Dövlət Ermitajında dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı tədbir keçirilib.
2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, dünyanın bir çox ölkələrində, o cümlədən Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində dahi Azərbaycan şairi və mütəfəkkirinin 880 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Bununla əlaqədar Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti Sankt-Peterburqa səfər edib.
Oktyabrın 19-da mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva ilə Dövlət Ermitajının direktoru Mixail Piyotrovski arasında görüş keçirilib. Görüşdə Dövlət Ermitajı ilə Azərbaycan muzeyləri arasında əməkdaşlığın genişləndirilməsi, Ermitajda saxlanılan ölkəmizin mədəni irs nümunələrinə xüsusi diqqətin ayrılması, gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Həmin gün Dövlət Ermitajında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd olunub. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Sankt-Peterburqdakı Baş konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbir 1941-ci ildə məhz bu məkanda Nizami Gəncəviyə həsr olunan tarixi tədbirin 80-ci ildönümünə təsadüf edib.
Mərasimdə çıxış edən Ermitaj Muzeyinin direktoru Mixail Piotrovski Nizami Gəncəvi dühasından danışaraq bildirib ki, böyük Azərbaycan şairinin yaradıcılığı Yaxın və Orta Şərqdə fəlsəfi cərəyanların, ədəbi məktəbin əsasını qoyub. Nizami Gəncəvinin əsərlərinin mövzuları əsasında çəkilmiş miniatürlər bu gün dünyanın ən məşhur muzeylərini və kitabxanalarını bəzəyir.
M.Piotrovski xatırladıb ki, 80 il öncə, Böyük Vətən müharibəsi dövründə və Sankt-Peterburqun – o vaxtkı Leninqradın blokadasının 42-ci günündə Nizaminin 800 illik yubileyi Ermitajda qeyd olunub.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Ermitajda “Nizami Gəncəvi İli” çərçivəsində belə bir tədbirin keçirilməsini əhəmiyyətini diqqətə çatdırıb. Vurğulanıb ki, 1941-ci ilin 19 oktyabr tarixində, şəhərin blokadada olduğu bir vaxtda Dövlət Ermitajında Nizaminin 800 illik yubileyinin qeyd olunması Azərbaycanın böyük şairinə verilən yüksək dəyərin təzahürü idi və Nizami 880 illiyinin də məhz eyni tarixində Ermitajda qeyd edilməsi çox mühüm və əlamətdar hadisədir.
Tədbirdə Ermitajın fondunda saxlanılan Nizami Gəncəvinin “Xəmsə”sinin nadir nüsxəsi nümayiş olunub, dahi şairin yaradıcılığına dair məruzələr dinlənilib, onun əsərlərinin motivləri üzrə çəkilmiş və hazırda Dövlət Ermitajında və Sankt-Peterburqdakı Rusiya Milli Kitabxanasında qorunub saxlanılan miniatürlər haqqında geniş təqdimatlar keçirilib.
Sonda tədbir iştirakçılarına konsert proqramı təqdim olunub. Sankt-Peterburq Dövlət Akademik Marinski Teatrının azərbaycanlı vokalçıları və pianoçu Vurğun Vəkilov Nizami Gəncəvinin əsərlərinə yazılmış musiqiləri ifa ediblər. Həmçinin ölkəmizin incəsənət xadimlərinin ifasında muğam parçaları səsləndirilib.