2020-10-12

Virtual 71-ci Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində İlham Əliyevin videomüraciəti təqdim olunub

Oktyabrın 12-də “Kiber Kosmos buraxılışı” mövzusunda virtual 71-ci Beynəlxalq Astronavtika Konqresi keçirilib.

Konqresin açılış mərasimində Prezident İlham Əliyevin videomüraciəti təqdim olunub.

Beynəlxalq Astronavtika Federasiyasının prezidenti xanım Paskal Erenfroynd: Gələcəyə baxaraq, gəlin 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək Azərbaycana, Bakıya bağlanaq. Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə söz verməkdən şərəf hissi duyuram.

Azərbaycan Prezidenti İlham Əliyev: Hörmətli xanımlar və cənablar, mən sizi Azərbaycanın paytaxtı Bakıdan səmimi qəlbdən salamlayıram. Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək. İlk növbədə, mən bizim namizədliyimizi dəstəklədiyinə görə Beynəlxalq Astronavtika Federasiyasının üzvlərinə, Bürosuna və komitələrinə minnətdarlığımı bildirmək istərdim. Azərbaycan bir dəfə - 1973-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edib. Beləliklə, 50 ildən sonra - 2023-cü ildə paytaxtımızda ikinci konqresə ev sahibliyi etməyimiz rəmzi məna kəsb edəcək. Lakin həmin vaxt Azərbaycan müstəqil deyildi. Azərbaycan Sovet İttifaqının tərkibində idi, Sovet İttifaqının 15 respublikasından biri idi. 1973-cü ildə Azərbaycanın konqresə ev sahibi seçilməsi xalqımızın və Azərbaycanın yüksək intellektual və texniki potensialını nümayiş etdirdi. Üç ildən sonra biz sizi Bakıda görəcəyik. Əlli ildən sonra Konqresin bizim şəhərimizə - lakin indi müstəqil Azərbaycanın paytaxtına qayıtması çox rəmzi məna kəsb edəcək.

Müstəqillik dövründə Azərbaycan möhtəşəm inkişafa nail olub. Azərbaycan beynəlxalq arenada fəal ölkələrdən biridir. Bu gün Azərbaycan Birləşmiş Millətlər Təşkilatından sonra ikinci beynəlxalq qurum olan Qoşulmama Hərəkatına sədrlik edir. Bizim iqtisadi göstəricilərimiz statistikada öz əksini tapıb. Son 17 ildə ümumi daxili məhsulumuz üç dəfə artıb, yoxsulluq səviyyəsi demək olar ki, 50 faizdən 5 faizə düşüb, xarici borcumuz ümumi daxili məhsulumuzun təxminən 20 faizi həcmindədir və ehtiyatlarımız xarici borcdan 6 dəfə çoxdur.

Hazırda təbii ehtiyatlarımız inkişafımıza xidmət edir və təbii ehtiyatlarımızın insan kapitalına çevrilməsi bizim əsas prioritetlərimizdən biridir.

Bu gün Azərbaycan kosmik klubun üzvüdür və Azərbaycan 3 peyki ilə bu istiqamətdə öz fəaliyyətini davam etdirməyi planlaşdırır. Mən əminəm ki, 2023-cü ildə paytaxtımızda keçiriləcək Konqres ölkəmizdə kosmik sənayenin inkişafına əlavə stimul verəcək.

Sizə uğurlar arzu edirəm və 2023-cü ildə Bakıda görüşərik. Təşəkkür edirəm.

Xanım Paskal Erenfroynd: Cənab Prezident, bu ilhamlandırıcı çıxışınız üçün çox sağ olun. 2023-cü ildə Bakıya gəlməyi səbirsizliklə gözləyirik.

Qeyd edək ki, Azərbaycanda kosmik sənayenin inkişafının təməlini ulu öndər Heydər Əliyev qoyub. 1973-cü ildə Beynəlxalq Astronavtika Konqresinin ölkəmizdə keçirilməsi bunun bariz nümunəsidir. Bu tədbir xalqımızın yüksək intellektual potensialı ilə yanaşı, texniki potensialını da bütün dünyaya nümayiş etdirib. Ulu Öndərin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə elm, texnologiya, İKT, o cümlədən kosmik sənayenin inkişaf etdirilməsi istiqamətində son illərdə çox mühüm işlər görülüb. Kosmik proqramların hazırlanması və reallaşdırılması müstəqillik tariximizin ən böyük uğurlarından biri kimi tarixə düşüb. Son 5 ildə ölkəmizin orbitdə 3 peykə sahib olması Azərbaycanı dünya kosmik klubunun fəal üzvünə çevirib. Bununla da Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində aparıcı ölkələrdən biri olduğunu təsdiqləyıb. 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, həm də ölkəmizin İKT sahəsində son illərdə əldə etdiyi böyük uğurlarla bağlıdır.

Beynəlxalq Astronavtika Konqresi 1950-ci ildən hər il fasiləsiz təşkil edilir. Bu il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunması planlaşdırılan 71-ci Beynəlxalq Astronavtika Konqresi COVID-19 pandemiyası səbəbindən Beynəlxalq Astronavtika Federasiyası tərəfindən növbəti ilə keçirilib. Lakin tədbirin davamlılığının təmin edilməsi məqsədilə 71 ölkəni təmsil edən 407 təşkilatın üzv olduğu Federasiya builki Konqresi oktyabrın 12-14-də virtual formatda keçirir. Bu Konqres kosmik sahədə aparıcı agentliklərin, elm mərkəzlərinin və beynəlxalq təşkilatların rəhbərləri, məşhur alimlər, özəl sektordan olan yüksək səviyyəli peşəkarlar, gənc tədqiqatçılar və tələbələr də daxil olmaqla, dünyanın 70-ə yaxın ölkəsindən ümumilikdə 6 mindən çox mütəxəssisi bir araya toplayan qlobal platformadır.

Arxiv üzrə axtarış