2021-04-07

No:118/21, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Müstəqil Dövlətlər Birliyi ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışına dair məlumatı

Bu ilin 2 aprel 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Moskva şəhərində keçirilən xarici işlər nazirləri Şurasının iclasında iştirak etmişdir.

İclasda çıxış edən nazir, iclasın gündəliyinə uyğun mövzulara diqqəti yönəldərək,  humanitar sahədə əməkdaşlığın davam etdirilməsinin bundan sonra da dövlətlərarası münasibətlərin möhkəmlənməsinə və Birliyin inkişafına töhfə verəcəyini qeyd etmişdir.

Nazir Ceyhun Bayramov "Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlət başçılarının 1941-1945 – ci illər Böyük Vətən Müharibəsinin başlanmasının 80 illiyi ilə əlaqədar Birliyə üzv dövlətlərin xalqlarına və dünya ictimaiyyətinə müraciəti layihəsi haqqında" Qərarını xüsusilə vurğulayaraq, Azərbaycanın faşizm üzərində Qələbənin qazanılmasına böyük töhfəsini diqqətə çatdırmışdır. Qərarının qəbul olunmasının nasizm ideologiyasına və onun müxtəlif təbliğat formalarına qarşı mübarizədə böyük əhəmiyyətə malik olduğu bildirilmiş, bu gün də MDB məkanında nasizmin təşviq olunduğu təəssüflə qeyd olunmuş və bu xüsusda, Ermənistanın paytaxtının mərkəzində faşist Qaregin Njdeyə abidə qoyulduğu misal kimi səsləndirilmişdir. Nazir vurğulamışdır ki, faşizmin qəhrəmanlaşmasına MDB məkanında yer olmamalıdır.

Daha sonra nazir, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində Ermənistanın işğalı altında olan ərazilərin azad edildiyini və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasını vurğulamışdır. 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın qəbul edilməsində Rusiya Federasiyasının səyləri xüsusilə də, Prezident Vladimir Putinin fəal vasitəçiliyi yüksək qiymətləndirilmişdir.

Birgə Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirən xarici işlər naziri, bölgədə təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsi üçün yeni bir formatın yaradıldığını məmnunluqla vurğulamışdır.

Ceyhun Bayramov tədbir iştirakçılarının diqqətini işğal zamanı bütün şəhərlər və qəsəbələrin dəhşətli dağıntılara və vandalizm əməllərinə məruz qaldığına, dini və mədəniyyət abidələrinin qəsdən talan edilməsinə, məscidlər donuz tövləsinə çevrilməsinə yönəltmişdir. Hazırda bu ərazilərin yenidən qurulması və bərpa olunması işlərinin həyata keçirildiyini qeyd olunmuşdur.

Nazir, həmçinin üçtərəfli bəyanatlar çərçivəsində əldə olunan razılaşmaları yüksək qiymətləndirərək, kommunikasiyaların açılmasının bütün regionun xeyrinə olacağını və  regional əməkdaşlıq üçün yeni perspektivlər açacağını tədbir iştirakçıların diqqətinə çatdırmişdir.

Ceyhun Bayramov  vurğulamışdır ki, Azərbaycan üzərinə götürdüyü öhdəliklərə tam sadiqdir və üçtərəfli bəyanata uyğun olaraq bütün hərbi əsirləri Ermənistana qaytarmışdır. Eyni zamanda, nazir Ermənistan tərəfinin beynəlxalq hüquq normalarına və üçtərəfli bəyanata zidd əməllərinə diqqəti cəlb etmiş, o cümlədən Ermənistan hərbçilərinin Azərbaycan Respublikası ərazisinə qanunsuz daxil olmaq cəhdlərini, habelə Ermənistanın indiyədək Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə minaların basdırılması məlumatının Azərbaycana təqdim etmədiyini bildirmişdir.

Çıxışın sonunda nazir beynəlxalq ictimaiyyətin və xüsusilə də, MDB-yə üzv dövlətlərindən ən yaxın tərəfdaşlarımızın işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və bərpası, bu ərazilərdə dinc yanaşı yaşamaq üçün müvafiq şərait yaradılması məsələlərində dəstəyinə ümid bəslədiyimizi səsləndirmişdir.

Eyni zamanda, çıxışında nazir Ceyhun Bayramov gündəlikdə olan digər məsələlərə toxundu.

Arxiv üzrə axtarış