Sankt-Peterburq şəhərində səfərdə olan Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ulu öndər Heydər Əliyevin xatirəsini yad edib.
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Baş Prokurorluğu, Avropa Şurası və Beynəlxalq Prokurorlar Assosiasiyasının birgə təşkilatçılığı ilə 7-8 iyul tarixlərində keçirilmiş Avropa prokurorluq orqanları rəhbərlərinin konfransında iştirak məqsədilə Rusiya Federasiyasının Sankt- Peterburq şəhərinə səfər etmişlər.
“Avropa İnsan Hüquqları Konvensiyanın tələbləri kontekstində fərdi hüquqlar və ictimai maraqların qorunmasında prokurorluğun rolu” mövzusunda keçirilən konfrans çərçivəsində bir sıra xarici dövlətlərin baş prokurorları və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli və çoxtərəfli görüşlər keçirilmişdir.
7 iyul tarixində konfransı açıq elan edən Rusiyanın Baş prokuroru İqor Krasnov Avropa İnsan hüquqları konvensiyasının tələbləri kontekstində fərdi hüquqların və ictimai maraqların müdafiəsində prokurorluğun rolu haqda məlumat vermişdir. Müasir dövrün çağırışlarına uyğun olaraq prokurorluq sisteminin inkişafı, insan hüquqlarının qorunmasında prokurorluğun rolu, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, o cümlədən kibercinayətkarlıq, rəqəmsal valyutalardan istifadə etməklə törədilən cinayətlər və digər sahələrdə prokurorluqlar arasında çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanmışdır.
Tədbir çərçivəsində Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstan baş prokurorları tərəfindən Xəzər dənizində ətraf mühitin mühafizəsi və təbii resurslardan istifadə sahəsində əməkdaşlıq haqqında bəyannamə imzalanıb. Bəyannamə Xəzər dənizi akvatoriyasında beynəlxalq hüquq və ətraf mühitin mühafizəsi haqqında milli qanunvericiliyin icrası mexanizmlərini, habelə vətəndaşların ekoloji hüquqlarının qorunması və müvafiq hüquqpozmalara qarşı preventiv kompleks tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Səfər çərçivəsində Baş prokuror Kamran Əliyev İran İslam Respublikasının Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Kazem Cəlali ilə görüşmüşdür.
Baş prokuror otuz ilə yaxın dövr ərzində Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən azad edildiyini, ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ərazi bütövlüyünü bərpa etdiyini bildirmişdir. Kazem Cəlali dost Azərbaycan dövlətini və xalqını tarixi qələbə münasibətilə təbrik edərək Azərbaycan-İran sərhədinin tam şəkildə bərpa olunduğunu da məmnuniyyətlə vurğulamışdır.
8 iyul tarixində Sankt-Peterburqda keçirilən prokurorluq orqanları rəhbərlərinin konfransı çərçivəsində Müstəqil Dövlətlər Birliyi baş prokurorlarının müşavirəsi keçirilmişdir.
Azərbaycanın Baş prokuroru Kamran Əliyevin iştirak etdiyi tədbirdə MDB məkanında cinayətkarlığa qarşı mübarizə, o cümlədən terrorçuluq, narkotik maddələrin qanunsuz dövriyyəsi, qanunsuz miqrasiya, vətəndaşların hüquqlarının qorunması və sair məsələlər ətrafında müzakirələr aparılmışdır.
“Prokurorların cinayət təqibindən kənar fəaliyyətində rolu” mövzusunda keçirilən plenar sessiyada çıxış edən Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi kursuna uyğun olaraq prokurorluq orqanlarında genişmiqyaslı islahatların aparıldığını, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkarların formalaşdırılması məqsədilə Baş Prokurorluğun struktur dəyişiklikləri barədə tədbir iştirakçılarına məlumat vermişdir.
Çıxışda ölkəmizdə prokurorluğun cinayət təqibindən kənar fəaliyyəti, o cümlədən inzibati və mülki icraatda insan hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir.
Tədbir çərçivəsində Baş prokuror Kamran Əliyev həmçinin rusiyalı həmkarı İqor Krasnovla ikitərəfli görüş keçirmişdir. Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilmiş, gələcək əməkdaşlığın fəaliyyət istiqamətləri ətrafında, o cümlədən prokurorluqlarımız arasında imzalanmış bir sıra sənədlərin icrası mexanizmləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Səfər çərçivəsində Kamran Əliyev bir sıra ölkələrin, o cümlədən Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Xorvatiya, Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti, Avropa Şurası İnsan hüquqları və qanunun aliliyi Direktoratının rəhbəri, digər ölkələrdən olan həmkarları və nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri ilə görüşlər keçirmiş, gələcək əməkdaşlıq perspektivləri ətrafında faydalı müzakirə edilmişdir.
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasına səfəri çərçivəsində iyulun 8-də Sankt-Peterburqda Qoroxovaya küçəsi, 6 ünvanında yerləşən binanın qarşısına gəliblər. Nümayəndə heyətinin üzvləri burada Azərbaycan xalqının böyük oğlu, Ulu öndər Heydər Əliyevin 1949-1950-ci illərdə təhsil aldığı SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin Ali Məktəbinin binası qarşısında Ümummilli Lider Heydər Əliyevin binanın üzərinə vurulmuş barelyefini ziyarət ediblər. Nümayəndə heyətinin üzvləri dahi rəhbərin xatirəsini yad edərək barelyef önünə güllər düzüblər, xatirə şəkilləri çəkdiriblər.