2021-ci ilin oktyabr ayının 7-də Azərbaycan Respublikasının diplomatik missiyasının inzibati binasında Baş konsul Sultan Qasımov Türkiyə Respublikasının Sankt-Peterburqdakı yeni təyin olunmuş Baş konsulu Özgün Talu ilə görüş keçirmişdir
Görüş T.Özgünün xahişi əsasında təşkil olunmuş və tanışlıq xarakteri daşımışdır.
Görüşün əvvəlində S.Qasımov həmkarını Sankt-Peterburq şəhərinə Baş konsul vəzifəsinə təyin olunması ilə əlaqədar təbrik edərək, AR ilə Türkiyə arasında mövcud olan münasibətlərin nümunəvi olduğunu söyləmişdir. S.Qasımov iki ölkə arasında münasibətlərin siyasi, iqtisadi və mədəniyyət sahələrini əhatə etdiyini bildirmişdir. Münasibətlərin yüksək səviyyədə olmasında AR Prezidenti cənab İlham Əliyevin və TR Prezidenti Rəcəb Tayyib Ərdoğanın müstəsna rolu olduğu vurğulanmışdır. Eyni zamanda, S.Qasımov 44 gün davam edən Vətən müharibəsində Türkiyənin tutduğu mövqeyi və AR-ə göstərdiyi mənəvi dəstəyi iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasının bariz göstəricisi olduğunu qeyd etmişdir.
T.Özgün Türkiyə XİN-də təmsil etdiyi idarənin bütün heyətinin Vətən müharibəsi dövründə cərəyan edən prosesləri diqqətlə izlədiyini və AR Prezidenti cənab İlham Əliyevin növbəti ərazilərin işğaldan azad olunmasına dair paylaşacaq xəbəri (tweet) səbirsizliklə gözlədiyini bildirmişdir.
Görüşün sonunda S.Qasımov T.Özgünü yeni təyinatı ilə əlaqədar bir daha təbrik edərək, istənilən məsələ ilə bağlı köməklik etməyə hazır olduğunu bildirmiş, Türkiyə rəsmisi ilə görüşlərin sistematik xarakter daşıyacağına ümid bəslədiyini qeyd etmişdir. T.Özgün qəbula görə öz təşəkkürünü izhar edərək, Sankt-Peterburqda fəaliyyət göstərəcəyi dövrdə AR diplomatik missiyası ilə sıx əməkdaşlıq etmək niyyətində olduğunu bildirmişdir. Görüşün yüksək dostluq və mehribançılıq şəraitində keçdiyi vurğulanmalıdır.