2021-01-06

İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib

Xəbər verdiyimiz kimi, yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib.

Dövlətimizin başçısı müşavirəni giriş nitqi ilə açdı.

Prezident İlham Əliyevin giriş nitqi

-Bu gün biz keçən ilin yekunlarını müzakirə edəcəyik, 2021-ci ildə görüləcək işlər haqqında danışacağıq. Keçən ilin və nəinki keçən ilin, son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi. Bu məğlubiyyət nəticəsində Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb, təslim olub və biz 3 rayonumuzu bir güllə atmadan, bir şəhid vermədən siyasi yollarla geri qaytardıq. Beləliklə, Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu. Biz bunu hərbi yollarla həll etdik. Baxmayaraq, uzun illər ərzində beynəlxalq vasitəçilər, demək olar, bütün aparıcı beynəlxalq təşkilatlar bizə deyirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Biz də deyirdik ki, əgər belədirsə, onda münaqişə sülh yolu ilə həll olunsun, biz də bunun tərəfdarıyıq. Müharibə dövründə mən dəfələrlə Azərbaycan xalqına müraciət edərək və xarici kütləvi informasiya vasitələrinə müsahibələr verərək deyirdim ki, Ermənistan tərəfi bizə tarix versin, onlar nə vaxt bizim torpaqlarımızdan öz silahlı qüvvələrini geri çəkirlər və biz dayanırıq. Əks-təqdirdə, axıra qədər gedəcəyik və bunu etdik. Beləliklə, şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi, göstərdi ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Mən dəfələrlə demişdim ki, əgər bu məsələ sülh yolu ilə öz həllini tapmasa, biz bu məsələni hərbi yolla həll edəcəyik və belə də oldu – hərbi yolla. Ondan sonra məsələ siyasi yolla həll olundu və tarixi ədalət bərpa edildi.

Mən son illər ərzində ölkəmizin hərtərəfli inkişafını dilə gətirərək deyirdim ki, bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Çünki Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Bu gün bu, həm siyasi gücdür, iqtisadi gücdür, xalq-iqtidar birliyidir, hərbi gücdür və bizim regionda oynadığımız müsbət roldur. Biz bu gücdən istifadə edərək qarşımızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik. Ermənistan ordusu 44 gün ərzində darmadağın edildi, demək olar ki, Ermənistan ordusu yoxdur. Müharibədən sonra müşahidə olunan mənzərə onu göstərir ki, bu gün Ermənistan silahlı qüvvələri faktiki olaraq tam dağıdılıb. Ermənistan məğlub edilib və biz istədiyimizə 44 gün ərzində nail ola bilmişik. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, keçmiş Hadrut rayonunu, Xocavənd rayonunun böyük hissəsini, Suqovuşan qəsəbəsini, Murovdağ silsiləsini və Şuşa şəhərini hərbi yollarla azad etdik. Bütövlükdə 300-dən çox yaşayış məntəqəsi hərbi yollarla işğaldan azad edildi. Bunun nəticəsində Ermənistan faktiki olaraq diz çökdü, məcbur olub noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Beləliklə, Ağdam, Laçın və Kəlbəcər rayonları bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı.

Bu Qələbə tarixdə əbədi qalacaq. Bu Qələbə bütün dünyaya sübut etdi ki, - bir daha bunu qeyd etmək istəyirəm, - bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Mən demişdim ki, tarixi Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövləti yaradılmayacaq. Mən demişdim ki, heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Mən demişdim ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq. Demişdim ki, biz bu məsələni istənilən yolla həll edəcəyik və etdik, bütün təzyiqlərə, təhdidlərə baxmayaraq. Baxmayaraq ki, dünyada kifayət qədər güclü erməni lobbisi var. Dünyada bir çox aparıcı dövlətlər Ermənistanı dəstəkləyir və müharibə dövründə biz bunu açıq-aşkar görürdük, bəzi ölkələr bunu gizlədə bilmirdilər. Bu dəstək Ermənistana nə verdi? Heç nə. Bizim gücümüz, iradəmiz qarşısında bu dəstək sıfıra bərabər oldu. Hər kəs gördü ki, bizi heç kim və heç nə dayandıra bilməz. Mən deyəndə ki, biz axıra qədər gedəcəyik, sözümə əməl etdim. O vaxt dayandıq ki, Ermənistan öz alçaldıcı məğlubiyyətini etiraf etdi, diz çökdü, ağ bayraq qaldırdı, təslim oldu. Hesab edirəm ki, bu, Ermənistan üçün tarixi dərs oldu. Onlar bir daha Azərbaycan xalqının böyüklüyünü gördülər. Baxmayaraq ki, işğal edilmiş bütün torpaqlarda vandalizm aktları törədildi, bizim bütün tarixi abidələrimiz, məscidlərimiz dağıdıldı və ya təhqir edildi, bütün yaşayış binalarımız dağıdıldı, Ağdam, Füzuli şəhərləri yoxdur, kəndlər yoxdur, Cəbrayıl, Qubadlı, Zəngilan şəhərlərində tək-tük bina qalıb, orada da Ermənistan hərbçiləri yerləşmişdilər. Kəlbəcər və Laçın rayonlarında daha çox qanunsuz məskunlaşma aparılmışdır. Ancaq Ermənistana o rayonlardan çıxmaq üçün vaxt verildiyi müddət ərzində onlar oranı da dağıtmışlar, bütün dünyaya öz vəhşiliklərini göstərmişlər. Bütün dünyanın gözü qarşısında evləri yandırıb, meşələri kəsib, qırıb, yandırıb, vandalizm aktları törətmişlər. Bütün dünya gördü ki, biz kiminlə üz-üzə idik. Bu vəhşiliyin, bu qəddarlığın bəlkə də tarixdə analoqu yoxdur. Heç İkinci Dünya müharibəsində işğalçı qüvvələr bu qədər qəddarlıq törətməmişlər. Onlar hesab edirdilər ki, biz bu bölgələrə qayıtmayacağıq, amma biz qayıtmışıq və qayıdırıq. Bu gün biz Böyük Qayıdış haqqında danışacağıq.

Biz tarixi ədaləti bərpa etdik. Biz bütün dünyaya gücümüzü göstərdik. Göstərdik ki, heç kim bizim iradəmizin qabağında dura bilməz. Eyni zamanda, məsuliyyət göstərdik, ədalət göstərdik, Ermənistan ərazisinə girmədik. Baxmayaraq ki, Ermənistan ərazisindən bizə qarşı namərd atəşlə törədilən hərbi cinayət nəticəsində onlarla mülki şəxs həlak oldu, şəhərlərimiz bombalandı. Biz Ermənistan ərazisinə keçmədik. Biz beynəlxalq hüquqa hörmətimizi göstərdik. Baxmayaraq ki, mənfur düşmən üçün heç bir mənəvi çərçivə yoxdur, heç bir mənəvi dəyər yoxdur. Amma mən demişdim ki, biz özümüzü onlar kimi apara bilmərik, biz azərbaycanlıyıq, biz özümüzə hörmət edən xalqıq. Biz döyüş meydanında düşməni çökdürdük. Döyüş meydanında düşmənə elə dərs verdik ki, onlar bu günə qədər bu dərsdən özlərinə gələ bilmirlər. Bu gün Ermənistanı bürümüş böhran onların işğalçılıq siyasətinin nəticəsidir. Gərək bizim torpaqlarımızdan sülh yolu ilə çıxardılar, biz onlara şans vermişdik. Gərək öz xoşu ilə çıxardılar bizim torpaqlarımızdan, amma biz bunun tamamilə əksini görürdük. Qanunsuz məskunlaşma, şəhərlərimizin adlarının dəyişdirilməsi, Azərbaycanın tarixi, mədəni, dini irsinin silinməsi. Əfsuslar olsun ki, bəzi beynəlxalq təşkilatlar və şirkətlər onlara bu sahədə yardım etmişdilər. Bizim torpaqlarımızda qanunsuz biznes fəaliyyəti göstərilmişdir. Bu gün bu barədə də danışacağıq, artıq müvafiq göstərişlər verildi. O şirkətlər məsuliyyətə cəlb olunacaq. Onlar bunu bilsinlər və gözləsinlər bu günü. Oraya müxtəlif ölkələrin parlamentlərinin nümayəndələri gedirdilər, indi görüm necə gedirlər. Fransadan bir heyət getmişdi, parlament üzvləri. Əfsuslar olsun ki, sülhməramlı qüvvələr onlara bu icazəni vermişdilər. Halbuki, biz bu sülhməramlı qüvvələr qarşısında məsələ qoymuşduq ki, bizim icazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz. Nəticədə Fransa səfiri bizim Xarici İşlər Nazirliyinə çağırıldı, nota verildi. Biz səssiz qalmayacağıq.

İndi mənə məlumat verildi ki, Ermənistanın xarici işlər naziri Xankəndiyə gedib. Sənin orada nə işin var? Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir. Bu səfərlərə son qoyulmalıdır. Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq. İndi münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılır. Rusiya öz vasitəçilik imkanlarını tərəflərə təqdim edib. Bu yaxınlarda Ermənistana və Azərbaycana səfər etmiş Rusiya hökumət nümayəndələrindən ibarət heyət əsasən bu mövzular haqqında söhbətlər aparmışdır.

Yaxşı, əgər münasibətlər normallaşacaqsa, o zaman belə təxribat xarakterli “səfərlərə” nə ehtiyac var? Nəyi göstərmək istəyirlər? Yenəmi bizi qıcıqlandırmaq istəyirlər? Unutmasınlar ki, onlara çox baha başa gəldi bu tipli addımlar. Ona görə bütün səfərlərə son qoyulmalıdır. Heç bir xarici vətəndaş bizim icazəmiz olmadan o əraziyə gedə bilməz. Heç bir beynəlxalq təşkilat, - ancaq Qırmızı Xaç istisna olmaqla, - oraya gedə bilməz. Bu, bizim ərazimizdir. Bütün dünya bu ərazini Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistanın xarici işlər naziri, sən kimsən ki, oraya gedirsən? Xəbərdarlıq edirik. Əgər buna oxşar addım təkrarlanarsa, bizim cavabımız çox sərt olacaq. Elə birinci dəfə biz Xarici İşlər Nazirliyi vasitəsilə onlara xəbərdarlıq etdik. Ondan sonra xəbərdarlıq başqa cür veriləcək. Onların ayağı oradan kəsilməlidir. Otursun öz ölkəsində.

Sülhməramlı qüvvələr. Onların orada funksiyası var. Noyabrın 10-da bu funksiya təsbit edildi. Baxmayaraq ki, indi onlar orada humanitar işlərlə məşğuldurlar, halbuki noyabrın 10-da imzalanmış Bəyanatda bu funksiya təsbit edilməyib, biz buna, necə deyərlər, göz yumuruq. Nə üçün? Çünki başa düşürük ki, orada insanlar yaşayır, başa düşürük ki, indi qış gəlib, hava soyuqdur. Orada müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın. Ona görə biz imkan verdik. İndi yüklərin böyük hissəsi oraya Azərbaycan ərazisindən gedir. Biz imkan verdik. Bərdəyə qədər dəmir yolu ilə gedir. Ondan sonra maşınlarla Dağlıq Qarabağa aparılır. Əlbəttə, biz imkan verməyə də bilərdik.

Ermənistan 30 il bizim suyumuzu kəsib, 100 min hektar torpağı susuz qoyub. Baxmayaraq ki, həm Sərsəng, həm də Suqovuşan su anbarları o vaxt ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə və onun fəaliyyəti nəticəsində inşa edilmişdir. Ermənistan bizim suyumuzu kəsmişdi. Amma mən yenə də deyirəm, biz heç vaxt onların səviyyəsinə düşməməliyik. Bu gün Dağlıq Qarabağda yaşayan insanlar bizim vətəndaşlarımızdır. Mən demişəm, onlar görəcəklər ki, Azərbaycan rəhbərliyi altında onlar yaxşı yaşayacaqlar. Ona görə biz bu imkanları verdik. Yoxsa Laçın dəhlizi ilə oraya yük daşımaq çox çətin məsələdir. Biz digər addımlar atdıq ki, orada humanitar işlər getsin. Yenə də deyirəm, noyabrın 10-da imzalanmış sənəddə bu, yoxdur. Amma biz yenə də imkan veririk. Bu, bizim ürəyimizin nə qədər geniş olmasını göstərir. Hesab edirəm ki, noyabrın 10-da imzalanmış Bəyanat gələcək fəaliyyət üçün əsas olmalıdır. Bu Bəyanatdan başqa, hər hansı bir digər sənəd imzalanmayıb.

Eyni zamanda, imkan verdik ki, - söhbət bizim ərazimizdən keçən yollardan və azad edilmiş torpaqlardan gedir, - erməni vətəndaşlar Qubadlı rayonundan keçən yoldan istifadə etsinlər. Bunu gərək onlar qiymətləndirsin, yoxsa yox. Bu, bizim torpağımızdır. Başa düşürük ki, yol oradan keçib. Sovet vaxtında sərhədlərin o qədər də böyük əhəmiyyəti yox idi, orada yaşayan erməni əhalisi bəlkə də bilməyib ki, bu, Azərbaycan ərazisidir. Çünki kim onlara deyə bilərdi ki, bu, Azərbaycan ərazisidir. Onlar hesab ediblər ki, bu, Ermənistan ərazisidir. İndi biləndə ki, bu, Azərbaycan ərazisidir və Azərbaycan sərhədçiləri oraya gəlib yerləşiblər, əlbəttə, onlar stres keçiriblər. Amma yenə də mən göstəriş vermişdim ki, bir adamın burnu qanamamalıdır. Onlara başa salın ki, bu, bizim yerimizdir, bizim torpağımızdır, çıxıb getsinlər. Vaxt verdik onlara. Ermənistan tərəfi bizdən xahiş etmişdi ki, yanvarın 2-nə qədər vaxt verin. Biz də vaxt verdik. Vaxt verməyə bilərdik. Mən oraya bir hərbi dəstə göndərə bilərdim və görüm nə günə düşərdilər onlar. Bunu etdikmi? Yox! Amma onlar edərdilər. Onlar Kəlbəcəri işğal edəndə bizə vaxt vermədilər. Bizim vətəndaşlar oradan ayaqyalın Murov aşırımından, Ömər aşırımından keçərək çıxdılar. Bir çoxları da yolda donub, həlak oldular. Onlar bizə vaxt verdilər?

Onlar mülki əhaliyə qarşı soyqırımı törətmişlər, Xocalı soyqırımı, digər hərbi cinayətlər. Biz isə bizim azad edilmiş ərazilərdə diversiya ilə məşğul olanları əsir götürdük. Məhv etmədik. Dedim ki, əsir götürün, daha müharibə başa çatıb, daha qan tökmək lazım deyil. Bu, yenə də bizim humanist mahiyyətimizi göstərir. Bu, bizim ərazimizdə yerləşib və oradan çıxmaq istəməyən bir qüvvədir və bizə qarşı təxribatlar törədib, hərbi təxribatlar. Bunun nəticəsində hərbçilərimiz həlak olub. Biz isə yenə humanistlik göstərmişik. Onları əsir götürmüşük. Amma onlar hərbi əsir sayıla bilməz, çünki müharibə qurtarıb. Onlar terrorçudur, diversantdır. Onlar Xocavənd rayonuna Ermənistandan, Ermənistanın Şirak vilayətindən noyabrın 26-dan sonra gəlmişlər. Bunu hər kəs bilsin. Nə üçün gəlmişlər? Kim onları göndərib? Müharibə ayın 10-da qurtarıb, Bəyanat imzalanıb. Kim göndərir onları oraya? Əgər Ermənistan rəhbərliyi bu qanunsuz silahlı birləşmələrə nəzarət edə bilmirsə, bu, onların problemidir. Ona görə burada heç kim bizi ittiham edə bilməz.

Mən bir daha demək istəyirəm ki, biz bir çox hallarda humanistlik göstərmişik və Ermənistan tərəfi bunu qiymətləndirməlidir. Bunun müqabilində Ermənistan xarici işlər nazirinin bizim torpağımıza gəlməsi qəbuledilməzdir. Artıq mən demişəm, ümid edirəm ki, onlar düzgün nəticə çıxaracaqlar. Çıxarmasalar, onların böyük problemləri olacaq və yenə də peşman olacaqlar.

Beləliklə, müharibə başa çatdı. Biz istədiyimizə nail olduq. İndi artıq quruculuq dövrü başlayır. Biz bu gün bu barədə də danışacağıq. Amma bundan əvvəl 2020-ci ildə baş vermiş başqa hadisələr haqqında demək istərdim. 2020-ci ilin fevral ayında ölkəmizdə parlament seçkiləri keçirilmişdir. Parlament seçkiləri demokratiya istiqamətində atılmış növbəti ciddi addım idi. Parlamentin rəhbər orqanları yeniləndi, rəhbərliyə yeni insanlar gəldi. İlk dəfə olaraq parlamentin sədr müavini müxalifət partiyasının nümayəndəsi seçildi. Eyni zamanda, ilk dəfə olaraq parlament komitələrinin sədr və müavin vəzifələrinə müxalifət nümayəndələri seçildilər. Bu, yeni siyasi mədəniyyətin təzahürüdür. Bu, bütün siyasi qüvvələr arasındakı əməkdaşlığa yönəlmiş ciddi bir addımdır. Əlbəttə ki, ölkəmizin demokratik inkişafı baxımından bunun çox böyük əhəmiyyəti var. Parlament çoxpartiyalı parlamentdir və bu, siyasi sistemimizin gücləndirilməsi istiqamətində çox önəmli addım sayılmalıdır.

Eyni zamanda, keçən il partiyaların böyük əksəriyyəti bizim təşəbbüsümüzə müsbət cavab verərək, siyasi dialoqa qoşuldular. Deyə bilərəm ki, hazırda bu dialoqda bütün siyasi qüvvələr iştirak edir. İştirak etməyənlərə siyasi qüvvə deyə bilmərəm. Çünki iştirak etməyən dəstə xain, satqın ünsürlərdən ibarətdir. Siyasi dialoq müharibədən əvvəl başlamışdır və müharibə dövründə daha da güclənmişdir. Müharibə dövründə bir antimilli qruplaşma istisna olmaqla, - mən antimilli şuranı nəzərdə tuturam, - bütün digər siyasi partiyalar və birliklər birmənalı olaraq bizim haqq işimizə öz dəstəyini verdi. Antimilli şura isə öz xain, satqın missiyasını müharibə dövründə də icra edib, düşmənin dəyirmanına su töküb, ordumuza qarşı çirkin kampaniya aparıb. Ordumuzu ləkələmək istiqamətində növbəti təxribat xarakterli addımlar atıbdır.

Onlardan başqa nə gözləmək olar? Bu antimilli şuranın liderləri vaxtilə Paşinyanı bizə nümunə kimi göstərirdilər, deyirdilər ki, baxın, Paşinyan demokratdır, Paşinyan novatordur, Paşinyan təmiz adamdır. Bu, onların sözləridir. İndi soruşun erməni xalqından, onlar bu novator demokrat haqqında nə fikirləşirlər? Onları birləşdirən, əlbəttə ki, hər iki, necə deyərlər, nümayəndənin vaxtında torpaqların əldən getməsidir. Azərbaycan Xalq Cəbhəsi və bu gün onun antimilli şurada cəmləşən qalıqları faktiki olaraq Birinci Qarabağ müharibəsi dövründə fərarilik etmişlər. Biz bu tarixi unutmamışıq, gənc nəsil də bilməlidir. Müharibə gedə-gedə prezident öz vəzifəsini tərk edib, gedib dağ kəndində oturub. Müharibə gedir, insanlar ölür, torpaqlar əldən gedir, ölkənin prezidenti, Ali Baş Komandanı qaçır, gedir Naxçıvan Muxtar Respublikasının dağ kəndində oturur. Bu, fərarilik deyil, nədir? İndi bu antimilli şurada rəhbərlik edənlər, harada idiniz müharibə dövründə? Qaçıb gizlənmişdilər. İndi də qaçıb gizlənir, biri Amerikada oturub, oradan mühazirələr oxuyur və düşmənin dəyirmanına su tökür. Onu kim maliyyələşdirir? Kim ona istiqamət verir? Biz bilirik. Buradakılara kim istiqamət verir? Həmin qüvvələr. Ermənipərəst qüvvələr, müharibə dövründə bizə qarşı çirkin əməllərdə iştirak edənlər, bizim qələbəmizi əlimizdən almaq istəyənlər, ermənilərə dəstək verənlər antimilli şuranın havadarlarıdır və onlar fəraridirlər, satqındırlar, xaindirlər. Xalq da bunu bilməlidir və gənc nəsil də bilməlidir. Bəzi hallarda gənc nəslə bu biabırçı tarix haqqında kifayət qədər məlumat verilmir. Bu, orta məktəb, ali məktəb dərsliklərinə salınmalıdır. Bu qara səhifə dərsliklərə salınmalıdır. Gənc nəsil Şuşanı, Laçını, Xocalını, Kəlbəcəri satanları, fərarilik edənləri, torpaqlarımızın itirilməsinə imkan yaradanları tanımalıdır. Bu günə qədər orada-burada sülənir Şuşanı satan satqın. Onlar bəla gətirdilər, faciə gətirdilər, günahsız insanların həlak olmasına şərait yaratdılar, insanları müdafiə etmədilər. Xalq Cəbhəsi-Müsavat hakimiyyəti qaçdı gizləndi, təslim oldu, biabır oldu. Ondan sonra otuz il ərzində elə bil ki, bunlar deyil bu torpaqları satanlar. Elə bil ki, bunlar deyil döyüş meydanından qaçanlar, bunlar deyil müharibə dövründə Gəncəni bombalayanlar, Azərbaycan əsgərini əsir götürənlər. Bunlardır. Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır.

Amma təbii ki, bunlar istisna olmaqla, bu gün ölkəmizdə çox ciddi və fəal siyasi dialoq gedir. Mən bir məsələni də qeyd etmək istərdim. Bir neçə ay bundan əvvəl mənə məlumat verildi ki, bəzi partiyalar qeydiyyatdan keçməyiblər. Mənim üçün bu, sözün düzü, yenilik idi. Mən bilmirdim. Mənə heç kim məlumat verməmişdi ki, belə hallar var. Ona görə mən dərhal göstəriş verdim ki, bu məsələ öz həllini tapmalıdır. İndi siyasi partiyaların qeydiyyat məsələsi öz həllini tapır. Hətta bir daha demək istəyirəm ki, müharibədən əvvəl artıq ölkəmizdə yeni bir siyasi iqlim yaranmışdır, müsbət iqlim. Çünki bizim hamımızın, bütün vətənpərvər qüvvələrin bir amalı var idi - torpaqlarımızın işğaldan azad edilməsi. Biz, Azərbaycan iqtidarı buna da nail olduq. Bu gün isə bizim qarşımızda bu Qələbəni siyasi yollarla möhkəmləndirmək, erməni faşizminin baş qaldırmasına yol verməmək, beynəlxalq müstəvidə keçmiş münaqişə ilə və indiki reallıqlarla bağlı, o cümlədən dağıdılmış ərazilər haqqında məlumat çatdırmaq vəzifəsi durur. Bizim partiyalarımızın bəziləri beynəlxalq partiya qurumlarına üzvdürlər. Bu məlumat o qurumlar çərçivəsində verilməlidir. Yəni bu, gələcək fəaliyyət üçün əsas istiqamət olmalıdır. Əlbəttə ki, ölkə daxilində demokratikləşmə proseslərinə müsbət təsir etmək, partiyalararası dialoqu möhkəmləndirmək, çatışmazlıqlar haqqında məsələ qaldırmaq və normal, sağlam rəqabət aparmaq – biz bunu istəyirik. Biz öz niyyətimizi ortaya qoymuşuq və şadam ki, bütün siyasi qüvvələr bu təşəbbüsə qoşulubdur.

Kadr islahatları aparılıb. Nazirlər Kabinetində rəhbərlik dəyişdirildi. Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında rəhbərlik dəyişdirildi. Bu da cəmiyyətdə çox müsbət qarşılanmışdır. Biz bu kadr dəyişikliyinin müsbət nəticələrini görürük.

Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmağa başlanmışdır. Hesab edirəm ki, o da sırf kadr islahatları ilə bağlı olan məsələdir. Xoşagəlməz hallar bürokratiya tərəfindən ört-basdır edilirdi və bəzi hallarda düzgün məlumat mənə çatdırılmırdı. Müvafiq qurumlar korrupsiyaya və rüşvətxorluğa qarşı kifayət qədər ciddi mübarizə aparmırdılar, bəzi hallarda cinayətlərə göz yumurdular. Bütün bunlar həqiqətdir. Kadr islahatları artıq buna da son qoyub. Bu gün heç kim, cinayət törətmiş insan vəzifəsindən asılı olmayaraq məsuliyyətdən boyun qaçıra bilməz. Heç kim qanundan üstün deyil. Heç kim üçün heç bir xüsusi status, heç bir imtiyaz yoxdur. Bunu hər kəs bilməlidir. Hesab edirəm, 2020-ci ilin hadisələri göstərir ki, hər kəs bunu artıq bilir.

Koronavirus, əlbəttə ki, bütün dünya üçün çox böyük sınaq idi. Hesab edirəm ki, Azərbaycan bu sınaqdan şərəflə çıxır. Vəziyyət tam nəzarətdədir. Operativ tədbirlər nəticəsində yeni xəstəxanalar tikildi, laboratoriyalar alındı. Həkimlər səfərbər olundu. Koronavirus xəstələrinə qulluq edən həkimlərin maaşları artırıldı, onlar əməkhaqlarının 3-5 misli həcmində maaş alırlar. Çox böyük sosial paket təqdim edildi. Bir neçə milyard manat dəyərində sosial paket koronavirusdan əziyyət çəkən insanlara, o cümlədən qeyri-formal çalışan və işsiz vətəndaşlara yardım kimi göstərildi. Bu gün biz peyvəndi gözləyirik. Ümid edirik ki, peyvənd bu ay ərzində Azərbaycana gətiriləcək. Hər halda bütün kontraktlar imzalandı. Peyvəndin bir qədər gec gətirilməsi bizdən asılı deyil. Ondan sonra insanlar kütləvi qaydada bu peyvənddən istifadə edəcək və canımız bu xəstəlikdən qurtaracaq.

Baxmayaraq ki, 2020-ci il bütün ölkələr üçün iqtisadi sahədə ağır il olub, amma Azərbaycan digər ölkələrə nisbətən bu vəziyyətdən daha az itkilərlə çıxıb. Bizim iqtisadiyyatımız təqribən 4 faizdən bir qədər çox azalıb. Hesab edirəm ki, bu, yaxşı göstəricidir. Amma, eyni zamanda, onu da bildirməliyəm ki, qeyri-neft sənayemiz 11 faizdən çox artıb. Nəyin hesabına? Məhz şaxələndirmə hesabına. Ona görə ki, sənayeləşmə siyasəti düzgün aparılıb. Neftin hasilatı bizdə azalır. Eyni zamanda, OPEC+ razılaşmasına görə biz özümüz də azaltmışıq. Neftin qiyməti aşağı düşüb. Əgər bu neft amili olmasaydı, bizim iqtisadiyyatımız bəlkə də daha az düşərdi. Amma qeyri-neft sənayesinin 11 faizdən çox artması real iqtisadiyyatın, qeyri-neft iqtisadiyyatının inkişafı deməkdir.

Kənd təsərrüfatı 2 faiz artıbdır və daha da çox artacaq. Çünki mən göstəriş vermişəm, azad edilmiş torpaqlarda indi payızlıq əkini aparılır. Bu barədə də danışacağıq. Orta əməkhaqqı və orta pensiya təqribən 13-14 faiz artıbdır. Neft Fondunun vəsaiti azalmayıb, artıb. Bu, bəlkə də bir çoxları üçün təəccüblüdür. Çox yox, amma təqribən 0,5 faiz artıb. Deməli, biz öz valyuta ehtiyatlarımızı qoruya bilmişik. Baxmayaraq ki, biz koronavirusla mübarizəyə milyardlarla manat yönəltmişik, müharibə aparmışıq və digər xərclər olubdur, müavinətlər, sosial paket. Bu yaxınlarda qəbul edilmiş qərarlar əsasında şəhid ailələrinin müavinəti 300 manatdan 500 manata qaldırılıb. Yəni, bütün bunlar böyük maliyyə yüküdür. Amma dövlətin dayanıqlılığı, ölkəmizin uğurlu siyasəti nəticəsində biz buna nail ola bilmişik.

İlin sonunda - dekabrın 31-də daha bir şad xəbər gəldi, Cənub Qaz Dəhlizi tam istismara verilmişdir. Onun son seqmenti olan TAP istismara verildi. Azərbaycan qazı tarixdə ilk dəfə olaraq artıq Avropa məkanındadır. Bu, bizim tarixi nailiyyətimizdir. Çünki Cənub Qaz Dəhlizinin təşəbbüskarı da bizik. Əsas maliyyə yükünü də biz öz üzərimizə götürmüşük. Bir çox ölkələri birləşdirən bu layihə gələcəkdə o ölkələr və digər Avrasiya ölkələri arasında yeni əməkdaşlıq formatının təməlini qoyur. Bu əməkdaşlıq formatı bu gün artıq özünü nəqliyyat sektorunda, ticarət sektorunda göstərir, ondan sonra digər sektorlarda göstərəcək. Biz Avrasiyanın enerji xəritəsini yenidən tərtib etdik. Biz bir–birinə bağlı olan 3500 kilometr uzunluğunda 3 qaz kəmərini inşa etdik. “Şahdəniz–2” layihəsini istismara verdik və artıq Avropa istehlakçıları Azərbaycan qazını alırlar. Bu, həm onlar, həm də bizim üçün faydalıdır. Eyni zamanda, digər layihələr üzrə də uğurlu işlər aparılıb. Əminəm ki, bu layihələrin işlənməsi bizə əlavə dividendlər gətirəcək - həm iqtisadi, həm siyasi.

Vaxtından əvvəl nə isə demək istəmirəm. Amma, eyni zamanda, biz yaxın günlərdə enerji sahəsində yeni gözəl hadisələrin şahidi olacağıq. Vaxt gələndə bu barədə də məlumat veriləcək. Yeni layihə bizim potensialımızı böyük dərəcədə gücləndirəcək.

Giriş sözümün sonunda beynəlxalq qurumların Azərbaycanda gedən işlərə verdikləri qiymətə də toxunmaq istərdim. Dünya Bankının “Doing Business” hesabatında, - yəqin vətəndaşlar xatırlayırlar, - bir neçə ölkə haqqında məlumatlar qeyri-dəqiq idi. Dünya Bankı bir neçə ay bundan əvvəl bildirmişdi ki, bu ölkələrin reytinqlərinə yenidən baxılacaq, o cümlədən Azərbaycan da bu siyahıda idi. Beləliklə, yenidən baxıldı və bizim reytinqimiz artırıldı. Çünki ondan əvvəl düzgün hesablanmamışdı. Bilmirəm hansı səbəblərə görə, o, başqa məsələdir. Amma yeni reytinqə görə, Dünya Bankının “Doing Business” proqramında 190 ölkə arasında Azərbaycan 28-ci yerdədir. Bizim işimizə ağızlarını büzən, iqtisadiyyatdan başı çıxmayan tiplər üçün, ünsürlər üçün, bax, budur əsas. Dünya Bankı bunu deyir. Biznes iqlimi, investisiya iqlimi, aparılan islahatlar Dünya Bankı tərəfindən qeyd edilir. Bundan əlavə, Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edilmişdir. Ona görə deyirəm, dırnaqarası, qondarma iqtisadçılar, xaricdə və burada banlayan dırnaqarası iqtisadçılar, açın gözünüzü baxın və dilinizi qoyun qarnınıza. Yoxsa, yerindən duran bizə dərs deyəcək: “iqtisadiyyat düzgün aparılmır, elədir, belədir”. Gedin, oxuyun, əgər oxuya bilirsinizsə.

Davos Ümumdünya İqtisadi Forumunun hesabatının bəzi parametrlərini qeyd etmək istərdim. Əhalinin elektrik təchizatı səviyyəsi - dünya miqyasında Azərbaycan ikinci yerdədir. İkinci yerdədir dünya miqyasında. Hökumətin dəyişməyə cavabdehliyi, yəni ki, islahatçı obrazı əmsalına görə Azərbaycan dünya miqyasında beşinci yerdədir. Hökumətin uzunmüddətli strategiyası - Azərbaycan 10-cu yerdədir. Hökumətin siyasi sabitliyi təmin etməsi - Azərbaycan 11-ci yerdədir. İnfrastruktur layihələri ilə bağlı - dəmir yolu xidmətlərinin səmərəliliyi 11-ci yerdədir. Hava yolları xidmətlərinin səmərəliliyi – 12-ci yer. Avtomobil yollarının keyfiyyəti - 24-27-ci yerlərdəyik. Bu hesablama inkişaf etməkdə olan 74 ölkə arasında aparılmışdır. İnklüziv inkişaf indeksi üzrə Azərbaycan üçüncü yerdədir. Bax, bu, dünyanın aparıcı və deyə bilərəm ki, ən nüfuzlu beynəlxalq qurumu olan Dünya Bankının və dünyanın bir nömrəli forumu olan Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarının nəticələridir.

Ona görə bir daha demək istəyirəm ki, biz düzgün yoldayıq. Bütün çətinliklərə baxmayaraq, işğala baxmayaraq, 1 milyon qaçqının olmasına baxmayaraq, biz bu nailiyyətləri əldə etmişik. İndi torpaqlar azad edilib, indi böyük qayıdış başlanmalıdır, böyük inkişaf prosesləri başlanmalıdır. Ona görə, əlbəttə, biz bütün bu işləri daha da fəal, daha da məqsədyönlü şəkildə aparmalıyıq ki, Azərbaycanın imkanlarını genişləndirək və ölkəmizin inkişaf dinamikasını artıraq.

İndi isə keçək bu il görüləcək işlərin müzakirəsinə. İlk növbədə, istərdim ki, Operativ Qərargahın məlumatını dinləyim. Operativ Qərargah mənim göstərişimlə yaradılıb və artıq fəal işləyir. Bir çox tapşırıqlar verilib. Operativ Qərargahın rəhbəri bəzi məlumatlar versin. Biz daim təmasdayıq, amma istərdim ki, vətəndaşlar da bunu eşitsinlər.

X X X

Operativ Qərargahın rəhbəri, Baş nazir Əli Əsədov çıxış edərək dedi:

- Söz verdiyinizə görə, çox sağ olun, möhtərəm cənab Prezident.

Cənab Prezident, icazə verin, əvvəlcə Sizi hökumətin bu geniş müşavirədə iştirak edən və etməyən bütün üzvləri adından böyük Qələbəmiz münasibətilə təbrik edək. Bütün dünyanın gözü 44 gün ərzində Azərbaycanda idi. Ali Baş Komandan olaraq Siz, həm cəbhədə Silahlı Qüvvələrimizə rəhbərlik edir, həm də diplomatiya və informasiya məkanında uğurla mübarizə aparırdınız. Bütün dünya görürdü ki, Qələbənin bir ünvanı var - qəhrəman Azərbaycan əsgəri, zabiti və onun sərkərdəsi, Ali Baş Komandanı Siz!

Onu da demək istəyirəm, bu Qələbə bir saatın, bir günün, bir ilin qələbəsi deyil. İlk gündən Sizin yanınızda köməkçi kimi işləyərək mən bunu digər həmkarlarımla bərabər görmüşəm, bu Qələbə bu illər ərzində hər gün, hər saat Sizin fəaliyyətinizin ən əsas prioriteti idi. Siz çox qələbələr qazanmısınız. Azərbaycan xalqı və dünya bunu bilir. Bu, diplomatik qələbələr olub, bu, humanitar sahədə qələbələr olub. Bizim idman sahəsində və digər sahələrdə də kifayət qədər çox qələbələrimiz var. Ancaq Sizin rəhbərliyinizlə 44 gündə Vətən torpaqlarının işğaldan azad edilməsi bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının ən müqəddəs arzusunun çin olması tarixə böyük hərflərlə yazılan QƏLƏBƏDİR! Cənab Prezident, bu, hamının fikridir. Bunu bütün xalqımız bilir və bütün xalqımız bu Qələbənin sevinc hissi ilə yaşayır.

Pandemiyaya qarşı görülən işlərə gəlincə, deməliyəm ki, bütün dünyanı bürüyən COVID xəstəliyi ilə əlaqədar Sizin Sərəncamınızla fevralın 27-də Operativ Qərargah yaradılmışdır. Həmin tarixdən başlayaraq bu xəstəliklə mübarizə bir neçə mərhələ keçmişdir. Sizin və çox hörmətli Birinci vitse-prezident Mehriban xanımın birbaşa tapşırığı və tövsiyələri ilə biz də öz fəaliyyətimizi Ümumdünya Səhiyyə Təşkilatının, həkimlərimizin və qonşu ölkələrin təcrübəsinə, aparılan protokollara uyğun olaraq qurmuşuq. Bütün potensial imkanlar - insan resursları, maliyyə resursları və inzibati resurslar səfərbər olunmuşdur. İl ərzində bu istiqamətdə Sizin rəhbərliyinizlə bir neçə dəfə müşavirə keçirilmiş və bu müşavirələrdə görülmüş işlər barədə məlumatlar verilmişdir.

Cənab Prezident, təbii olaraq bütün dünyanın bu pandemiyaya hazırlığı aşağı səviyyədə olduğu kimi, biz də bu xəstəliyə lazımi dərəcədə hazır deyildik. Ancaq Sizin rəhbərliyinizlə qısa müddət ərzində görülmüş çox operativ tədbirlər nəticəsində laboratoriyaların sayı artırılmış, maska və dərman qıtlığı aradan qaldırılmış, yeni süni tənəffüs aparatlarının (ECMO) alınması təmin edilmişdir. Xüsusi olaraq bu xəstəliklə mübarizə üçün qısa müddət ərzində modul tipli xəstəxanalar yaradılmış, mövcud xəstəxanaların formatı və reanimasiya şöbələrinin şəraiti dəyişdirilərək koronavirusla mübarizəyə cəlb edilmişdir.

Möhtərəm cənab Prezident, il ərzində karantin şərtləri bir neçə dəfə dəyişdirilmişdir. Biz ümumi karantin rejimindən sərtləşdirilmiş karantin rejiminə keçmişik. Təbii ki, bu hallar həm iqtisadiyyatda, həm sosial sferada, həm də insanların davranışlarında məhdudiyyətlərə səbəb olmuşdur. Ancaq hamı bilirdi, insanların reaksiyasından da bəlli olurdu ki, Azərbaycanda Sizin rəhbərliyinizlə Operativ Qərargah tərəfindən görülən işlər uğurludur. Bunu rəqəmlərdən də görmək olar. Cənab Prezident, Siz çıxışınızda COVID-19-la əlaqədar büdcəmizdən ayrılan vəsait və maliyyə imkanlarımız barədə danışdınız. COVID-lə mübarizəyə birbaşa olaraq 644 milyon manata qədər vəsait sərf olunmuşdur. Bu il üçün isə büdcədə hələlik birbaşa 261 milyon manat nəzərdə tutulub. Lazım olsa, əlavə ehtiyatlarımız var. Nəzərə alsaq ki, biz çox işləri 2020-ci ildə icra etmişik, əlavə xəstəxanalara, modul tipli xəstəxanalara və sairə ehtiyac yoxdur.

Cənab Prezident, Siz dediniz, bütün mənbələr və maliyyə imkanları nəzərə alınaraq iqtisadiyyata ümumilikdə təqribən 2,5 milyard manatlıqdan artıq dəstək göstərilmişdir. Xüsusilə işsiz və iş yerini müvəqqəti itirmiş şəxslərə biz dörd dəfə 190 manat birdəfəlik ödəmə vermişik. Bu da toplam olaraq 450 milyon manat vəsait deməkdir.

Koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə Sizin Fərmanınızla xüsusi fond yaradılmışdır və bu fonda 114 milyon manatdan artıq vəsait yığılmışdır. Bununla bərabər, xəstəliklə mübarizə üçün xarici ölkələrdən həkimlər cəlb edilmişdir.

Möhtərəm cənab Prezident, təbii olaraq, dünya bu xəstəliklə mübarizə aparır. Biz hazırda yanvarın 18-dək sərtləşdirilmiş karantin rejimindəyik. Ümumi karantin rejiminin müddəti yanvar ayının 31-dək artırılıb və bu istiqamətdə ciddi nəzarət var. Hesab edirik ki, Siz dediyiniz kimi, peyvənd Azərbaycana gətiriləndən sonra bu xəstəliklə mübarizədə, onun qarşısının alınmasında xeyli irəliləyiş olacaqdır.

Bununla bərabər, Siz müharibə ilə əlaqədar digər tapşırıqlar da vermisiniz. İcazənizlə, mən bu barədə də açıqlama verərdim. Sentyabrın 27-dən başlayan Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin qarşısında tab gətirə bilməyən Ermənistan silahlı qüvvələri hərbi cinayət törədərək bizim mülki əhalini, şəhər, rayon və kəndlərimizi atəşə tutaraq öz xislətini göstərdi. Bu təcavüz nəticəsində bizim mülki əhaliyə, dövlət əmlakına, infrastrukturumuza, sahibkarlarımıza çox ciddi zərər vurulmuşdur. Bu zərərlərin qiymətləndirilməsi və gələcəkdə kompensasiya edilməsi istiqamətində Sizin 6 noyabr tarixli Sərəncamınız olmuşdur. Sərəncamınızla Siz Dövlət Komissiyası yaratdınız və ona müvafiq konkret tapşırıqlar verdiniz. Sərəncamın icrası ilə bağlı Dövlət Komissiyasının gördüyü işlər barədə qısa məlumat vermək istərdim. Sərəncamla verilən tapşırıqların icrası ilə əlaqədar dərhal İqtisadiyyat, Maliyyə, Fövqəladə Hallar, Kənd Təsərrüfatı nazirliklərinin, Şəhərsalma və Arxitektura Komitəsinin, Respublika Prokurorluğunun, “ASAN xidmət” və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət 11 şəhər və rayonda 13 işçi qrupu yaradılmışdır. İşçi qruplarına mərkəzi icra orqanlarının - nazirlərin və komitə sədrlərinin müavinləri səviyyəsində rəhbərlik edilir. Ümumiyyətlə, qiymətləndirmə ilə əlaqədar işlərə 200-dən çox məsul şəxs cəlb olunmuşdur. Ötən müddət ərzində zərər çəkmiş vətəndaşların özlərinin iştirakı ilə 10 min 300-dən artıq obyektə baxış keçirilmiş və qiymətləndirmə aparılmışdır. Qiymətləndirmədən sonra müvafiq aktlar tərtib edilmiş və təqdim olunmuşdur. Ən çox zərər çəkmiş Tərtər rayonunda dəymiş ziyanın ilkin proqnozdan dəfələrlə çox olduğu nəzərə alınaraq, orada işlər indi də davam etdirilir. Yaxın günlərdə bu işlər başa çatdırılacaq.

Cənab Prezident, toplanmış materiallara əsasən, dağılmış və qəzalı vəziyyətə düşmüş, o cümlədən ziyan dəymiş əmlakın bərpa dəyəri əsasında, nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və digər daşınmaz əmlak isə orta bazar qiyməti prinsipinə uyğun olaraq qiymətləndirilmişdir. Bu günədək hesablanmış dəymiş ziyan 63,6 milyon manat həcmində qiymətləndirilir.

Cənab Prezident, vətəndaşların əmlakı ilə bərabər, dövlət əmlakına da ciddi ziyan dəymişdir. Belə ki, dövlət əmlakına - əsasən yol infrastrukturuna, elektrik, rabitə, qaz, su xətlərinə və digər infrastruktur obyektlərinə dəymiş ziyan toplam olaraq təqribən 27,4 milyon manat dəyərləndirilir. Ümumiyyətlə, bu günədək aparılmış qiymətləndirmə 91 milyon manat təşkil edir. Bir neçə rəqəmi diqqətə çatdırmaq istəyirəm. Dağıdılmış və qəzalı evlərin sayı 264 idi. Bu, tam dağıdılmış, o cümlədən 10 çoxmənzilli bina Gəncə şəhərindədir. Ümumi fərdi yaşayış evlərinin sayı 9294-dür. 440 sahibkarlıq obyektinə, 227 nəqliyyat vasitəsinə, digər 18 obyektə, məktəblərə və sosial obyektlərə, 518 kənd təsərrüfatı obyektinə ziyan dəymişdir.

Möhtərəm cənab Prezident, Siz bu proses üçün komissiyaya 2 ay vaxt vermişdiniz. Tamamilə dağıdılmış, zərər çəkmiş binalarda yaşayan əhalinin şəxsi əşyalarına dəymiş ziyanın dərhal ödənilməsi ilə əlaqədar dekabrın 14-də Sizin Sərəncamınız olmuşdur. Sərəncama əsasən Siz 9 milyon 100 min manat vəsait ayırmısınız. O vəsaitdən qəzalı vəziyyətə düşmüş yaşayış evlərinə dəymiş ziyanla əlaqədar hər ailəyə 6 min, hər ailə üzvünə 1500 manat və ziyan dəymiş digər ailələrə 1000 manat ayrılması tapşırığı verilmişdir. Bu tapşırıqla əlaqədar həmin kontingent siyahıya alınıb və bu da 6143 ailədir. Bu proses bank vasitəsilə konkret ailə üzvlərinə plastik kartlar açılmaqla yerli icra hakimiyyəti və maliyyə strukturlarının nəzarəti altında icra olunur. Dünənədək 25 faiz icra olunub. Söz verilir ki, qısa müddətdə - bir həftə ərzində bu proses başa çatdırılacaq.

Cənab Prezident, Sərəncamda digər tapşırıqlar da verilib. Siz də çıxışınızda dediyiniz kimi, dəymiş bu ziyan qiymətləndirilir və Xarici İşlər Nazirliyi vasitəsilə beynəlxalq təşkilatlara və xarici nümayəndələrə çatdırılır. Bu məsələlərin və aparılan bu qiymətləndirilmələrin şəffaf olması üçün “ASAN xidmət” vasitəsilə vahid elektron baza da yaradılıb. Cənab Prezident, işlər davam edir və bu barədə ictimaiyyətə mətbuat vasitəsilə daim məlumatlar verilir.

X X X

Prezident İlham Əliyev: Bu 9 mindən çox ev ki, onlara ziyan dəyib, əlbəttə, bu evlərin bərpası bizim əsas vəzifələrimizdən biri olmalıdır. İndi işlər başlanıb. İndi siz də qeyd etdiniz, itirilmiş əmlakın bərpası, vətəndaşlara vəsaitin verilməsi - bütün bunları həll etmişik. Əlbəttə ki, evlərin tikintisində və bərpasında biz fəal iştirak edirik. Çalışmalıyıq ki, bu məsələ də qısa müddət ərzində öz həllini tapsın. Eyni zamanda, çoxmənzilli evlərin yenidən tikilməsi üçün vəsait ayrılmışdır. Hesablayın, əgər əlavə vəsait lazım olacaqsa, nə qədər lazımdırsa, biz o qədər də vəsaiti ayırmalıyıq.

Gəncə şəhərində yaşayış binalarının Ermənistan tərəfindən ballistik raketlərlə dağıdılması və bunun nəticəsində bir çox insanın həlak olması faktı erməni vəhşiliyini bir daha bütün dünyaya göstərib. Bu evlər yenidən tikilməlidir. Amma hesab edirəm ki, həmin yerlərdə yox, həmin yerlər xatirə komplekslərinə çevrilməlidir. Hesab edirəm ki, biz artıq orada təmizləmə işlərinə də start verməliyik. Çünki bir müddət o yerlər dağılmış vəziyyətdə qalmışdır ki, xarici jurnalistlər, eyni zamanda, diplomatik missiyaların nümayəndələri gedib orada erməni vəhşiliyini öz gözləri ilə görsünlər. Demək olar ki, dünyanın bütün aparıcı kütləvi informasiya vasitələri bu dəhşətli görüntüləri öz videoreportajlarında əks etdirmişlər. İndi isə Gəncə şəhərində dağılmış çoxmənzilli evlərin ərazilərində təmizlik işlərinə start verilməlidir. Yerli icra orqanlarına kömək göstərin və layihələr hazırlayın. O xatirə kompleksi həmin yerlərdə olmalıdır ki, heç kim bizim şəhidlərimizi unutmasın və biz onların əziz xatirəsini əbədiləşdirməliyik.

Azad edilmiş torpaqlarda artıq işlər başlamışdır. O mənada ki, müvafiq göstərişlər verilmişdir. İlk növbədə, minalardan təmizlənmə işləri gedir. Şəhərsalma ilə bağlı artıq ilkin təmaslar yaradılıb.

Minalardan təmizlənmə ilə əlaqədar, hesab edirəm ki, biz bu sahəni böyük dərəcədə gücləndirməliyik. Çünki mənə verilən məlumata görə, bu günə qədər bu məsələ ilə məşğul olan qurumun heç hər hansı bir dövlət statusu da yoxdur. ANAMA qurumunun dövlət statusu yoxdur, bu, adi agentlikdir. O, faktiki olaraq dövlət idarəetmə strukturunda agentliyə xas olan səlahiyyətlərə malik deyil. Bu, vaxtilə yaradılmış komissiyanın nəzdində olan bir qurumdur. Ona görə mən artıq göstəriş vermişəm ki, bu qurum yaxın günlərdə yenidən təşkil edilsin. Ərazilərin Bərpası Agentliyi ilə birləşdirilməsinə də baxmaq olar. Çünki bu qurumun də faktiki olaraq agentlik statusu yoxdur. Say tərkibinə baxılmalıdır. Mənə verilən məlumata görə, orada təqribən 500 adam çalışır. Nə qədərdir?

Baş nazir Əli Əsədov: 560 nəfər.

Prezident İlham Əliyev: Əlbəttə, bu tərkiblə biz istədiyimizə nail ola bilmərik. Yeni yaradılacaq bu qurum ən müasir texnika ilə təchiz edilməlidir. Dövlət İnvestisiya Proqramında bunu mütləq nəzərə alın ki, biz bu məsələyə çox vaxt itirməyək. İndi bəzi rəqəmlər səslənir, bəzi bəyanatlar verilir. Hesab edirəm ki, bu bəyanatlar yersizdir. İndi oturub bunu hesablamaq ki, biz bu torpaqları neçə ilə minalardan azad edəcəyik, sadəcə olaraq, məsuliyyətsizlikdir. Heç kim deyə bilməz. Burada hər hansı bir meyar, yaxud da ki, əmsal ola bilməz. Çünki mənfur düşmən hər tərəfi minalayıb və xəritələri də bizə verməyib. Biz nə qədər tələb etmişik, o minaların xəritəsi olmalıdır və onlar bizə verilmir. Ona görə indi biz gərək öz işimizi prioritetlər əsasında quraq, əslində, qurmuşuq. Eyni zamanda, mən göstəriş vermişəm ki, Müdafiə Nazirliyində ən azı ilkin mərhələdə iki istehkamçı tabor yaradılsın. Dünən müdafiə naziri mənə məlumat vermişdir ki, bu sahədə işlər gedir. Eyni zamanda, Türkiyədən bildiyiniz kimi, 130 nəfərdən ibarət böyük heyət gəlmişdir. Onlar həm təlimatçı kimi bizim istehkamçılar üçün treninq keçirirlər, eyni zamanda, özləri də təmizləmə işləri ilə məşğuldurlar. İki gün bundan əvvəl Rusiyadan bir qrup istehkamçı gəlib və artıq onlar da bu fəaliyyətə başlayıblar. Biz bütün xarici tərəfdaşlara dərin təşəkkürümüzü bildiririk. Çünki bu ərazilərin bərpası üçün başlıca vəzifə minalardan təmizləmədir. Bütün ərazilərin, şəhərlərin bərpası ilə əlaqədar vahid konsepsiya olmalıdır. Hər şəhər üzrə vahid konsepsiya olmalıdır. Mən bu barədə indi Samir Nuriyevə söz verəcəyəm. İlkin təmaslar artıq qurulubdur, məlumat verəcək. Eyni zamanda, kəndlərin bərpası ilə bağlı vahid yanaşma olmalıdır. Çünki işğaldan əvvəl bəzi kəndlərdə yaşayan insanların sayı çox az idi, təqribən 20 nəfər, 30 nəfər, 50 nəfər. Əlbəttə, ilk növbədə, biz böyük yaşayış məntəqələrinin bərpası ilə məşğul olmalıyıq. Hesab edirəm ki, aidiyyəti qurumlar, hökumət, Prezident Administrasiyası kəndlərin optimal say tərkibini müəyyən etməlidir. Yəni, bizim üçün bir oriyentir olmalıdır. Əlbəttə ki, bu tarixi yaşayış məntəqələrinin mövcudluğu, torpaq sahələri nəzərə alınmalıdır ki, orada məskunlaşacaq insanlar öz ailə büdcələrini orada işləyərək təmin etsinlər. Yəni, onlar daha dövlət dəstəyinə möhtac qalmasınlar. Onlar üçün elə torpaq sahələri ayrılmalıdır ki, orada rahat əkib-becərə bilsinlər və yaxşı da gəlir götürsünlər. Nəzərə alsaq ki, bu torpaqlarda torpaq islahatı aparılmayıb, bu islahatı aparmaq üçün biz, əlbəttə, yeni meyarlar işləməliyik. Çünki 1990-cı illərdə torpaq islahatı bəzi hallarda natamam aparılmışdır və ondan sonra bəzi problemlər üzə çıxmışdır. Torpaq sahələri düzgün qeydiyyata alınmamışdır. Ona görə biz indi belə bir vəziyyətlə üzləşdik. Peykdən əldə edilən məlumat yerlərdə olan məlumatla uzlaşmır. Ona görə indi Kənd Təsərrüfatı Nazirliyi bu problemin həlli ilə məşğuldur. Amma azad edilmiş torpaqlarda bu səhvlərə əlbəttə ki, yol verilə bilməz. Ona görə dəqiq bilməliyik ki, hansı torpaqlar dövlət torpaq fonduna veriləcək, hansı torpaqlar meşə fonduna veriləcək. Onu da bildirməliyəm ki, bizim meşələrimizin böyük hissəsi qırılıb. Məndə məlumat var. Mən o məlumatı səsləndirəcəyəm. Ümumiyyətlə, azad edilmiş torpaqlarda əsas fəaliyyət sahələri kənd təsərrüfatı, kənd təsərrüfatı emalı və turizm sahələri olmalıdır ki, biz bu bölgənin təbiiliyini qoruya bilək. Ermənilər nə qədər çalışsalar da, orada məskunlaşma apara bilməmişlər. Çünki onların canlı resursları yoxdur. Bir də azad edilmiş torpaqlarda ki, ermənilər yaşayıb, mən orada olmuşam. Onlar elə gündə yaşayıblar ki, adam baxanda vallah dəhşətə gəlir. Məşhur Şurnux kəndi var ki, ermənilər bizim torpaqlarımızda yaşayıblar, indi onlar oradan çıxarılıbdır. Dünən Sərhəd Xidmətinin rəisi mənə məlumat verib, dəhşətli bir mənzərədir. Elə bil it damıdır. Deyirəm ki, çəkin bunu. İndi jurnalistlər göndərilib. Çəkin göstərin, qoy görsünlər bunlar nə gündə yaşayıblar. Çünki resurs olmayıb, istək olmayıb, canlı resurs olmayıb. Bir də ki, onlar heç vaxt bu torpaqları öz torpaqları kimi qəbul etməyiblər. Əks-təqdirdə, - onların ən çox yaşadıqları Şuşa şəhəri olubdur, - Şuşa şəhəri belə acınacaqlı vəziyyətdə olmazdı. Əgər onlar tarixi saxtalaşdıraraq Şuşa şəhərini bütün dünyaya erməni şəhəri kimi təqdim etməyə çalışıblarsa, heç olmasa, oraya əl gəzdirərdilər. O separatçı qurumun rəhbərləri özləri üçün imarətlər tikiblər. Erməni oliqarxlar imarətlər tikiblər. Amma onlardan başqa bir dənə də müasir tikinti yoxdur. Bizim tarixi-memarlıq abidələrimizi dağıdıblar. Ona görə bu məsələ ilə bağlı və digər məsələlərlə bağlı qaydalar, o cümlədən şəhərsalma qaydaları elə aparılmalıdır ki, bərpa olunacaq şəhərlərin dəqiq say tərkibi müəyyən edilsin. Biz özümüz hədəf qoymalıyıq, hansı şəhəri hansı formada görmək istəyirik. Əlbəttə ki, işlər əsaslı getməlidir. Minalardan təmizləmə, şəhərsalma qaydaları, infrastruktur layihələri və tikinti işləri ən müasir standartlara cavab verməlidir. Ona görə Samir Nuriyev görülmüş və bundan sonra nəzərdə tutulan işlər haqqında məlumat versin.

X X X

Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev çıxış edərək dedi:

-Təşəkkür edirəm, möhtərəm cənab Prezident. Sizin 2020-ci il 24 noyabr tarixli Sərəncamınızla Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılmışdır. Əlaqələndirmə Qərargahı dərhal işə başlamışdır. Gündəlik məsələlərin həll edilməsi ilə yanaşı, ortamüddətli planlaşdırma işlərinə də başlanılmışdır. İlk növbədə, qərargahın üzvləri toplaşaraq aidiyyəti üzrə bütün məsələlərin mərkəzləşdirilməsi məqsədilə müzakirələr aparmışlar. Eyni zamanda, işin təşkilini təmin etmək məqsədilə Əlaqələndirmə Qərargahı nəzdində idarələrarası mərkəz yaradılmışdır. Həmçinin bu mərkəzin nəzdində işçi qrupları yaradılmışdır. Möhtərəm cənab Prezident, qeyd etdiyiniz bütün istiqamətlər üzrə 16 işçi qrupu yaradılmışdır. İlk növbədə, əlbəttə ki, minalardan və partlamamış sursatlardan təmizləmə məsələləri ilə bağlı çox ciddi müzakirələr aparılmış və artıq müəyyən planlar tərtib olunmuşdur. Həmçinin sosial, iqtisadi, humanitar, hüquqi və digər məsələlər üzrə işçi qrupları yaradılmışdır. Ən əsas da şəhərsalma planlaşdırılması, bu çərçivədə tarixi abidələrin qorunması və bərpası məsələlərinə də ciddi yanaşmalar təklif olunur. Eyni zamanda, infrastruktur məsələləri və enerji təminatı üzrə işlər aparılır. Qeyd etmək istəyirəm ki, bu gün qərargahın nəzdində fəaliyyət göstərən işçi qruplarında 55 dövlət qurumunun 160 nümayəndəsi iştirak edir. Son bir ay ərzində gündəlik məsələlərlə və qəbul olunmuş qərarlarla yanaşı, Strateji Fəaliyyət Planının hazırlanması istiqamətində işlər aparılmışdır. Artıq bu fəaliyyət planı hazırdır. Həmin planın əsasında tədbirlər planı da hazırlanmışdır və bütün aidiyyəti qurumlarla razılaşdırılmışdır. Əlbəttə ki, bütün işçi qruplarının arasında birmənalı olaraq əlaqələr qurulmuşdur. Bütün istiqamətlər üzrə daimi olaraq gündəlik əsasda fikir mübadiləsi aparılır, bütün işlər planlı və kompleks yanaşma əsasında həyata keçirilir. Şəhərsalma planlaşdırması ilə bağlı, ilk növbədə, işğaldan azad olunmuş bütün ərazilər üzrə ümumi planın hazırlanması istiqamətində işlərə başlanılmışdır. Eyni zamanda, artıq işğaldan azad olunmuş ərazilərə yerində baxışlar keçirilir. Bir sıra şəhərlərin yerləşdirilməsi və onların planlaşdırılması ilə bağlı işlərə başlanılmışdır. Bununla yanaşı, bir sıra beynəlxalq və xarici şirkətlərlə əlaqələr qurulmuş, danışıqlara başlanılmışdır. Yerli mütəxəssislərin cəlb olunması təmin edilmişdir. Cənab Prezident, Sizin Şuşa şəhərinə göndərdiyiniz böyük qrup çərçivəsində şəhərsalma üzrə mütəxəssislər də olmuşdur və Şuşa şəhərinin baş planının hazırlanması üzərində işlərə başlanılmışdır. İlk növbədə, Şuşa şəhərinin ortofoto şəkli çəkilmiş və topoqrafiya işləri davam etdirilmişdir. Eyni zamanda, ərazilərə baxış keçirilərkən orada dəymiş ziyanın qiymətləndirilməsi məsələsinə də diqqət yetirilir. Mövcud vəziyyət dəyərləndirilir və sənədləşdirilir.

Möhtərəm cənab Prezident, həyata keçirilən işlərin davam etdirilməsi üçün artıq bütün planlar hazırdır və yaxın günlərdə Sizə təqdim olunacaq. Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Prezident İlham Əliyev: Bərpa işlərinə qədər digər vacib bir məsələ də öz həllini tapmalıdır. Bu, dəymiş ziyanın hesablanmasıdır. Artıq müvafiq göstəriş verilib və İqtisadiyyat Nazirliyi bu məsələ ilə bağlı beynəlxalq tərəfdaşlarla da təmaslar qurub. Əlbəttə ki, bütün ilkin işləri biz özümüz görməliyik. Bütün şəhərlərin, bütün kəndlərin video və foto çəkilişləri aparılmalıdır, təsdiq edilməlidir, protokollaşdırılmalıdır.

Bununla paralel olaraq, dağıdılmış və azad edilmiş bütün torpaqların peyk vasitəsilə çəkilişi aparılmalıdır. Dronlardan da istifadə etməklə hər bir şəhərin, hər bir kəndin sənədləşdirilməsi, əgər belə demək mümkündürsə, pasportlaşdırılması aparılmalıdır. Bunu biz özümüz aparmalıyıq. Xarici mütəxəssislər, beynəlxalq şirkətlər gələndə artıq bu materiallar onlara təqdim ediləcək. Əlbəttə ki, onlar özləri də sərbəst şəkildə bütün tədqiqatları aparmalıdırlar. Burada, ilk növbədə, tarixi abidələrin məhv edilməsi, dağıdılması öz əksini tapmalıdır - ictimai binaların, dövlət binalarının, müəssisələrin, - o vaxt bütün müəssisələr dövlət mülkiyyətində idi, - fərdi evlərin və çoxmənzilli binaların dağıdılması. Bütün sənədləşmə işləri aparıldıqdan sonra bu əmlakların o vaxtkı qiyməti rubl ekvivalentində çıxarılmalıdır və bunun indiki qiymətləndirilməsi aparılmalıdır. Yəni, bu işləri biz özümüz görməliyik və bu, xaricdən gələn şirkətlərin işini də bir qədər yüngülləşdirəcək. Onlar bunun əsasında müstəqil şəkildə öz hesabatlarını hazırlayacaqlar. Bu, bizə mütləq lazımdır. Çünki təzminat davasının başlanması üçün bizdə mütləq tanınmış beynəlxalq şirkətlərin rəyi olmalıdır.

Dəymiş ziyana gəldikdə, eyni zamanda, biz itirilmiş gəliri də hesablamalıyıq. Çünki bu 30 il ərzində biz bu müəssisələrdən hansı gəliri götürə bilərdik. Orada bir çox müəssisələr və bu müəssisələrin böyük potensialı var idi. Onlar dağıdılıb və biz götürə biləcəyimiz o gəliri götürməmişik. O da hesablanmalıdır. Həmçinin ekologiyamıza vurulan ziyan hesablanmalıdır. Mən bəzi rəqəmləri səsləndirəcəyəm. Qırılan meşələr. Bu meşələr elə-belə qırılmayıb. Bu meşələr qırılıb və satılıb. Qırılmış o meşələrin, ağacların bazar qiyməti hesablanmalıdır. Çünki bunlar satılıb və qanunsuz gəlir mənbəyi olubdur. Bununla paralel olaraq, bizim torpaqlarımız qanunsuz yollarla istismar edilib. İndi Ermənistan mətbuatında gedən məlumata görə, o torpaqların böyük hissəsini kriminal rejimin başçıları zəbt etmişdilər. Orada Ermənistanın keçmiş prezidentləri Koçaryan və Sarkisyanın böyük torpaq sahələri var idi. Eyni zamanda, qanunsuz rejimə rəhbərlik edənlərin böyük torpaq sahələri var idi. Onlar hər il böyük gəlir əldə edirdilər. Çünki o torpaqlar çox münbitdir və çox məhsuldardır. Eyni zamanda, örüş sahələri, otlaq sahələri. Bütün bunların qanunsuz istismarı gərək qiymətləndirilsin və biz onu pul ekvivalentinə çevirməliyik.

Əlbəttə, oradakı təbii sərvətlərin qanunsuz istismarı artıq danılmaz faktdır. Bizdə şirkətlərin adları var. Bildirməliyəm ki, əgər bizim qızıl və digər yataqlarımızı qanunsuz istismar edən bu şirkətlər təzminat ödəməsələr, bu məsələ məhkəməyə gedəcək. Əgər bu təzminatı ödəməsələr, bütün işlər gedəcək beynəlxalq məhkəmələrə və onlar orada biabır olacaqlar. Bundan sonra onların biznes fəaliyyəti demək olar ki, dayandırılacaq. Çünki başqa ölkədə təbii sərvətləri qanunsuz istismar edib, ondan gəlir qazanıb varlanan şirkətlərə, insanlara müasir dünyada yer yoxdur. Ona görə onların qarşısında məsələ qoyulub, onların qanunsuz istismar etdikləri qızılın və digər təbii sərvətlərimizin dəyəri hesablanmalıdır, dəymiş ziyan hesablanmalıdır, əldə edilmiş gəlir hesablanmalıdır və bizə qaytarılmalıdır. O təqdirdə biz beynəlxalq məhkəmələrə müraciət etməyə bilərik.

Söz düşmüşkən, azad edilmiş torpaqlarda iqtisadi sahələrin biri də dağ-mədən sahəsi olacaqdır. Bizim artıq bu sahədə də təcrübəmiz var və biz bu işlərlə də məşğul olacağıq.

Ona görə söz verilir iqtisadiyyat nazirinə. Bu məsələ ilə və digər məsələlərlə bağlı məlumat verin.

X X X

İqtisadiyyat naziri Mikayıl Cabbarov dedi:

-Təşəkkür edirəm, möhtərəm cənab Prezident.

İşğaldan azad edilmiş torpaqların bərpası və inkişafı konsepsiyası Sizin tapşırığınıza uyğun olaraq hazırlanıb. Onun hazırlanması və müzakirəsi prosesində iqtisadi şurada bütün rəylər nəzərə alınıb və aidiyyəti üzrə təqdim edilib. İşğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı istiqamətində dövlət tərəfindən həyata keçiriləcək tədbirlər və həmin rayonların iqtisadi potensialı ölkəyə, xüsusilə də qeyri-neft sektoruna yeni yerli və xarici investisiyaların cəlb olunmasına zəmin yaradacaq.

İşğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı ilə bağlı kompleks yanaşmanı təmin etmək üçün dörd mərhələdə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur. İlkin mərhələdə idarəetmə və təhlükəsizlik, infrastruktur məsələlərinin həllini, növbəti mərhələlərdə isə sosial xidmətlərin fəaliyyətini, iqtisadiyyatın yenidən qurulması və inkişafı məsələsini özündə ehtiva edir.

Tapşırığınıza uyğun olaraq, hər bir bölgəmizin təbii ehtiyatlarını, ənənəvi iqtisadiyyat sahələrini, nəqliyyat qovşaqlarını, o cümlədən yenidən bərpa olunan nəqliyyat dəhlizlərinə və Sizin göstərişinizlə artıq tikintisinə başlanılmış avtomobil və dəmir yollarına yaxınlığı nəzərə alınaraq, hər bir iqtisadi rayonun profili, ixtisaslaşması nəzərdə tutulub. Həmçinin bu işlərin görülməsi zamanı dövlət vəsaitlərinə qənaət edilməsi və investisiyaların səmərəliliyinin artırılması məqsədilə yol-nəqliyyat, kommunal infrastrukturu, ənənəvi və alternativ enerji istehsalı irriqasiya və meliorasiya sistemlərinin çəkilməsi və sair sahələr üzrə investisiya layihələrinin həyata keçirilməsində dövlət-özəl sektor tərəfdaşlığından geniş istifadə edilməsi, iqtisadi aktivliyin təşviq olunması məqsədilə işğaldan azad olunmuş ərazilərə xüsusi güzəştli iqtisadi rejimin tətbiqi təklif olunur.

Möhtərəm cənab Prezident, onu da qeyd etməliyəm ki, 2021-ci il üçün makroiqtisadi göstəricilərimiz planlaşdırılarkən məhz işğaldan azad olunmuş ərazilərdə geniş bərpa-quruculuq işləri qeyri-neft sektorumuzda və ümumiyyətlə, iqtisadiyyatımızda fəal artım drayverlərinin biri rolunu oynayır. O, məhz bununla izah olunur ki, Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının Azərbaycan iqtisadiyyatının 2021-ci il üçün proqnozlarına nisbətən (bu, oktyabr ayında olub) bizim proqnozlarımız daha nikbindir. Demək olar ki, biz artım tempini iki dəfə daha yüksək proqnozlaşdırırıq. Əgər onlar artım tempini 1,7-2 faiz arasında proqnozlaşdırırlarsa, qəbul olunmuş parametrlərə əsasən biz iqtisadi artım tempini 3,4 faiz planlaşdırırıq.

Prezident İlham Əliyev: Bax, birinci dəymiş ziyanın hesablanması. Bu sahədə dediyim kimi, biz özümüz indi hansı işləri həyata keçiririk və xarici tərəfdaşlarla bu əməkdaşlıq nə vaxtdan artıq konkret proqrama çevriləcəkdir?

Mikayıl Cabbarov: Möhtərəm cənab Prezident, Sizin göstərişinizə uyğun olaraq, bu işlərin planlaşdırılması və metodoloji nöqteyi-nəzərdən vahid əsası təşkil edilib. Məhz gələcəkdə məhkəmə təzminatlarının, məhkəmə proseslərinin aparılmasını nəzərə alaraq, biz bu işi öncədən vahid metodoloji əsasda qururuq. Paralel olaraq həm yerli qiymətləndirici şirkətlərin, dövlət müəssisələrinin burada, ilk növbədə, Əmlak Məsələləri Xidmətinin kompetensiyaları çərçivəsində, özəl sektorun cəlb edilməsi və digər aidiyyəti dövlət orqanları ilə birlikdə hər bir istiqamət üzrə bu fəaliyyətin həyata keçirilməsinə başlamışıq. Bu prosesin ilkin mərhələsində indiyə qədər keçirilmiş ayrı-ayrı qiymətləndirmələrin və tədqiqatların ümumiləşdirilməsi, təhlili və paralel olaraq ərazilərə təhlükəsiz çıxışın təmin edilməsi ilə birlikdə artıq həmin qiymətləndirilmələrin yerində aparılması həyata keçirilir.

Burada xüsusilə Siz qeyd etdiyiniz kimi, bizim dağ-mədən yataqlarının istismarında, daha doğrusu, dəyən zərərin qiymətləndirilməsində xeyli irəliləmişik. Bu fəaliyyəti artıq bir neçə ildir ki, Sizin göstərişinizə uyğun olaraq həyata keçiririk və hazırda sadəcə, dəqiqləşmə işləri aparılır. Çünki bizim həmin yataqlara artıq fiziki çıxışımız da var. Analoji olaraq dağıdılmış mülkiyyət, torpaq istismarı, istər dövlət mülkiyyəti, istərsə də özəl mülkiyyət üzrə təbii sərvətlərə dəymiş zərər kimi istiqamətlərdə fəaliyyət həyata keçirilir.

Son olaraq onu da məruzə etmək istərdim ki, qeyd etdiyiniz həmin vahid metodologiyanın tətbiqində bizə dəstək verən xarici məsləhətçilərin yanvar ayında səfəri nəzərdə tutulub. Mütəmadi olaraq diqqətinizə müvafiq məruzələri edəcəyik.

X X X

Prezident İlham Əliyev: Biz qiymətləndirmə aparmadan və eyni zamanda, dediyim kimi, xarici tərəfdaşlar, şirkətlər qiymətləndirmə aparmadan bərpa işlərinə başlaya bilmərik. Yəni, mən bərpa işləri deyəndə evlərin, şəhərlərin bərpasından söhbət açıram. Çünki indi infrastruktur layihələrinin icrasına start verilib və onların bir neçəsi artıq icradadır. Ancaq evlərin bərpasına, daha doğrusu, dağılmış o evlərin, onların yerində şəhərlərin yaradılmasına biz ancaq beynəlxalq qiymətləndirmə aparılandan sonra başlaya bilərik. Çünki əks təqdirdə, məhkəmələrdə qarşı tərəf bizi əsassız olaraq ittiham edə bilər ki, biz burada hansısa faktları saxtalaşdırırıq. Ona görə, ilk növbədə, biz özümüz bütün sənədləşməni aparmalıyıq, beynəlxalq şirkətlər gəlib bu sənədləşməni aparsınlar. Ondan sonra artıq şəhərlərin bərpası prosesinə start verə bilərik.

Eyni zamanda, şəhərlər bərpa olunarkən hesab edirəm, hər bir şəhərdə dağıdılmış yerlər qalmalıdır ki, bunu heç kim heç vaxt unutmasın. Şəhərsalma işləri aparılarkən müəyyənləşdirib, sonra mənə məruzə edin, misal üçün, Ağdam şəhərinin, Füzuli şəhərinin, digər şəhərlərin hansı hissəsi, hansı kvartalı dağıdılmış vəziyyətdə qalsın, Ermənistan işğalının açıq səma altında muzeyi kimi. Hesab edirəm ki, azad olunmuş bütün şəhərlərdə işğal muzeyləri də yaradılmalıdır. Memorial komplekslərlə, bizim Zəfərimizi əks etdirən abidələrlə bərabər, işğal muzeyləri də yaradılmalıdır. İndidən bu muzeylərin konsepsiyasını işləyin. Bu muzeylərdə Ermənistanın işğalçılıq siyasətinin ümumi mənzərəsi əks olunmalıdır. Eyni zamanda, hər bir şəhərin, hər bir rayonun öz təqdimatı orada göstərilməlidir ki, həm Azərbaycan vətəndaşları bunu heç vaxt unutmasınlar, həm də xaricdən gələn qonaqlar görsünlər biz hansı vəhşilərə qarşı müharibə aparmışıq, öz torpağımızı və Cənubi Qafqazı hansı bəladan xilas etmişik.

Digər məsələ su resursları ilə bağlıdır. Mən istərdim ki, Şahin Mustafayev məlumat versin. Bilirsiniz ki, bir müddət əvvəl su resurslarından səmərəli şəkildə istifadə etmək üçün xüsusi komissiya yaradılmışdır. Komissiya fəal işləyir və artıq bəzi nöqsanlar da üzə çıxıb, qanunsuz birləşdirmələr, suyun uçotunun olmaması, hətta bizim ən böyük su anbarımız olan Mingəçevir anbarına daxil olan və oradan çıxan suların uçotunun olmaması. Yəni, tamamilə belə xoşagəlməz mənzərə mövcud idi. Nöqsanların bir hissəsi qısa müddət ərzində aradan qaldırıldı. Eyni zamanda, qanunsuz birləşdirmələr, bəlkə də yüzlərlə qanunsuz birləşdirmə mövcud idi. Ona görə bəzi sahələrə su həddindən artıq çox verilirdi, amma bəzi sahələrə su verilmirdi. Ona görə də fermerlər, kəndlilər haqlı olaraq öz narazılıqlarını bildirirdilər ki, onlara su çatmır. Yerlərdə inzibati resurslardan istifadə olunurdu, yerli icra orqanları özlərinə yaxın olan fermerlərə suyun verilməsini təmin edirdilər, ancaq başqa fermerlər problemlərlə üzləşirdilər. Xüsusilə nəzərə alsaq ki, keçən il və 2019-cu ildə quraqlıq olub və istisna edilmir ki, quraqlıq bu il də davam etsin. Əlbəttə ki, bizim azad edilmiş torpaqlarımızda çox böyük su mənbələrimiz var və mənfur düşmən bizi bu mənbələrdən məhrum etmişdi. Bu ərazilərdə ən böyük çayımız olan Tərtər çayının mənbəyi Kəlbəcər rayonudur. Ancaq Tərtər çayının sularından biz məhrum idik. Çünki Sərsəng, Suqovuşan su anbarları ermənilərin əlində idi, suyu kəsirdilər və biz məcbur olub bu bölgələrdə yüzlərlə subartezian quyusu qazmışıq. Bunun da böyük maliyyə yükü var - həm onların qazılmasında, həm də ki, istismarında, çünki enerji sərf olunur. Biz Suqovuşan qəsəbəsini azad edəndən sonra artıq suyun axını təmin edilib, ancaq indi kanallar problemi üzə çıxıb. Çünki bu kanallar uzun illər ərzində istifadəsiz qalıb.

Bizim digər çaylarımız oradan mənbə alır və o ərazidən keçir. Həkəri çayı, Bazarçay, Oxçuçay, Xaçınçay. Onların bir çoxu Araz çayına axır və çaylar boyu orada su anbarlarının tikilməsi nəzərə alınmalıdır. Bu ilin Dövlət İnvestisiya Proqramına və azad edilmiş torpaqlarda görüləcək işlərlə bağlı proqrama bu, mütləq salınmalıdır. Hesab edirəm ki, bunların layihələndirilməsi və tikintisinə start verməliyik. Bir daha demək istəyirəm, orada onsuz da, torpaqlar çox münbitdir. Amma su veriləndən sonra məhsuldarlıq daha da artacaq və biz ərzaq təhlükəsizliyimizi böyük dərəcədə özümüz həll edəcəyik. Söz verilir Şahin Mustafayevə. Bu məsələ ilə bağlı hansı işlər görülüb və hansı işlər görüləcək?

X X X

Baş nazirin müavini Şahin Mustafayev çıxış edərək dedi:

-Təşəkkür edirəm, cənab Prezident.

Möhtərəm cənab Prezident, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə müvafiq Sərəncamınızla komissiya yaradılmışdır. Komissiya ölkə ərazisində su anbarlarında yaranmış vəziyyəti, suvarma mövsümünün başlanmasını nəzərə alaraq operativ tədbirlərin görülməsi məqsədilə fəaliyyətini intensiv formada təşkil etmiş və bütün aidiyyəti qurumların koordinasiyası təmin olunmuşdur.

Məlum olduğu kimi, əsas su anbarlarında su ehtiyatlarının həcmi ilbəil azalmış və komissiya fəaliyyətə başladığı ərəfədə suyun həcmi hətta 2019-cu ildən də aşağı olmuşdur. Belə ki, 2020-ci il aprelin 30-da ölkənin əsas su anbarlarında suyun həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,4 milyard kubmetr, sadəcə, Mingəçevir su anbarında 1 milyard kubmetr az olmuşdur. İl ərzində də ümumilikdə su anbarları, o cümlədən Mingəçevir su anbarına daxil olan suyun həcminin aşağı olmasına baxmayaraq, su ehtiyatlarının planlı və optimal istifadəsi istiqamətində görülən tədbirlər sayəsində ilin sonuna əsas su anbarlarında suyun həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 320 milyon kubmetr, o cümlədən Mingəçevirdə 240 milyon kubmetr çoxalmışdır. Suya qənaət imkanı verən əsas amillərdən biri sudan energetika məqsədləri üçün istifadənin suvarma və kommunal məqsədlər üçün istifadəyə uyğunlaşdırılmasıdır. Xüsusi əhəmiyyətə malik Mingəçevir və Ceyranbatan su anbarları üzrə suvarma, içməli su təchizatı və energetika məqsədləri üçün sudan istifadə rejimi təsdiq olunmuş, hətta Mingəçevir su anbarından sudan istifadə üzrə hər 10 gündən bir yenilənən iş rejimi tətbiq edilmişdir. Belə ki, su ehtiyatlarının azlığı səbəbindən Mingəçevir su anbarı, sadəcə, çoxillik nizamlama qabiliyyətində deyil, hətta hazırda illik tənzimlənmə qabiliyyətini də itirmişdir.

Hazırda ölkənin su ehtiyatları sahəsində gərgin vəziyyət təəssüf ki, davam edir. Əsas su anbarlarında 20,5 milyard kubmetr tutuma qarşı kəskin aşağı səviyyədə cəmi 10,5 milyard kubmetr su mövcuddur, onun da 8,6 milyard kubmetri ölü həcmdir. Bu baxımdan, qısamüddətli hədəf əsas su anbarlarında suyun həcmini əvvəlki üç illə müqayisədə daha yüksək səviyyəyə çatdırmaq, beləliklə, növbəti suvarma mövsümünə nisbətən daha yaxşı vəziyyətdə daxil olmaq, sonra isə suyun həcmini minimum 2016-cı ilin səviyyəsinə uyğunlaşdırmaqdır.

Möhtərəm Prezident, Nazirlər Kabinetinin Sərəncamı ilə su ehtiyatlarının formalaşması və istifadəsi üzrə ümumi dəyərləndirmələrin aparılmasına imkan verən su təsərrüfatı balansı tarixdə ilk dəfə təsdiq edilmiş və yeni yaradılan elektron su təsərrüfatı informasiya sisteminə inteqrasiya olunmuşdur.

Cənab Ali Baş Komandan, Sizin rəhbərliyinizlə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi bizə imkan verir ki, növbəti ilin su təsərrüfatı balansı hazırlanarkən işğaldan azad olunmuş ərazilərimiz üzrə də su ehtiyatlarını qiymətləndirək. Siz artıq qeyd etdiyiniz kimi, ölkəmiz ərazi bütövlüyünü bərpa edəndən sonra xalqımız hərtərəfli dividendlər əldə edəcək və bu baxımdan su resurslarının artırılması da bu sahələrdən biridir.

Qarabağ bölgəsi su ehtiyatları ilə zəngindir. Nəhayət uzun fasilədən sonra Qarabağın su ehtiyatlarının və bundan istifadə məsələlərinin yenidən qiymətləndirilməsi diqqət mərkəzində olacaq. Artıq qeyd etdiyiniz kimi, bir sıra çaylarımız, 12 əsas çayımız var. Bir neçəsini mən qeyd etmək istəyirəm. Tərtərçay, onun illik su axınının həcmi 577 milyon kubmetrdir. Həkəri çayı - 341 milyon kubmetr, Qarqarçay - 54 milyon kubmetr, Quruçay - 54 milyon kubmetr, Xaçınçay - 40 milyon kubmetr, Köndələnçay - 22 milyon kubmetr və digər daha kiçik çaylar.

Eyni zamanda, çaylar yağış və qar suları ilə qidalanır. Qeyd etməliyəm ki, Araz çayının ölkəmizin ərazisindən keçən hissəsinə də Azərbaycanın tam nəzarəti təmin edilmişdir və bu da bizə əlavə dividendlər gətirəcək. Bu ərazilərdə müxtəlif dövrlərdə su anbarları tikilmişdir. Bir sıra anbarların adlarını da çəkmək istərdim. Xudafərin su anbarı 1,6 milyard kubmetr su həcmindədir. Qız qalası su anbarı tikilməkdədir - 62 milyon kubmetr. Sərsəng su anbarı 565 milyon kubmetr həcmindədir. Suqovuşan su anbarı - 6 milyon kubmetr, Xaçınçay su anbarı - 23 milyon kubmetr, Köndələnçay kiçik su anbarları - 14,8 milyon kubmetrdir. Təqribi hesablamalara görə, Azərbaycan 2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə etmək imkanı əldə etmişdir. Eyni zamanda, su tələbatının daha etibarlı imkanları, yeni imkanlar yaranır və bu da su təhlükəsizliyimizin təmin olunması baxımından çox əhəmiyyətlidir.

Su ehtiyatlarından istifadədə səmərəliliyin artırılması, artan tələbata uyğun dayanıqlı su təchizatının təmin edilməsi, su təsərrüfatının idarə edilməsinin təkmilləşdirilməsi məqsədinə nail olunması üçün milli strategiya və onun həyata keçirilməsi üzrə fəaliyyət planının layihələri artıq hazırlanmışdır. Məhdud su ehtiyatlarının ədalətli, optimal və proporsional bölgüsü prinsipi əsasında 600 minə yaxın yazlıq və payızlıq əkin sahəsi üzrə bütün maraqlı tərəflərin imzaladığı suvarma qrafikləri tərtib olunmuşdur. Ötən ilin kəskin su çatışmazlığı şəraitində 1,4 milyon hektar sahədə kənd təsərrüfatı bitkiləri orta hesabla 3,2 dəfə suvarma suyu ilə təmin edilmişdir. Nəticədə pambıq, şəkər çuğunduru, qarğıdalı, tütün, kartof, tərəvəz, üzüm və sair bitkilərin istehsalı əvvəlki ilə nisbətən müəyyən qədər artmışdır. Bununla belə, son illər davam edən quraqlıqlar və su anbarlarında kifayət qədər su toplanmaması öz mənfi təsirini göstərmiş, suya tələbatın tam və ya vaxtında ödənilməməsinə, xüsusilə suya tələbkar bitkilər üzrə əkin sahələrinin azalmasına səbəb olmuşdur. Suvarma sahəsində itkilərin azaldılması məqsədilə prioritet hesab edilən suvarma kanallarının yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırmalar və layihə sənədlərinin hazırlanması istiqamətində işlər davam etdirilir. İlk növbədə, Qızılarx İmişlidə, Xanarx və Tərtərçay Sol Sahil qeyd etdiyiniz Suqovuşan su anbarından qidalanır. Bu kanalların və Qusarda yerləşən Yuxarı Zeyxur kanalının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılması və layihə sənədlərinin hazırlanması məqsədilə tenderlər artıq baş tutmuşdur. Möhtərəm Prezident, bu il artıq bu kanalların yenidən qurulmasına başlamaq zərurəti yaranır.

Su ehtiyatlarının artırılması və bu istiqamətdə dağ çaylarının sularının yığılması üzrə relyefə uyğun su anbarının yaradılması çərçivəsində texniki-iqtisadi əsaslandırmalar və layihə sənədləri hazır olan Yengicə su anbarı üzrə ekspert qiymətləndirməsinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülür. Eyni zamanda, Əlicançay su anbarı üzrə texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanması işlərinin cari ilin ikinci yarısında yekunlaşdırılması, beləliklə, su anbarının tikintisi məsələsinə baxılması nəzərdə tutulub. Cənab Prezident, beləliklə, iki anbar üzrə bu ilin ikinci yarısında müvafiq əsaslandırma təqdim olunandan sonra bu il ərzində tikinti məsələlərinə baxılması artıq reallaşır.

Ölkə üzrə su anbarlarının lillənmə səviyyəsi araşdırılmışdır və Pirsaatçay su anbarı nümunəsində anbarların lildən təmizlənməsi imkanlarına dair təkliflər hazırlanır. Ölkədə üç lillənmiş su anbarı var: Pirsaatçay, Bolqarçay və Şəki rayonu ərazisindəki su anbarları. Bunları araşdırmaq üçün lazımi qüvvələri cəlb etmişik və onların yenidən istifadə imkanları peşəkar səviyyədə araşdırılaraq təqdim olunacaq.

Neftçala şəhərinin içməli su təchizatı ilə bağlı şəhərə qədər uzunluğu 40 kilometr olan magistral su kəmərinin tikintisi başa çatdırılmış və 2020-ci ilin noyabr ayından içməli suyun verilməsi təmin edilmişdir. İkinci Bakı su kəmərinin və Oğuz-Qəbələ-Bakı su kəmərinin məhsuldarlığının artırılması ilə bağlı texniki-iqtisadi əsaslandırmalar yekunlaşdırılmış, layihələrin ətraf mühitə təsiri qiymətləndirilmiş, layihə sənədləri hazırlanaraq aidiyyəti üzrə təqdim olunmuşdur. Ötən ilin avqust ayında keçirilən monitorinqlər zamanı regionlarda quraşdırılmış 460 modul tipli sutəmizləyici qurğudan 66 qurğunun suyunun lilli olması, mənbədə suyun olmaması, dəniz suyunun Kür çayına qarışması və yaşayış məntəqələrində suya tələbatın mərkəzləşmiş şəbəkədən ödənilməsi kimi səbəblərdən fəaliyyətinin dayanması aşkar edilmişdir. Əhalinin içməli su ilə təmin olunması məqsədilə modul tipli sutəmizləyici qurğuların fəaliyyətinin yaxşılaşdırılması üçün tədbirlər planı hazırlanmışdır. Ölkənin əsas hidroqovşaqlarının texniki təhlükəsizliyinin qiymətləndirilməsi məqsədilə Nazirlər Kabinetinin sərəncamı ilə komissiyanın nəzdində Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi ilə işçi qrupu yaradılmışdır və qaldırılan məsələlərə işçi qrupu çərçivəsində baxılması nəzərdə tutulur.

Mingəçevir su anbarında Yuxarı Qarabağ kanalının baş suqəbuledici qurğusunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Fövqəladə Hallar Nazirliyinə müvafiq vəsait ayrılmış, suqəbuledici qurğuda mühəndis tədbirlərinin həyata keçirilməsinə başlanılmışdır. Antropogen təsirlər nəticəsində formalaşan sututarların suyundan istifadə məqsədilə aparılmış monitorinqlər zamanı ümumi həcmi 122 milyon kubmetr olan 43 ədəd sututar müəyyən edilmişdir. Götürülmüş su nümunələri 40 ədəd sututarın suvarma və texniki məqsədlər üçün yararlı olduğunu göstərmişdir. İmişli rayonundakı belə göllərdən istifadə məqsədilə nasos stansiyası quraşdırılmış və su Baş Muğan kanalına verilməyə başlanmışdır. Kanala ötürülən su hesabına üç rayonda - İmişli, Saatlı, Sabirabadda 5 min hektardan çox əkin sahəsinin suvarılması mümkün olmuşdur.

Suyun mənbədən götürülməsindən son istehlakçıyadək bütün mərhələlər üzrə uçotun və dəqiq qiymətləndirmənin aparılması vacib məsələ kimi qarşımızda dayanır. Hazırda aidiyyəti qurumlar tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq su və su təsərrüfatı obyektlərində nəzarətdənkənar istifadənin aradan qaldırılması, inventarlaşdırmanın aparılması, uçotun təkmilləşdirilməsi ilə bağlı tədbirlər görülür.

Möhtərəm cənab Prezident, ilk növbədə, Kür çayı boyunca və digər su hövzələrində monitorinqlər aparılmış, yüzlərlə belə nəzarətdənkənar qoşulmalar aşkarlanmışdır. Bunların böyük hissəsi aradan qaldırılır, amma bu iş davam edir və hesab edirəm ki, davamlı aparılmalıdır. İtkilərin azaldılması üçün nəzarətdənkənar, uçotdankənar istehlakın qarşısı birmənalı alınmalıdır. Əsas su və su təsərrüfatları obyektlərində aidiyyəti qurumlar tərəfindən 25 ədəd müasir ölçmə cihazı quraşdırılmışdır, əlavə 31 cihaz quraşdırılacaqdır. Cənab Prezident, Mingəçevir gölünə tökülən suya və çıxan suya artıq müasir cihazlarla nəzarət olunur, uçot müasir cihazlar vasitəsilə aparılır. Bu ayın sonunadək bizim bütün su anbarlarımızda, çaylarımızda müasir cihazların quraşdırılması başa çatdırılacaq və biz dəqiq uçota malik olacağıq. Eyni zamanda, bu cihazlar birbaşa elektron su təsərrüfat sisteminə birləşərək insan amili də aradan qaldırılacaq və biz dəqiq biləcəyik ki, harada nə qədər su axır və hansı hallarda nə qədər suyumuz var.

Möhtərəm cənab Prezident, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı görülən işlər barədə geniş hesabat hazırdır və yaxın günlərdə daha geniş formatda Sizə təqdim olunacaqdır.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Prezident İlham Əliyev: İndi bütün bu işlərin həyata keçirilməsi üçün bizim maliyyə imkanlarımız, əlbəttə ki, səfərbər olmalıdır. Bu ilin büdcəsi kifayət qədər imkanlar yaradır. Həm sosialyönümlü büdcədir, həm kifayət qədər investisiyalar üçün imkan yaradır, həm də dövlət investisiya proqramı xətti ilə, eyni zamanda, xüsusilə azad edilmiş torpaqlarda görüləcək işlərə daha da böyük dəstək vermək üçün vəsait nəzərdə tutulub. Maliyə naziri büdcənin parametrləri haqqında və maliyyə təminatı ilə əlaqədar məlumat versin, çünki burada heç bir yubanma olmamalıdır. Biz qısa müddət ərzində böyük işlər görməliyik və bu barədə məlumat verin.

Maliyyə naziri Samir Şərifov çıxış edərək dedi:

- Çox sağ olun, möhtərəm cənab Prezident.

Hörmətli müşavirə iştirakçıları.

Yola saldığımız 2020-ci il Azərbaycan dövləti və xalqı üçün ən yaddaqalan və şanlı dövr kimi tarixə yazılır. Möhtərəm cənab Prezident, son 17 il ərzində Sizin rəhbərliyinizlə ölkədə həyata keçirilmiş iqtisadi və hərbi potensialın artırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və beynəlxalq müstəvidə mövqelərimizin möhkəmləndirilməsi istiqamətində məqsədyönlü siyasət, dövlət və ordu quruculuğu və 44 gün davam edən Vətən müharibəsində işğalçı Ermənistan üzərində parlaq qələbə qazanılmasını, işğal altındakı tarixi torpaqlarımızın azad olunmasını təmin etmişdir. Sizin maliyyə orqanları və hökumət qarşısında qoyduğunuz əsas, ən ümdə vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərin tezliklə bərpa edilməsi üzrə işlərin həyata keçirilməsi, həmin regionda müvafiq infrastrukturların yaradılması və bununla əlaqədar müvafiq maliyyə vəsaitlərinin təmin edilməsidir. Bununla əlaqədar Sizin tapşırığınıza əsasən, 2021-ci ilin təsdiq olunmuş dövlət büdcəsində məqsədli olaraq bərpa, yenidənqurma işlərinin aparılması, eyni zamanda, həmin regionun Azərbaycan iqtisadiyyatına reinteqrasiyasının təmin edilməsi üçün 2,2 milyard manat vəsait nəzərdə tutulub.

Eyni zamanda, Sizin qarşımızda qoyduğunuz digər vacib məsələ Azərbaycan Ordusunun təchizatı, Azərbaycan sərhədlərinin bərpa edilməsi üzrə işlərin maliyyələşdirilməsinin təmin olunmasıdır. Bu vəzifələrin həyata keçirilməsi üçün də dövlət büdcəsində müvafiq vəsaitlər nəzərdə tutulub. Qeyd etmək istərdim ki, ümumilikdə 4,6 milyard manat maliyyə təminatı yaradılıb. Bununla əlaqədar nəzərə alınmamış digər tədbirlərin həyata keçirilməsi üçün müəyyən ehtiyat vəsaitlər də nəzərdə tutulub. Onu da bildirmək istərdim ki, bu vəsaitlərin ayrılması ilə yanaşı, dövlət büdcəsi ilə ölkəmizin ənənəvi dövlət vəzifələrinin, nəzərdə tutulmuş bütün sosial proqramların həyata keçirilməsi və bir sıra təşəbbüslərin icra olunması da nəzərdə tutulub. O cümlədən Sizin tapşırığınız əsasında təhsil kreditlərinin verilməsi üzrə xüsusi bir mexanizmin hazırlanması üçün müəyyən maliyyə təminatı nəzərdə tutulur ki, müvafiq qərar qəbul edildikdən sonra bu mexanizm işə salına bilər.

Digər tərəfdən, onu da nəzərə almaq lazımdır ki, 2020-ci il ölkə iqtisadiyyatı üçün sosial-iqtisadi cəhətdən kifayət qədər mürəkkəb bir il olmuşdur. Bu da bütün dünyada baş vermiş proseslərdən irəli gələn məsələdir. Çünki ölkəmiz xarici mənşəli şoklara məruz qalıb. Bu, əsasən, qlobal koronavirus pandemiyası və onun ölkə iqtisadiyyatı üçün yaratdığı mənfi fəsadlardır. Həmin mənfi təsirlərin azaldılması üçün ötən il xüsusi olaraq vəsaitlər ayrılmışdır. 2021-ci ildə də ayrılmış həmin vəsaitlər, eyni zamanda, dövlət büdcəsindən, əlavə olaraq müəyyən dövlət fondlarından, digər büdcədənkənar imkanlardan, özəl sektordan və maliyyə-bank sektorundan vəsaitlərin səfərbər edilməsi proqramı həyata keçirilmişdir. Həmin proqramın 2021-ci ildə də icra olunması üçün vəsaitlər nəzərdə tutulub. O cümlədən sahibkarlara güzəştli əsaslarla kreditlərin ayrılması üçün müəyyən dövlət zəmanətlərinin verilməsi, eyni zamanda, həmin zəmanətli kreditlərin faiz dərəcələrinin subsidiyalaşdırılması üçün vəsaitlər nəzərdə tutulmuşdur. Bununla yanaşı, ənənəvi olaraq ipoteka proqramlarının həyata keçirilməsi üçün də dövlət büdcəsində vəsaitlər nəzərdə tutulub. Bu vəsaitlər, eyni zamanda, Azərbaycanda sosial mənzillərin tikintisi məsələlərini də əhatə edəcək. Bu məqsədlər üçün növbəti ilin büdcəsindən 152 milyon manat vəsait nəzərdə tutulub.

Hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Sizin müvafiq Fərmanınızın icrası olaraq son illər ərzində vəsaitlər ayrılır və bu il də bu məqsədlərə 35 milyon manat vəsait ayrılıb. Digər tərəfdən, bəzi dövlət şirkətlərinin əhaliyə göstərdiyi xidmətlərin subsidiyalaşdırılmış qiymətlərlə həyata keçirilməsini nəzərə almaqla dövlət tərəfindən həmin şirkətlərə müəyyən subsidiyaların verilməsi nəzərdə tutulur.

Onu da demək istərdim ki, yerli gəlirlərlə xərclər arasında da müsbət dəyişikliklər müşahidə olunmaqdadır. Artıq ölkəmizin 42 şəhəri və rayonu öz gəlirləri hesabına öz xərclərini təmin etmək iqtidarındadır. Yerdə qalan rayonların xərcləri ilə gəlirləri arasında kəsirin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən dotasiyaların verilməsi davam etdiriləcək.

Xüsusi olaraq qeyd etmək istərdim ki, kənd təsərrüfatı sahəsində proqramlara vəsaitin ayrılması davam etdirilir. Bu məqsədlə növbəti ilin büdcəsində də 460 milyon manatdan çox vəsaitin ayrılması həyata keçiriləcək. Bu vəsait hesabına həm fermerlərə müəyyən subsidiyaların verilməsi, o cümlədən ərzaq, əkin sahəsi üzrə və son zamanlar digər yeni subsidiyalaşdırma mexanizmlərinin maliyyələşdirilməsi üçün vəsait ayrılması nəzərdə tutulub.

Möhtərəm cənab Prezident, 2021-ci il ölkə iqtisadiyyatı üçün olduqca məsuliyyətli bir il olacaq. Hesab edirik ki, ötən il pandemiyaya qarşı mübarizə tədbirləri həm səhiyyə sahəsində, həm də sosial-iqtisadi sahədə uğurla həyata keçirilmiş və prinsip etibarilə onun kəskin fəsadları aradan qaldırılmışdır. Artıq dünyada, o cümlədən ölkəmizdə də optimizm artmaqdadır. Sizin tapşırıqlarınızın icrası olaraq peyvəndin əldə edilməsi, sözsüz ki, ölkəmizin sosial-iqtisadi inkişafına müsbət təsirini göstərəcəkdir. Bununla bağlı dövlət büdcəsində nəzərdə tutulmuş müvafiq vəsaitlər də inkişafı təmin etmək üçün öz rolunu oynayacaq.

https://president.az/articles/49933

 

Arxiv üzrə axtarış