 illik yubileyinin şairin əsərlərinin sərgiləndiyi Rusiya Milli Kitabxanasında qeyd olmasını əlamətdar hadisə adlandırmışdır.
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva çıxışında Nizami Gəncəvinin müxtəlif mövzularda yazdığı beş məsnəvi-poemadan ibarət "Xəmsə"si ilə həm müasirləri, həm də ondan sonra bu növdə əsər yazan bir çox şairə öncüllük etməsi, dahi şairin Rusiyanın məşhur kitabxana və muzeylərini bəzəyən əsərlərinin Şərq miniatür sənətinin inkişafına da təkan verdiyini qeyd etmişdir.
Rəsmi hissəsindən sonra ölkəmizin incəsənət xadimlərinin ifasında Nizaminin sözlərinə muğam parçaları səsləndirilmişdir.
Tədbirin sonunda qonaqlar sərgi ilə tanış olmuşlar. Sərgidə Nizami Gəncəvi əsərlərinə müxtəlif dövrlərdə çəkilmiş illüstrasiya ənənəsini özündə əks etdirən nəşrlər, orijinal dildə və dünyanın müxtəlif dillərinə tərcümə edilmiş əsərləri yer almışdır. Tədbir iştirakçılarına milli şirniyyatlarımız təqdim edilib.
Sərgi noyabrın 21-nə kimi davam edəcəkdir.