2021-01-21

20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Sankt-Peterburqda anım mərasimi keçirilib

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunda 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Bu il koronavirus pandemiyası ilə əlaqədar baş konsulluq anım tədbirini onlayn formatda təşkil edib. Tədbirdə baş konsul Sultan Qasımov, konsulluğun əməkdaşları, Sankt-Peterburqdakı Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Mərasim iştirakçıları 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra baş konsul Sultan Qasımov çıxış edərək 1990-cı il yanvarın 20-nə keçən gecə Bakıda törədilmiş qanlı faciə barədə məlumat verib. O bildirib ki, Azərbaycanın müasir tarixinin ən böyük faciələrdən biri olan 20 Yanvar, eyni zamanda, xalqımızın qəhrəmanlıq salnaməsinin parlaq səhifəsidir. Vurğulayıb ki, 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək faciənin təqsirkarlarının cəzalandırılmasını, hadisələrə siyasi qiymət verilməsini tələb edib.

Sultan Qasımov deyib ki, çətin müstəqillik yolundan keçən Azərbaycan xalqı bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində 30 il erməni işğalı altında olan torpaqlarını azad edib, indi həmin torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır. Azərbaycan xalqı 20 Yanvar faciəsi qurbanlarının xatirəsini qəlbində əbədi yaşadacaq.

Sonda tədbir iştirakçıları 20 Yanvar faciəsini əks etdirən fotosərgi ilə tanış olublar.

 

Arxiv üzrə axtarış