2021-09-27

27 sentyabr - Azərbaycan Respublikasında Anım Gününün qeyd olunması münasibəti ilə bağlı Sankt-Peterburq şəhərində Baş konsulluq tərəfindən tədbir keçirilmişdir

27 sentyabr 2021-ci il tarixində Vətən müharibəsinin birinci ildönümünün qeyd olunması ilə bağlı Baş konsulluqda Anım Günü keçirilmişdir. Baş konsulluğun inzibati binasında Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda həyatlarını vermiş hərbiçilərimizə və dinc əhaliyə həsr olunmuş guşə yaradılmışdır. Tədbirdə Baş konsul Sultan Qasımov və diplomatlarımız, Türkiyə Respublikasının Baş konsulu Özgün Talu, Azərbaycan milli-mədəni muxtariyyətinin rəhbəri, diaspor sədri Vaqif Məmişov və diaspor fəalları, ziyalılar, AMOR gənclər birliyinin Sankt-Peterburqdakı üzvləri, burada təhsil alan tələbələrimiz iştirak etmiş, Anım gününə həsr olunmuş xatirə guşəsinə gül dəstələri düzüb, onları ehtiramla yad ediblər. Baş konsul Sultan Qasımov və tədbir iştirakçıları şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar.                              

Baş konsul Sultan Qasımov iştirakçılar qarşısında çıxış edərək Vətən müharibəsinin ölkəmiz və xalqımız üçün kəsb etdiyi mahiyyətdən danışıb. Baş konsul qeyd edib ki, Milli ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistanın növbəti hərbi təcavüzünün qarşısı alınmış və mülki əhalinin təhlükəsizliyi təmin edilmişdir. Azərbaycan əks əməliyyatı özünü müdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət edilərək həyata keçirib. Diplomat bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında xalqımızın qazandığı Qələbə Azərbaycan Respublikasının tarixində yeni səhifə açdı, dünya səviyyəsində reallıqları dəyişdi və beynəlxalq ədaləti bərqərar etdi. Azərbaycanın ordusunun və xalqımızın şanlı zəfəri ilə nəticələnən Vətən müharibəsi Ermənistanın 30 ilə yaxın davam edən təcavüzünə son qoydu, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını təmin etdi.                           

Tədbirin davamında çıxış edən “Azərbaycan milli-mədəni muxtariyyəti”nin rəhbəri Vaqif Məmişov 44 gün davam edən Vətən müharibəsində Rusiyada və o cümlədən bütün dünyada yaşayan həmvətənlərimizin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə, Milli ordumuza dəstək verdiyini və xalqımızla həmrəy olduğunu vurğuladı. Diaspor sədri bildirdi ki, Sankt-Peterburqda və Rusiyada yaşayan soydaşlarımız müharibədə döyüşən hərbiçilərimizə, zərər çəkmiş mülki şəxslərə daima kömək göstərməyə hazır olublar və münaqişə dövründə Rusiyada yaşayan bir çox soydaşımızın könüllü olaraq orduya yazılmaq istəyini bildiriblər. Diaspor rəhbəri eyni zamanda qeyd etdi ki, harada yaşamağından asılı olmayaraq, hər bir Azərbaycanlı vətəninin, dövlət başçısının və xalqının yanındadır.                                           

Anım Günü münasibəti ilə Baş konsulluq tərəfindən keçirilən tədbirdə iştirak edənlər Vətən müharibəsində şəhid olan və həlak olan dinc soydaşlarımızın xatirəsini ehtiramla yad etdilər.

 

Arxiv üzrə axtarış